Məlum olduğu kimi, saytlar və sosial şəbəkələr də daxil olmaqla, informasiya resurslarında cəmiyyətə açıq şəkildə hörmətsizlik xarakteri daşıyan hərəkətlərin nümayiş etdirilməsi qanunvericiliklə qadağan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təsdiqlədiyi dəyişikliklərə əsasən, ictimai məkanda və rəqəmsal platformalarda kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən davranışların yayılmasına yol verilmir.
Onu da qeyd edək ki, sözügedən dəyişikliklərdə açıq şəkildə qeyd olunur ki, əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunu xatırladan və ya belə təəssürat yaradan jestlərin edilməsi, eləcə də bədənin müəyyən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatların yayılması qadağandır.
Məsələ ilə bağlı Əməkdar artist, skripka ifaçısı Səlim Abbasov Musavat.com-a danışıb:
- Əslində, bu qanun çoxdan olmalı idi və mən cənab Prezidentin bu qərarını tam şəkildə dəstəkləyirəm. Çünki uzun müddətdir ki, sosial şəbəkələrdə insanlar bir-birini təhqir edir, bir-birinə qarşı söyüş və alçaldıcı ifadələr işlədirlər. Bu isə qətiyyən yolverilməzdir. İnsan tənqid oluna bilər, amma təhqir edilə bilməz. Məsələn, demək olar ki, “filan mahnı sənə yaraşmadı”, yaxud “düzgün geyim seçməmisən” və sair. Bu, tənqiddir və normaldır. Amma söyüş, aşağılama, şəxsiyyətə yönəlmiş hücumlar qəbuledilməzdir.
Biz sənət adamları da hər zaman çalışırıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Lakin səssiz insan yoxdur. Sosial şəbəkələrdə təhqirlə qarşılaşmayan adam varmı?
- Bəs siz təhqir, söyüşlə qarşılaşmısınızmı?
- Sizcə, elə bir insan tapmaq olarmı ki, sosial şəbəkələrdə təhqirə məruz qalmasın? Açıq deyim ki, biz sənət adamları artıq bunu müəyyən mənada “norma” kimi qəbul etməyə məcbur olmuşuq. Kompüter arxasında oturan “şirlər” var ki, klaviatura arxasında əyləşib yalnız kimlərisə təhqir etməklə məşğul olurlar.
Xeyli vaxt əvvəl baş vermiş hadisəni xatırlayıram. Bir dəfə canlı yayım zamanı ünvanıma da olmasa söyüşlər yazılmışdı. Dostlardan xahiş etdim, həmin şəxsi tapsınlar. Məlum oldu ki, bu işi görən kiçik yaşlı uşaqdır. Uşağın anası da mənə müraciət etdi, üzr istədi. Mən də bildirdim ki, belə olmaz. Sosial şəbəkələri və saytları yalnız böyüklər yox, uşaqlar da izləyə bilirlər. Ona görə də hər kəs məsuliyyətli davranmalıdır. Bir daha vurğulayıram: təhqir olmaz, tənqid olar.
Hesab edirəm ki, sosial şəbəkələrdə pis davranışlar nümayiş etdirməkdənsə, qəhrəmanlarımız, idmançılarımız, sənətçilərimiz haqqında pozitiv paylaşımlar etmək daha düzgün və faydalıdır. Məncə, bu cəmiyyət üçün daha sağlam yanaşmadır.
-Yəqin ki, bilirsiniz, hazırda müğənnilərin geyimləri də müzakirə olunur. Qanuna əsasən bədənin müəyyən hissələrinin insan əxlaq normalarına zidd formada nümayiş etdirilməsi də qadağandır.
-Hesab edirəm ki, insanın əxlaqı geyimlə ölçülmür. Yəni, məsələn, cins, cırıq şalvar geyinibsə, o deməkdir ki, həmin şəxs əxlaqsız, avara adamdır? Əlbəttə ki, xeyr. Əsas insanın daxilidir.
O ki qaldı “TikTok” səhfələrində açıq-saçıq geyimlərdə, əxlaqa zid formada paylaşılan videolara, bəziləri deyir ki, bu cür hərəkətlər yolverilməzdir, çünki uşaqlar da həmin sosial şəbəkələrə daxil olurlar. Digər bir qisim isə “uşaqlar niyə ora girib baxır?” sualını ortaya qoyur. Amma ümumilikdə onu deyə bilərəm ki, öz sənətimlə bağlı paylaşımlar edəndə “TikTok”-da istər-istəməz qarşıma həmin tip videolar çıxır. Bu, platformanın reallığıdır.
Ümumiyyətlə, uşaqlıqdan heç vaxt söyüş söyməyi sevməmişəm. Rəhmətlik anam da həmişə deyərdi ki, söyüş söymək acizliyin əlamətidir. İnsan fikrini normal, mədəni şəkildə də ifadə edə bilər. Mən də bu prinsiplə yaşamışam və bu gün də eyni mövqedəyəm”.
Xalidə Gəray
Musavat.com






