İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müəllim prinsipial və obyektiv olmalıdır”

1502 28.12.2022 12:27 Media A A

Təhsil müəssisələri üçün nümunəvi Etik Davranış Standartları müzakirələri...

Təhsil Nazirliyi təlim-tərbiyə və təhsil prosesinin bütün iştirakçılarının (müəllimlər, tələbələr, şagirdlər və s.) öz təhsil və peşələrini yüksək dəyərlərə və prinsiplərə arxalanaraq davam etdirmələri üçün təlim-tərbiyə və təhsil müəssisələri üçün nümunəvi Etik Davranış Standartlarını elan edib. Tövsiyə olunan 7 etik davranış standartında qeyd olunur:

Hər kəs, yəni bütün təhsil müəssisələrinin rəhbərləri və işçiləri, valideynlər, müəllimlər, şagirdlər, tələbələr də daxil olmaqla, təlim-tərbiyə prosesinin bütün iştirakçıları qanuna tabe olmalı, onun aliliyinə hörmət etməlidir.

Müəllimlər öz davranışları ilə şagird və tələbələr üçün nümunə olmalı, onlara göstərilən etimadı doğrultmalıdırlar. Əks halda, arzuolunmaz əməllərə sövq edən müəllimlər intizam məsuliyyətinə cəlb olunacaqlar.

III. Şagird və tələbələr tədris proqramlarını tam mənimsəyir və buna görə məsuliyyət daşıyırlar. İmtahanlar və ya digər akademik tapşırıqlar zamanı köçürmə və digər müvafiq qaydaların tələblərini pozan tələbə və şagirdlər cəzalandırılırlar.

Hər bir şəxs, o cümlədən kişi və qadınlar, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagird və tələbələr - bir-birlərinə hörmət etməlidirlər. Heç kim digər şəxsi təhsil almaqdan və ya təhsildən digər formada bəhrələnməkdən məhrum və ya buna maneçilik edə bilməz. Həmçinin cinsi zorakılıq da daxil olmaqla bütün növ zorakılıqlar, etnik və dini ayrı- seçkilik və təhqirlər qadağan olunan əməllər sayılır. Bu əməlləri törətmiş şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Təhsil almaq azadlığı. Heç kəs müəllim, şagird və tələbələrin, təhsil prosesinin digər iştirakçılarının elmi və yaradıcılıq fəaliyyətlərinin qarşısını ala və ya bu fəaliyyətlərinə görə onları cəzalandıra bilməz.

Heç kəs şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə etməməli, əks halda, mütləq cəzalandırılmalıdır.

VII. Heç kim rüşvət alıb, rüşvət verməməlidir. Rüşvət istəyən müəllim və rüşvət verən tələbə və ya şagird cinayət əməlinin iştirakçısı hesab olunur.

Bəs ekspertlər təhsildəki bu proqramı necə dəyərləndirir?

Kamran Əsədov: 4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları"nda deyilir: “Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını  və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir”.

Hesab edirəm ki, müəllim, hər şeydən əvvəl, mənəvi cəhətdən yetkin insan olmalıdır. Bu fikirlə razılaşmayan adam tapılmaz. Belə ki, pedaqoji prosesdə mənəvi münasibətlərin məzmunu cəmiyyətdə hökm sürən əxlaq qaydalarından, həm də onların müəllim şəxsiyyətində öz əksini tapan etik-mədəni davranış normalarından çox asılıdır. Müəllimin bilik səviyyəsi, erudisiyası nə qədər zəngin və mükəmməl texnologiya ilə əhatələnsə də onun fəaliyyət manerasında ən munis keyfiyyətlər sistemi olan müəllimin sənət, peşə etikası, konkret pedaqoji proses təcrübəsində və ondan kənar yerlərdə təzahür edən etik davranış ustalığı ilə bağlı cəhətlər də önəmlidir. Pedaqoji etika-pedaqoji proses zamanı şagirdlərlə (tələbələrlə) ünsiyyətdə, davranış və rəftarda əxlaq normalarına, pedaqoji mərifət və takta müəllimin (tərbiyəçinin) riayət etməsi, oğlan və qızlara, ətrafdakı digər şəxslərə yanaşma mədəniyyəti başa düşülür. Odur ki, “Müəllimlərin etik davranış qaydaları” bütün zaman kəsiyində pedaqoji proses təcrübəsi üçün stimulverici vəsilə olub, müəllimin vicdan, ədalət  barometrinə çevrilib.

Ekspert deyib ki, özünə, şagird və tələbələrinə hörmət edən, pedaqoji etika çərçivəsində onlarla davranan, əxlaqi-mənəvi normalara daim sadiq qalan ustad müəllim bu gün ətrafda baş verən sosial-iqtisadi, mənəvi-siyasi hadisələrə də biganə qala bilməz: “O, müntəzəm olaraq peşə və sənət ülviyyətindəki gözəlliyi dərk edib, bu adın şərəf və ləyaqətini yüksək, humanist qayələr, mədəni vərdişlərə qovuşmaq səyi ilə birləşdirməyə də qadir olmalıdır. O, ardıcıl olaraq müəllimlərin etik davranışını səciyyələndirən radio və televiziya verilişlərinə imkan daxilində qulaq asmalı, bu səpkidə qəzet və jurnal materialları ilə tanış olmalı, kitablar oxumalı, yeri gəldikcə şagirdlərini (tələbələrini) də tanış etməli, onların yanında üzüağ olmalıdır. Bunsuz müəllimin etik davranış qaydaları səmərəsiz olar, pedaqoji fəaliyyət zamanı onun ustad müəllim keyfiyyətinə xələl gələr. Odur ki, müəllim peşə fəaliyyətində daha mükəmməl və əzəli olan etik davranış prinsiplərini daim uca tutmaqla, bu yolda müasir və orijinal təsirə malik tələblər sisteminə ciddi məhəl qoymalı, etik dəyərlər paradiqmasının aliliyini, vicdanlılığını, peşəkarlıq və fərdi məsuliyyətini, loyallıq səviyyəsini, mədəni davranış etiketlərini, qərəzsizlik missiyasını, gender bərabərliyini, ictimai etimad münasibətliliyini, konfidensiallıq şüurluluğunu göstərməlidir”.

K.Əsədov dedi ki, pedaqoji münasibətlər çərçivəsində müəllimlərin etik davranış qaydalarını təkmilləşdirməyə imkan verən bu ümumi müddəalardan çıxan məntiqi nəticə odur ki, müəllimin etik davranış prinsipləri bunların ana xəttini təşkil edir: “Pedaqoji proses mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsi həmin prinsiplərdən çox asılıdır. Bütün bunları müasir tələblər səviyyəsində yetərincə reallaşdırmaq üçün müəllimlərin qarşısında bir sıra didaktik tələblər qoyulur. Həmin tələblər aşağıdakılardır:

- Müəllimlərin etik davranış qaydaları ümumxalq və ümumdövlət səviyyəsindən dəyərləndirilməli, onun sosial-mədəni amillərə təsir imkanı nümunəvi hərəkətlərə çıraq tutmalıdır;

- Müəllim həssas və qayğıkeş olmalıdır. Müsbət iradi-mənəvi keyfiyyətlərə, pedaqoji etikaya düzgün əməl olunması insan hisslərinə ədalətli və obyektiv təsir edilməsi nəticəsində formalaşdırılmalıdır;

- Müəllim nəzakətli olmalıdır. Nəzakətlilik  etik davranış mədəniyyətinin  ən zəruri keyfiyyətidir. Nəzakət qaydaları ilə davranış etiketlərini tənzimləməyi bacarmaq hər bir müəllimin el-oba, çalışdığı kollektiv, ictimai münasibətlər məkanında da öz şərəf və ləyaqətlilik səviyyəsini yüksəldir, peşə etikasını həyatının vacib məqsədlərinə çevirir;

- Müəllim prinsipial və obyektiv olmalıdır. Yəni onun etik səciyyə daşıyan münasibətlər səviyyəsi ağıllı tələb əsasında qurulmalıdır. Öz həmkarları arasında mehriban və səmimi münasibətlərin yaranmasında peşəkarlıq nümunəsi göstərən müəllim söz və əməl birliyində də cəsarətlilik mücəssəməsi göstərməli, bütün fəaliyyət və hərəkətlərinə ictimai davranış normaları baxımından hüquqi qiymət verməyi də bacarmalıdır".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq Elmi-kütləvi, mədəni-maarif, təhsil peoqramlarının hazırlanması mövzusunda hazırlanıb.

Xalidə GƏRAY
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR