İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi hicab məsələsində güzəştə getmədi, etirazlar daha da dərinləşir...

848 27.12.2022 12:29 Gündəm A A

İranşünasdan maraqlı analogiya: “İranda dünyəvi inqilabın qalib gəlməsinə maksimum üç ay...”

İranda molla rejiminin əleyhinə etiraz aksiyaları artıq dörd aydır ki, davam edir, amma  etirazlar hələ də səngimək bilmir. Bu dəfə də İranın Babül, Kirman, Kirmanşah, Bəndər Abbas, Tehran, İsfahan, Məşhəd, Kərəc, Qəhdərican, Qəzvin və Şuş şəhərində və bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlarda “Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!” və digər şüarlar səsləndirilib. Sosial şəbəkələrdə İranda Xameneyi və Xameneyinin şəkillərinin xalq tərəfindən zibil qutusuna atıldığını əks etdirən fotoşəkillər yayımlanıb.

Tehranın Nəvab şosesində azadlıq uğrunda inqilabın 100-cü günü münasibətilə etirazçı xalq bayraq asıb. İranın Babül (Mazandaran), Kirman (Kirman) və Şuş (Xuzistan) şəhərlərində etirazçılar “Bəsic” qüvvələrinin bazalarına Molotov kokteylləri ilə hücum ediblər. Babül şəhərində (Mazandaran) etirazçılar bütün şəhər sakinlərini etirazlara qoşulmağa çağıran şüarlarla nümayiş keçirib. Nümayişçilərin şüarı belədir: “Bu il qan ilidir, Seyid Əli (Xameneyi) devriləcəkdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!”

Qeyd edək ki, molla rejiminə qarşı davam edən nümayişlərlə bağlı  11 nəfər barəsində ölüm hökmü çıxarılıb. Hələ  15 minə yaxın etirazçının edam edilməsi gözlənilir. Parlamentdə oturan 290 millət vəkilindən 227-si bu qərarı dəstəkləyən səs verib.

Bununla belə, İran rejiminin əhalini edamla qorxutmaq jestinin özünü doğrultmadığı görünür. Çünki edamlara baxmayaraq insanlar ölkənin müxtəlif yerlərindən etirazlara qalxırlar.

VİDADİ MUSTAFAYEV: – Azərbaycan Ruznaməsi

Vidadi Mustafayev

Bizimlə söhbətdə iranşünas Vidadi Mustafayev dedi ki, İran rejimi hicab məsələsində güzəştə getmədi: “İranın baş prokuroru hicaba dövlətin münasibəti  haqqında suala cavab verərkən deyib ki, hicab ilahi və şəriət, həmçinin İran qanunu ilə məcburidir və əməl edilməlidir. Müsəlman qadın ilahi və şəriət qanunlarının, qeyri-müsəlman qadın isə İran qanununun tələbinə uyğun olaraq  hicaba əməl etməlidir. Qanunlara əməl etməyənlərə qarşı müvafiq  orqanlar lazımi tədbirlər görəcək”.

Ekspert əlavə edib ki, İranda dünyəvi inqilabın qalib gəlməsinə maksimum üç ay, on yeddi gün qalır: “Artıq İranda dünyəvi inqilabın 4-cü ayıdır. Özünəməxsus  formaya  malik olan etirazların davam etməsi həmin hərəkatı 1978-1979-cu illər antimonarxist  inqilabı ilə müqayisə etməyə imkan verir. Sonradan dini, İslam inqilabı adlandırılan 1978-1979-cu illər antimonarxist inqilab 13 ay 3 gün davam edib. İslam inqilabı tarixçiləri inqilabın 8 yanvar 1978-ci il tarixində başlandığını iddia edirlər. Belə ki,  7 yanvar 1978-ci il tarixində "Ittilaat" qəzetində radikal sol (marksist-leninist) və radikal sağ (dini) qüvvələrə, üstüörtülü şəkildə isə Xameneyiyə qarşı  “Qırmızı və qara irtica” adlı məqalə dərc edilib. Qum şəhərində ruhanilər və tüllablar məqalənin hədəfinin nədən ibarət olduğunu başa düşərək, yanvarın 8-də etiraz aksiyası keçirib və hakimiyyət tərəfindən zorakılıqla yatırılıb, yaralanan və həlak olanlar olub. Deməli, o zaman inqilab hakimiyyətin nəticəsini görə bilmədiyi bir məqaləsindən başlanıb və 13 ay 3 gündən sonra (11 fevral 1979) qalib gəlib.

16 sentyabr 2022-ci il tarixində isə inqilab nə az, nə çox, bir xanım vətəndaşın hicaba düzgün əməl etmədiyinə görə hakimiyyət tərəfindən öldürülməsi nəticəsində başlanıb. Fərqi görməmək olmaz. Bir məqalə hara, gənc bir xanımın öldürülməsi hara. Onda da hakimiyyət əvvəlcə etirazları ciddi qəbul etməyərək, öz hərbi-polis gücünə arxalanaraq etirazçılara qarşı repressiyalar həyata keçirirdi. İndi də hakimiyyət daha böyük cinayət işlətsə də, etirazlara ciddi əhəmiyyət verməyib etirazçılara  qarşı repressiyalara əl atdı".

V.Mustafayev qeyd edib ki, 1978-79-cu illər inqilabı başlayanda nə məqsəd, nə məram, nə proqram, nə şüar var idi: “Rejimdən narazı qüvvələrin etirazı, qəzəbi və nifrəti vardı. Küçə və ya sahə etirazlarında əsasən dövlətin qiymətlərə nəzarət siyasətindən əziyyət çəkən bazar əhli (aşağı orta təbəqə) geniş iştirak edirdi, onlara şahın elan etdiyi siyasi və əqidə azadlığı, senzuranın götürülməsi,  azad hərəkət etmək və nəfəs almaq şəraiti əldə edən ziyalı təbəqəsi, fəaliyyəti son dərəcə məhdudlaşdırılmış siyasi partiya və təşkilatlar siyasi və  ideoloji dəstək göstərirdi. İndi isə etirazların şüarı birinci günlərdən elan edilib: "Qadın", "Həyat", "Azadlıq". Əvvəlki inqilabdan fərqli olaraq etirazlarda cəmiyyətin sayca əksəriyyətini təşkil edən yeniyetmə və gənc oğlan və qızlar (3 milyon tələbə, milyonlarla yuxarı sinif şagirdləri) iştirak edir, onlara hakimiyyətdən kənar edilmiş, lakin hakimiyyətin iki cəbhəsindən-cinahından birini təşkil edən İslahat cəbhəsi, bütün mədəniyyət və incəsənət xadimləri, məşhurlar deyilən təbəqə, 14 milyon (o cümlədən 7 milyon xanım) ali təhsilli insan siyasi, ideoloji, əhalinin əksəriyyəti (elmin verdiyi məlumata görə, 70%) mənəvi dəstək göstərir. Başqa sözlə, İran əhalisinin əksəriyyəti rejimdən narazıdır və  siyasi sistemin kökündən islah olunmasını tələb edir.

Keçən inqilabda dönüş nöqtəsi kimi 1978-ci ilin fevral ayında (18 fevral) Təbriz üsyanı zamanı ilk dəfə “Şaha ölüm!” şüarının səsləndirilməsi hesab olunur. Həmin şüar etirazların son hədəfinin şahlıq rejiminin devrilməsi olduğunu bəyan etmiş olurdu. İndiki etirazlarda ən çox səsləndirilən şüarlardan biri diktatora - Xameneyiyə ölüm şüarıdır. Amma bu şüar ilk dəfə səsləndirilmir. Həmin şüar hələ 1999-cu ildə tələbə çıxışları zoirakılıqla yatırılarkən səsləndirilib və ondan sonrakı bütün etirazlarda daha geniş şəkildə təkrar edilir. Yəni İran əhalisinin müəyyən bir kəsimi inqilabdan 20 il sonra rejimin devrilməsi tələbi ilə çıxış etməyə başlayıb və getdikcə həmin tələb daha ciddi  və geniş şəkildə səsləndirilir.

Hazırkı etirazların şüarında  ilk baxışda adi, lakin rejim tərəfindən ideoloji əsaslarla insanların son dərəcə məhdudlaşdırılmış fundamental ehtiyacları dilə gətirilib. Şüarın “Qadın” elementi rejimin mədəni-məişət və mülki sahələrdə bərqərar etdiyi və qadınların hüquq və azadlıqlarını son dərəcə məhdudlaşdıran  orta əsrlər (7-ci əsrdə meydana gələn)qayda və normaların aradan qaldırılmasını nəzərdə tutur, “Həyat” elementi insanların gündəlik  təhsil və iş fəaliyyətindən sonra həyat prosesini istədiyi şəkildə təşkil etmək imkanını nəzərdə tutur, “Azadlıq” elementi əvvəlki  iki elementin icrasını təmin etməyə yönəlib. Xüsusi qeyd edilməlidir ki, antimonarxist inqilabından sonra ən çox məhdudlaşdırılan sahə insanların fərdi azadlığı sahəsidir və rejimin repressiv qurumları tərəfindən həmin məhdudiyyətlərin icrasına nəzarət olunur və repressiyalar həyata keçirilir. Yəni indiki etirazlarla başlanan və getdikcə iğtişaş və inqilaba çevrilmiş hərəkatın son məqsədi mülki, vətəndaş azadlıqlarının tanınması, insanlara normal və azad həyat şəraiti yaradılmasına nail olmaqdan ibarətdir".

Ekspertin sözlərinə görə, əvvəlki inqilabda hadisələrin sonuna yaxın irəli sürülən “İslam”, “Azadlıq” və “İstiqlal” şüarları da əhalini tam qane edirdi, lakin onda “İslam” anlayışının arxasında ruhanilərin monopolist hakimiyyət məqsədinin gizləndiyi aydın deyildi. Amma indi şüarda heç bir gizli məqsəd gizlənməyib: “İndiki hərəkatın təşkil olunmaması, vahid rəhbərliyin olmaması onun əsas xüsusiyyətlərindən hesab edilir. Zahirən məqsədsiz, rəhbərsiz, nifrət və qəzəbdən doğan etirazlar davam etməkdədir. Bununla bağlı onu əlavə etmək olar ki, əvvəlki inqilab da eyni xüsusiyyətə malik idi, hətta bəzi tədqiqatçılar həmin inqilabı qəribə inqilab adlandırırlar. Əvvəlki inqilab zamanı ilk inqilabı təşkilat-İnqilab Şurası inqilabın qələbəsindən cəmi iki ay əvvəl (22 dekabr 1357\12 yanvar 1979), şahın İranı tərk etməsi məsələsi, demək olar ki, həll edildiyi ərəfədə, təşkil edilib, gizli fəaliyyət göstərmiş  və inqilabın qalib gəlməsindən xeyli sonra varlığı aşkar edilib. Hazırda  inqilabi hərəkata rəhbərliyin olmaması fikrini   ehtiyatla səsləndirməli, həqiqət qələbədən sonra üzə çıxacaqdır. Məqsəd və iştirakçılar baxımından əvvəlki inqilabdan əsaslı şəkildə fərqləndiyini nəzərə alaraq, hazırkı dünyəvi, gənclər, gələcəyə yönəlmiş inqilabın müəyyən şərtlərin ödənilməsi halında, iranlılar demişkən, daha tez səmərə verəcəyini güman etmək olar”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR