İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Bakıya “15-ci maddə” təhlükəsi - bu gün Putin Paşinyana o “sözü” deyəcəkmi?

2858 25.05.2023 09:39 Siyasət A A

Azərbaycan və Ermənistana yeni sülh sənədi təqdim edilə bilər - gözlənti; Kreml “status” şərtini təzələyir; ən yaxşı təzə - unudulmuş köhnə - amma sülh üçün də bu keçərlimi?

Bu gün - mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçlü formatda görüş gözlənilir. Görüş Avrasiya İqtisadi Birliyinin Forumu çərçivəsində nəzərdə tutulur.

Üç ölkənin rəhbərləri - Prezident İlham Əliyev, Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan sonuncu dəfə ötən il oktyabrın 31-də Soçidə bir araya gəliblər. O vaxt müzakirələrin yekunu olaraq birgə bəyannamə qəbul edilmişdi. Lakin 31 oktyabr üçtərəfli Soçi bəyannaməsi də faktiki 26 noyabr 2021 Soçi, 11 yanvar 2021-ci il Moskva və 10 noyabr 2020-ci il üçtərəfli analoji sənədlərinin taleyini yaşadı.

İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin birgə bəyanatı -  26.11.2021, Sputnik Azərbaycan

Yəni həmin sənədlərdəki bir çox bəndlər, ilk növbədə də Ermənistana və Rusiyaya aid öhdəliklər kağız üzərində qaldı. Əks halda və məntiqlə həmin bəyannamələr Rusiyanın iştirakı ilə konkret sülh müqaviləsinin imzalanmasına gətirməli idi.

Bu, baş vermədi. Bəlli oldu ki, Rusiya Azərbaycan və Ermənistan arasında ya dayanıqlı sülhə gətirəcək sülh sazişinin imzalanmasında maraqlı deyil, ya da belə bir anlaşmanı yalnız öz maraqları çərçivəsində mümkün sayır. Təsadüfi deyil ki, rəsmi Moskva 44 günlük müharibədən sonra cəmi bir dəfə sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib, o da keçən ilin avqustunda.

O zaman Kremlin tərəflərə təklif elədiyi sülh anlaşması variantında artıq mövcud olmayan Dağlıq Qarabağın “statusu”nun gələcək nəsillərə saxlanması nəzərdə tutulurdu (bənd 15). Əlbəttə ki, hədəf Qarabağdakı Rusiya sülhməramlı qüvvələrə Bakıdan qeyri-müəyyən müddətədək legitimlik almaq idi. Təbii ki, İrəvan buna dərhal razılıq verdi, Bakı isə layihəni rədd elədi.

Rusiya ilə Azərbaycan Qarşılıqlı Müttəfiqlik haqqında bəyannamə imzalayacaq

Ardınca Rusiya Azərbaycanın mövqeyini yumşaltmaq üçün “status” məsələsini müqavilədən çıxardaraq sənədə ayrıca protokol şəklində əlavə eləməyi təklif eləmiş, rəsmi Bakı bunu da qəbul eləməmişdi. Sadə səbəbə: Azərbaycan üçün daha Dağlıq Qarabağ konflikti mövcud deyil, o artıq tarixdir. Yeri gəlmişkən, İlham Əliyev son Soçi görüşü zamanı (31 oktyabr 2022) bunu Putinlə görüşdə ona net şəkildə bildirdi.

Ondan sonra Rusiya yeni sülh təşəbbüsü ilə çıxış eləməyib. Ola bilsin buna həm də Ukraynadakı işğalçı müharibə əngəl olub. Ancaq bəzi siyasi təhlilçilər istisna eləmirlər ki, Rusiya bu dəfə özünün əvvəlki (avqust 2022) sülh variantını bir qədər dəyişdirilmiş formada təzədən tərəflərə təklif edə, “B planı”nı işə sala bilər - həmin üzdəniraq status məsələsini gələcəyə saxlamaq elementi ilə birgə.

Elə isə artıq danışıqları bəri başdan nəticəsiz hesab eləmək olar. Çünki Bakının prinsipial mövqeyi məlum. Rusiya regionda “erməni kartı”nı daha uzunömürlü eləmək üçün buna gedərsə, o halda Bakı qarşısında olan-qalan etimadını və barışdırıcı potensialını, sifətini və reputasiyasını geridönməz şəkildə itirə bilər.

Şübhə yox ki, bunu Kremldə də bilirlər. O zaman rəsmi Moskvanın rasional qərarı nə olacaq? Kreml qalib və haqlı Azərbaycanın beynəlxalq hüquqdan doğan tələblərini, nəhayət, ciddiyə alacaqmı? Yoxsa 25 may görüşü də 31 oktyabr, 26 noyabr (2022) və 11 yanvar (2021) rutin görüşləri kimi tarixə düşəcək? 

“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”.

Vladimir Putinin köməkçisi Dmitri Peskov - günün əsas xəbərləri və mövzu  ilə bağlı əsas hadisələr - Sputnik Azərbaycan

Bunu Vladimir Putinin sözçüsü Dmitri Peskov dünən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşü ərəfəsində deyib.

“Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada (Moskvada - red.) olacaqlar. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, - deyə o vurğulayıb.

Xeyr, zaman göstərməyəcək. Rusiya rəhbərliyinin Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasında maraqlı olmasının səmimiyyət dərəcəsi göstərəcək. Buna isə zaman gərək deyil. Heç Ukraynaya qarşı aparılan müharibə də əngəl sayılmaz. Yetər ki, Moskva beynəlxalq hüquqa və Bakının bu hüquqdan qaynaqlanan 5 məlum baza prinsipinə sayğılı olsun. Hərçənd işğalçılıqla beynəlxalq hüquqa hörmət bir araya sığmaz.

Bütün hallarda, yəni Rusiya istəsə də, istəməsə də vasitəçilik məsələsində tələsməlidir. Əks təqdirdə, təşəbbüs tamamən Qərbə - ABŞ və Avropa Birliyinə keçə bilər. Bunun baş verməməsi üçün isə Kreml tərəflərə daha ədalətli sülh variantı təklif eləməyə səy eləməlidir, nəinki tərsinə. Zəmin çoxdan hazır: Azərbaycanın 5 məlum prinsipi. Qalır, Putinin Nikol Paşinyana “get, Bakı ilə anlaş, imzala ” deməsi. Deyəcəkmi? Əlbəttə ki, son söz Ermənistan rəhbərinindir.

Nikol Paşinyan isə rusiyalı tanınmış politoloq Yevgeni Mixaylova görə, Azərbaycanla sülh imzalamaqdan qorxur. “Onun təhlükəsizlik təminatlarına ehtiyacı var. Bakı bütün platformalarda qalib gəlir. Çünki güclü diplomatiyası var, Azərbaycan münaqişənin həlli üçün öncə diplomatik yolu seçib. Sonda Paşinyan qərar verməli olacaq”, - deyə ekspert vurğulayıb.

Hansı qərarı? Bunu yəqin ki, həm də 25 may Moskva danışıqlarından  sonra biləcəyik... 

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR