İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzə Ələkbər Sabirin nəvəsinin cəriməsi silinməlidirmi - qanundakı boşluq, yoxsa....

918 11.09.2023 21:37 Gündəm A A

Məlum olduğu kimi Mirzə Ələkbər Sabirin nəvəsi (“Azadlıq” qəzetinin keçmiş baş redaktoru) Gündüz Tahirli Bakıda yaşamadığı halda burada külli miqdarda cərimə olunub.

Məsələ ilə bağlı sabiq baş redaktor Musavat.com-a danışıb: "10 ilə yaxındır ABŞ-da daimi yaşayıram, Azərbaycanda maşınım yoxdur, Bakıda ümumiyyətlə, maşın sürməyə ehtiyat edirəm və orada əsasən metro və avtobus, nadir hallarda taksiylə hərəkət edirəm. Odur ki, ilk olaraq bu məlumatı oxuyanda bir az gülməli gəldi. Amma məlumat artaraq yayıldığı üçün maraqlanmağa başladım və qəribə bir situasiya ortaya çıxdı. Hələ 2000-ci illərin əvvəlində Bakıdakı şirkətimin “Oka” markalı maşınları olub və təxminən eyni illərdə də satılıblar. O zamanlar maşın alqı-satqısı praktikası belə idi ki, satıcı alıcıya "Baş etibarnamə" verirdi və alıcı sonradan mülkiyyəti öz adına qeydiyyatdan keçirirdi.

İndi bəlli olur ki, o alıcılardan biri maşını öz adına qeydiyyata salmayıb və bir müddətdən sonra da vəfat edib. 20 ilə yaxın bir müddətdə maşını mərhumun oğlu idarə edib, üst-üstə yığılan cərimələri ödəməyib və ilkin məlumatlara görə, ödəmək niyyəti də yoxdur. Cərimələin məbləği haqda anlayışım yoxdur, amma ehtimal edirəm ki, az deyil. Maraqlı burasıdır ki, son 10 ildə ASAN Xidmətdə dəfələrlə pasport, şəxsiyyət və sürücülük vəsiqəsi yeniləmişəm, amma son vaxtlara qədər bu məsələ ortaya çıxmayıb”.

Gündüz Tahirli bildirib ki, məsələni araşdırmaq üçün Bakıdakı dostlarından xahiş edib: “Bakıdakı dostlarımdan məsələni bir az da araşdırmağı xahiş etmişəm və yəqin ki, maşının sahibini tapıb danışacaqlar. Amma məsələnin mahiyyəti üzrə mənimlə heç bir əlaqəsi yoxdur”.

Bəs bu necə olur? Qanundakı boşluq, yoxsa? Başqa vətəndaşın da başına gələ bilərmi?

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, baş etibarnamə əslində ən etibarsız sənəddir və bu sənədin ləğvi vacibdir: “Nəqliyyat vasitələrinin baş etibarnamə ilə satmağın belə fəsadları olur. Müddəti ötdükdən sonra baş etibarnamə qüvvədən düşür. Bu halda avtomatik olaraq nəqliyyat vasitəsinin sahibi kimi onu satan şəxs görünür.  Bu halda müvafiq olaraq cərimələr də həmin şəxsə yönəlir. Gündüz Tahirli məhkəməyə müraciət etməklə bu məsələni çöz bilər. Məhkəməyə sübut təqdim etməlidir ki, nəqliyyat vasitəsini 10 il əvvəl satıb və həmin müddət ərzində ölkədən kənarda olması da onun xeyrinə şərh olunacaq. Sadəcə zamanı gedəcək. Ümumiyyətlə isə nəqliyyat vasitəsi satan, alan hər kəsə tövsiyə edirik ki, baş etibarnamə adlı etibarsız sənədə belə bağlamasınlar. Satdıqları nəqliyyat vasitələrini öz adlarına rəsmiləşdirsinlər”.

Bu ilin avqustunda Konstitusiya Məhkəməsi etibarnamə məsələsi ilə bağlı qərar verib. Məsələ burasındadır ki, dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, əksər MDB dövlətlərində də müvəqqəti idarəetmə üçün etibarnamə tələbi yoxdur. Yəni əksər ölkələr məsələni belə həll edib: əgər şəxsin sürücülük hüququ varsa, maşının texniki pasportu ondadırsa, avtomobil sahibi tərəfindən axtarışda deyilsə, qaçırılma şikayəti yoxdursa, şəxs onu etibarnaməsiz və ya yazılı iltizamla idarə edə bilər. Azərbaycanda isə indiyədək hətta ər-arvadın birgə nikah dövründə əldə etdikləri üçün birgə sayılan əmlakı olan maşına da bəzi hallarda tərəflərdən etibarnamə tələb olunurdu.

Azərbaycanda da avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Belə ki, Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib. Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib. Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub. İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Göründüyü kimi baş etibarnamə məsələsi hələ də açıq qalır. Bu məsələnin də həlli zərurəti də ortadadır.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR