İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva danışıqları ərəfəsi İrəvandan uçuşan “göyərçinlər” - 25 may görüşündən gözləntilər

1105 24.05.2023 11:08 Siyasət A A

Ekspertlər güman etmir ki, üçtərəfli görüşdə konkret nəticələr əldə olunsun, çünki...

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur.

“Vaşinqtondakı görüşdən əvvəl biz sülh müqaviləsinin mətninə düzəlişlərimizi Azərbaycana təqdim etmişdik və indi biz Azərbaycan tərəfinin düzəlişlərini alacağımızı gözləyirik”. Ermənistanın baş naziri Nikol Paşinyan görüşqabağı keçirdiyi mətbuat konfransında belə deyib. Paşinyan ümid etdiyini bildirib ki, Azərbaycanın təqdim edəcəyi düzəlişlər Vaşinqtonda əldə olunmuş razılaşmalara, qarşılıqlı anlaşmada bəyan edilən irəliləyişlərə uyğun olacaq: “Əgər Azərbaycan yaxın günlərdə bizə öz versiyasını təqdim etsə və biz görsək ki, sənəd qarşılıqlı güzəştlərə əsaslanır, növbəti görüşlərdə mümkün sülh sazişi imzalana bilər. İndiyədək hələ cavab almamışıq. Beynəlxalq qarantlara gəlincə, mən məmnunluqla qeyd etməliyəm ki, bu məsələdə də mövqelərimiz arasında müəyyən uyğunluqlar var”, - Ermənistanın hökumət başçısı bildirib.

Baş nazir qeyd edib ki, mayın 25-də Moskvada keçiriləcək görüşdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanması real deyil. Paşinyan hesab edir ki, görüşə çox az vaxt qalıb və bu səbəbdən sazişin imzalanması qeyri-realdır.

“Bakı və İrəvan Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib”. Bunu isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinq zamanı bildirib.

Nazir qeyd edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birinə xeyli ziddir. Onun sözlərinə görə, Ermənistan üçün dövlət sərhədinin delimitasiyası məsələsində dəqiqlik vacibdir.

Prezident İlham Əliyev Litvada səfərdə olarkən, sülh danışıqları haqda danışıb. “Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”, - deyə Prezident bildirib.

Göründüyü kimi, Moskva görüşü ərəfəsi İrəvandan “sülh göyərçinləri” uçuşsa da, əslində Ermənistan yenidən sülh razılaşmasını yubadır. O halda, Moskva görüşündən gözləntilərə dəyərmi?

Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də  artıb

 Azər Badamov

Deputat Azər Badamov bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının alternativi yoxdur. Onun sözlərinə görə, ABŞ-da və Moskvada  XİN-in keçirdiyi görüşlərdə ölkələrarası münasibətlərin normallaşdırılması ilə bağlı bir çox məsələlərdə razılaşmalar əldə olunub: “Bu gün həm ABŞ, həm də Rusiya Azərbaycanın dəyişilməz və ədalətli mövqeyini qəbul edib. Çünki Azərbaycan burada yeni bir şey kəşf etmir. Ermənistanla  danışıqların, sadəcə, beynəlxalq hüquq normalarına və ölkələrin suveren ərazi bütövlüyünə hörmət çərçivəsində davam etdirilməsini dəstəkləyir. Ona görə də görüşlərin keçirilməsinə təşəbbüs göstərən tərəflər Ermənistana müəyyən qədər təsir edir və beynəlxalq normalara uyğun münasibətlərin formalaşdırılmasının vacibliyini bildirirlər. 22 mayda Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və hətta anklavların qaytarılması və ya mübadilə olunması ilə bağlı məsələlərin razılaşdırılmalı olduğunu bildirdi. Həm də Qarabağın Azərbaycan ərazisi olduğunu tanıdı. Hesab edirəm ki, Ermənistan danışıqlarda konstruktiv mövqe sərgiləyərsə, sülh müqaviləsinin imzalanması prosesi sürətlənə bilər. 25 mayda keçirilməsi nəzərdə tutulan dövlət başçılarının görüşünün də mövqelərimizin yaxınlaşmasına bir impuls verəcəyini hesab edirəm. 30 il düşmən olmuş iki ölkə arasında sülh yaratmaq çətin bir prosesdir. Bunun üçün yavaş-yavaş inteqrasiya və adaptasiya prosesi getməlidir. Məsələn, Ermənistanla sərhəddə sərhəd nəzarət məntəqəmizi qurana qədər belə bir məsələni mümkünsüz hesab edirdilər. İndi isə hamı tərəfindən qəbul olunur və bu, Azərbaycanın beynəlxalq normalara görə suveren hüququ olduğunu bildirirlər. Ermənistan yaxşı başa düşür ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın müddəti 2025-ci ildə bitir. O vaxta qədər sülh müqaviləsi imzalanması baş verməzsə, ondan sonra vəziyyətin necə davam edəcəyi sual altında olacaq . Yəni 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların müddəti başa çatır. Azərbaycan artıq özünün sərhədlərinə nəzarəti təmin edib. Sülhməramlılar ərazilərimizi tərk edəndən sonra Qarabağda yaşayan ermənilərin gələcəyi mütləq şəkildə Azərbaycanla bağlı olmalıdır və bunun alternativi yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 2025-ci ilə qədər Ermənistan-Azərbaycan münasibətləri normallaşmalı, sülh müaviləsi bağlanmalı və suveren dövlətlərarası münasibətlər səviyyəsinə qalxmalıdır”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu il məsələnin həll olunmasını çox vacib hesab edir: “Rusların istəyi məlumdur, Qarabağ məsələsi ilə bağlı razılaşmalar, müzakirələr 10 noyabrda Rusiyanın iştirakı ilə imza atılan qərarlar üzərində davam etsin, hər hansı bir xarici ölkə bu məsələyə qarışmasın. Paşinyanın Moskvaya səfər edəndən sonra "Ukraynada Rusiyanın məğlubiyyəti Ermənistanın sonu deməkdir. Ermənistanın başına nələr gələcəyini təsəvvür etməyə belə qorxuram" deməsi sübut edir ki, Paşinyan da artıq Rusiya reysində getməyə razı olub. Əvvəl də Paşinyan Rusiya reysində idi. Amma o, bir neçə yerdə eyni zamanda oturmağa çalışırdı. İndi anlamağa başlayıb ki, bu arzu mümkünsüzdür. Bu səbəbdən də, Azərbaycanla münasibətlərdə, Qarabağ məsələsində, Zəngəzur məsələsində və Azərbaycanla mübahisəli digər ərazi məsələlərində Rusiyaya güvənməyi tərcih edir. Çünki regionda ona dəstək ola biləcək yeganə hərbi gücün Rusiya olduğunu görür. Paşinyan  güvəniləsi siyasətçi deyil. Ona görə biz Paşinyanın dediklərini yox, siyasi reallıqlara söykənərək, hərəkət etməyə davam etməliyik. Bu il ərzində bu məsələni həll etməyi bacarmalıyıq. Rusiya münaqişənin dondurulmuş vəziyyətdə qalmasını istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Kreml Ermənistana yenidən nəfəs almağa imkan verəcək. Bölgədəki terrorçuların, separatçıların daha çox silahlanmasına və güclənməsinə imkanlar yaradacaq. Bu isə öz növbəsində yeni “status-kvo”nun yaranmasına səbəb olacaq. Qazanan tərəf Azərbaycandır, o səbəbdən Ermənistan daha çox güzəştə getməlidir. Əks təqdirdə, dövlət başçımız tərəfindən hansısa sülh müqaviləsinin imzalanacağını düşünmürəm".

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı  ölkəmizə böyük bir gələcək vəd edir - AZƏRTAC

Tural İsmayılov

Politoloq Tural İsmayılov isə qeyd etdi ki, Moskva görüşündən gözləntilər zəifdir: “Rusiya Ermənistana praktiki təsir imkanlarını işə salmır. Güman etmirəm ki, Moskva görüşündə konkret nəticələr əldə olunsun. Çünki Azərbaycan və Ermənistan münasibətlərinin indiyə qədər həll edilməməsinin və yaxşılaşmamasının ən böyük səbəbkarlarından biri məhz Rusiyadır. Bu baxımdan, hələ də 10 noyabr 2020-ci il bəyanatının dördüncü maddəsi yerinə yetirilməyib. Hələ də rus sülhməramlılarının Xankəndi və ətraf rayonlardakı erməni, separatçı tör-töküntülərinin bölgədən uzaqlaşması ilə bağlı hansısa addım atması görülmür. Belə olan təqdirdə Moskva görüşündə hansısa konkret razılaşmaların əldə olunacağına şühbə ilə yanaşıram. Eyni zamanda Azərbaycan tərəfi sərhədlərin delimitasiyası, iki ölkə arasında sülhün tezliklə əldə edilməsi və bir çox digər məsələlərdə razılıq əldə edə bilər. Məhz Azərbaycanın mövqeyi də burada xüsusi qaldırılacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi xüsusilə sərhədlərin demarkasiya və delimitasiyası prosesi ilə bağlı daha əməli və işlək mexanizmlərin hazırlanması üçün təkid edəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR