İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada qurultayı yarımçıq tərk edən Albaniya lideri – Ənvər Xocanın Xruşşovu qəzəbləndirən səfəri

3912 14.05.2023 15:19 Yaxın tarix A A

 

SSRİ-də ən ali siyasi tədbir Kommunist Partiyasının qurultayı sayılıb. Şablon məruzələr, darıxdırıcı çıxışlar, pafoslu nitqlər, “sürəkli” alqışlarla yadda qalan qurultaylara ciddi hazırlıq işləri görülüb, onlarla ölkədən xarici qonaqlar dəvət olunub. Artıq bu da heç kimə sirr deyil ki, qurultayda qəbul edilən qərarlar, seçki prosedurları və digər siyasi məsələlər Kreml kabinetlərində əvvəlcədən razılaşdırılıb. Yəni bu ali siyasi tədbirdə yalnız kommunistlərin təntənə dekoru yenilənib. Amma təxminən biri-birinə bənzəyən qurultaylarda nadir hallarda maraqlı və siyasi mühiti dəyişən hadisələr də baş verib...

Yəqin ki, qurultay nümayəndələrindən kiminsə belə bir mötəbər tədbiri yarımçıq qoyub nümayişkarcasına zalı tərk etməsinin hansı səs-küyə səbəb olacağını təsəvvür etmək çətin deyil. O ki qaldı həmin nümayəndə xarici ölkələrdən birinin lideri olsun. Bu qalmaqal doğuran hadisə 1956-cı ildə, partiyanın XX qurultayında yaşanıb.

Qeyd edək ki, XX qurultay 1956-cı il  14-25 fevral tarixlərində Moskvada, Rusiya Ali Sovetinin iclas zalında keçirilib. Qurultayda 1349 nümayəndə iştirak edib. Tədbirə 55 xarici ölkənin Kommunist Partiyalarının nümayəndələri də qatılıb. Bu qurultay tarixə Stalinin şəxsiyyətinə pərəstişin və onun fəsadlarının aradan qaldırılması ilə bağlı  Nikita Xruşşovun məruzəsi ilə düşüb. Bir sözlə ifadə etsək, Xruşşov Stalinin 30 illik hakimiyyətinin üstündən qara xətt çəkilməsi üçün bütün siyasi imkanlarını səfərbər edib.

Xruşşovun “alovlu” məruzəsindən sonra Albaniya lideri Ənvər Xoca tədbir sona çatmamış, rəsmi və qeyri-rəsmi heç kimlə sağollaşmadan qurultayı tərk edib, Moskva səfərini yarımçıq qoyub. Bu isə Ənvər Xocanın SSRİ-yə, onun siyasi kursuna, ideoloji xəttinə və ən nəhayət, qurultaya arxa çevirməyinin ifadəsi olub və bu hadisədən sonra SSRİ-Albaniya münasibətlərində gərginlik hökm sürüb. Ənvər Xoca Albaniyaya qayıdan kimi, Stalinə qarşı bu xoşagəlməz münasibətə cavab olaraq öz ölkəsində Stalin ordeni təsis edib ki, bu da Kremlin növbəti qıcığına səbəb olub.

1944-cü ildən Albaniyaya rəhbərlik edən Ənvər Xoca Moskvanın dəstəyi ilə hakimiyyətə gəlib. Stalini siyasətin zirvəsi adlandıran Albaniyanın baş kommunistinin evində, bağında, iş kabinetində sovet liderinin böyük portretləri asılıb. Albaniya Kremlin tam nəzarətində olub, bu nəzarəti Ənvər Xoca böyük məmnunluqla qəbul edib. Albaniya bütün sahələr üzrə SSRİ-dən bəhrələnib. Moskva bu ölkəni ərzaqdan tutmuş texniki avadanlıqlara qədər bütün zəruri  məhsullarla təmin edib. Bu yardıma və dəstəyə görə Ənvər Xoca Stalinin qarşısında baş əyib, onu Albaniyanın xilaskarı adlandırıb.

Sözsüz ki, Xruşşovun Stalinin fəaliyyətinin üstündən xətt çəkməsini Ənvər Xoca həzm edə bilməyib. Amma Xruşşov onun Kremlə arxa çevirməsindən, SSRİ-nin təsir dairəsindən çıxacağından narahat olmayıb. Xruşşov Albaniyanın bütün sahələrdə SSRİ-dən asılı olduğunu düşünərək Ənvər Xocanın yenidən Kreml qarşısında baş əyəcəyinə şübhə etməyib.

Ənvər Xoça 1956-cı ildən sonra Çinlə əlaqələrini daha da genişləndirib. O, SSRİ-dən aldıqlarını bu ölkədən almağı planlaşdırıb. Albaniya lideri buna nail olsa da, ölkəsinin taxıl problemini həll edə bilməyib. O, bu məsələni Moskva ilə həll etməyi qərara alıb.

Xruşov Ənvər Xocanın taxıl yardımı müraciətini müsbət qarşılayıb. Amma bu “müsbət”in yanında Xocanı aşağıyalacaq bir ifadə də işlədib:

“Ənvər Xocanın taxıl müraciətinə müsbət baxırıq, problemi həll edəcik. SSRİ-dəki siçanlar anbarlarda albanlardan daha çox taxıl yeyir. Odur ki, Albaniya üçün ən böyük problem olan taxıl SSRİ üçün kiçik bir məsələdir...”

Xruşşovun təhqir dolusu bu ifadəsindən sonra Ənvər Xoca SSRİ ilə bütün əlaqələrini kəsib, hətta SSRİ-nin Albaniyadakı diplomatları da Xocanın göstərişi ilə ölkədən qovulub.

Ənvər Xoca hakimiyyətdə olduğu illərdə ölkədə diktatura rejimi hökmü sürüb. Düzdür, onun dövründə təhsil ocaqlarının sayı artıb, savadsızlığın aradan qaldırılması üçün müəyyən tədbirlər görülüb, yeni xəstəxanalar və digər müalicə müəssisələri inşa edilib, sosial sferada bir sıra islahatlar aparılıb. Amma bütün bunlarla yanaşı sıravi albanların hüquq və azadlıqları məhdudlaşdırılıb. Məsələn, albaniyalılar şəxsi avtomobilə, bağ evinə sahib olmaqdan məhrum edilib. Yerli sakinlərin öz mülklərini icarəyə vermək hüququ olmayıb. Ənvər Xoca qərb müsiqisini dinləməyi, aşırı dərəcədə kosmetikadan istifadəni, cins şalvar geyinməyi və bu kimi adi məsələləri öz vətəndaşlarına qadağan edib.

1976-cı ilə qədər Ənvər Xoca öz ölkəsində iqtisadi sabitliyi saxlaya bilib. Bu sabitlik Çinin dəstəyi sayəsində saxlanılıb. Mao Tzsedunun vəfatından sonra isə Çinin yeni rəhbərliyi Ənvər Xocanın stalinçi statusunu bir o qədər də vacib saymayıb.

Ənvər Xocanın şəxsiyyətinə pərəstiş məsələsi isə Stalindən geri qalmayıb. Albaniyanın hər addımında Xocanın mütləq hakimliyi özünü qabarıq şəkildə büruzə verib.

40 ildən artıq bir dövrdə Albaniyaya liderlik edən Ənvər Xoca bu illər ərzində Albaniyanı Stalin rejimi ilə idarə edib və onun adı tarixə sonuncu stalinçi kimi düşüb. O, 1985-ci ildə, 76 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR