Musavat.com xəbər verir ki, Moskvadan olan iki qardaş Rusiyanın dörd regionunda stomatoloji klinikalar açaraq vətəndaşlara lazımsız və bahalı tibbi xidmətlər sırımaqla məşğul olublar.
Araşdırmalar zamanı bəlli olub ki, bəzi hallarda pasiyentlərin tam sağlam dişləri belə əsassız şəkildə çıxarılıb.
Cinayət sxemi İjevsk, Moskva, Barnaul və Naberejnıye Çelnı şəhərlərində həyata keçirilib. Məlumata görə, insanlar pulsuz konsultasiya vədləri ilə klinikalara cəlb edilib, daha sonra isə onlara guya zəruri olan, əslində isə heç bir tibbi əsas daşımayan bahalı müalicələr təklif olunub.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində şübhəlilər saxlanılıb. Onlardan 12 milyon rubldan artıq pul vəsaiti, bir neçə avtomobil və mühüm sənədlər müsadirə edilib.
Hazırda faktla bağlı istintaq davam etdirilir.
Musavat.com






