İnsanlara hürriyət, millətlərə istiqlal!

Mina ilə çəpərlənən Qarabağ: 10 minlik terrorçu ordu üçün məhşər günü yaxınlaşır

2135 07.06.2023 14:18 Yazarlar A A

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, indiyədək Ağdamın ərazisinin 30 faizə yaxını, Füzuli ərazisinin 27 faizi, Xocalının 15,8 faizi, Xocavəndin 5,3 faizi minalardan təmizlənib. Prezidentin xüsusi nümayəndəsinin Şuşada keçirilən “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbirdə dediyi bu faktlar bilmirəm, əcnəbi qonaqları heyrətləndiribmi, yoxsa eləcə, soyuqqanlı yanaşaraq üstündən keçiblər?

Amma çox dəhşətli statistikadan söhbət gedir: artıq 3-cü ildir azad olunan rayonlarımızda mina təmizlənməsi işi yarıya belə çatdırılmayıb. Hətta Qarabağ ərazisində 1 milyon mina basıdırıldığı, bu işin tamamlanmasından ötrü 30 milyardadək – az qala illik dövlət büdcəmiz qədər - vəsaitin lazım olduğu bildirilir!

minalar.PNG (1.20 MB)

Azərbaycanı yersiz şəkildə, heç bir əsası olmadan ittiham etməyə cəhd göstərən dairələr bu rəqəmlərə baxıb, utanırlarmı? Ermənistana heç olmasa mina xəritələrini vermək üçün də çağırış etmədilər, təzyiq etmədilər demirik... Təkcə 44 günlük müharibədən sonra mina qurbanları olan azərbaycanlıların sayı 300-ü keçib. Rəsmi məlumatlara diqqət edək: 2020-ci il noyabr - 2023-cü il 16 may tarixləri arasında 141 mülki şəxs minaya düşüb, 44 nəfər həlak olub, 97 nəfər yaralanıb. 161 nəfər hərbi qulluqçu da mina və partlamamış hərbi sursatların qurbanı olub, nəticədə 13 nəfər həlak olub, 148 nəfər yaralanıb. Bu sırada iki jurnalist həmkarımız da var, özü də azad olunmuş Kəlbəcər rayonu ərazisində erməni terrorçularının basdırdığı minanın qurbanı olublar...

Ümumilikdə isə 1991-ci ildən bu günədək mina və partlamamış hərbi sursatların partlaması nəticəsində 3381 nəfər azərbaycanlı xəsarət alıb. Özü də hadisələrdən 20 faizi mina ilə çirklənməyə məruz qalmış ərazilərdə infrastruktur işləri apararkən, 19 faizi xidməti vəzifə və minatəmizləmə əməliyyatları zamanı, 21 faizi isə kənd təsərrüfatı fəaliyyətilə məşğul olma nəticəsində baş verib. Yəni daha çox qeyri-hərbi vəziyyətdə törədilib mina terroru!

Ən dəhşətlisi budur ki, mina qurbanlarından 358 nəfəri uşaq, 38 nəfəri isə qadındır! Minaya düşən şəxslərin 40 faizi işğaldan azad edilən ərazilərə, ata-baba yurdlarını görmək üçün səfər edənlərdən ibarətdir. Təmizlənən ərazilərdə aşkarlanan minaların sayı heyrət doğurur: 28 235 ədəd piyada əleyhinə, 15 258 ədəd tank əleyhinə mina, 44 228 ədəd isə partlamamış hərbi sursat! Hələ qalan ərazilərdə nələr var, üstəlik, erməni separatçıların-terrorçuların mövcud olduğu ərazilər piyada və tank əleyhinə minalarla “çəpərlənib”.

Son günlər mütəmadi şəkildə Rusiya hərbi kontingentinin müvəqqəti mövcud olduğu ərazilərdə erməni separatçıların mühəndis və istehkam işləri görməyə cəhd etdikləri barədə məlumatlar yayılır. Azərbaycan ordusu mümkün qədər bu özbaşınalıqların qarşısını almağa çalışır. Heç şübhəsiz ki, Qarabağdakı 10 minlik muzdlu erməni Azərbaycan ordusunun qəfil təmizləmə əməliyyatına keçəcəyindən ehtiyatlandığı üçün sədd çəkir. Amma unudurlar ki, onların köməyinə heç “Ohanyan səddi” çatmadısa, bundan sonra istənilən cəhdləri nəticə verməyəcək, məhv ediləcəklər. Amma Azərbaycan çalışır ki, məsələlər sakit şəkildə həllini tapsın, itki olmasın. Şübhə etmirəm ki, erməni terrorçular üçün hətta cəhənnəm olub ərazilərimizi tərk etmələri üçün dəhliz də açıla bilər, amma bir vaxta qədər, zaman bitəndən sonra bu şanslar da olmayacaq.

terror.jpg (44 KB)

Paşinyanın mövqeyi başadüşüləndir, o, əlisilahlı 10 min erməninin Laçın yolundan keçib, Ermənistana getməsini arzulamır, bilir ki, bu baş versə, hakimiyyətdən devriləcək. 44 günlük müharibədən sonra silahlarını da götürüb Ermənistana qaçan 11-12 minlik fərariyə həm də ona görə qəzəbləndilər ki, onlar Paşinyan hakimiyyəti üçün potensial təhlükə mənbəyi idilər. Yəni Ermənistan rəhbərliyi çox istərdi ki, bu gün Qarabağda 10 min yox, məsələn, 22 minlik ordu olsun, amma Anna Akopyanın da etiraf etdiyi kimi, 12 min qaçıb, Ermənistana səpələndi...

Ermənistanın mövcud hakimiyyəti əlisilahlı hərbçiləri özünə təhlükə görür və onu da anlayır ki, onlar Qarabağdan çıxarılanda Ruben Vardanyanın başçılığı ilə Ermənistana gedəcəklər. Çünki əlisilahlı ermənilərin Qarabağdan çıxarılmasını heç Rusiya da istəmir, o halda mülki ermənilər asanlıqla Azərbaycanın reinteqrasiya təklifinə razılıq verəcəklər, necə ki, Laçın sərhəd-gömrük məntəqəsindən sakitcə, qaydalara uyğun kedib-gəlməyə vadar olublar. Əgər Qarabağdakı separatçılar, silahlılar Ermənistana yol alacaqlarsa, Rusiyanın Xankəndidəki canişini Vardanyan da Paşinyanı devirmək üçün hərəkətə keçəcək, əks halda, onun orda qalması mümkün olmayacaq, deməli, həm Kremlin tapşırığını icra etmək, həm də özünü xilas üçün İrəvanda hakimiyyəti ələ keçirməlidir. Son günlər Ermənistandakı istefalar, Qarabağ klanının fəallaşması, revanşistlərin aktivliyi, kilsənin, diasporanın hərəkətliliyi, eyni zamanda Rusiya rəhbərliyinin Ukraynanın yanında yer alan, KTMT-ni ittiham edən Paşinyanı cəzalandırmaqda israrlı görünməsi bu ehtimalın real olduğunu deməyə əsas yaradır. Üstəlik, Kreml istəmir ki, Paşinyan məhz Qərbin masasında Azərbaycan Prezidenti ilə sülh imzalasın...

pasinyan.jpg (60 KB)

Rusiyanın Qarabağdakı kontingenti həm də bu səbəbdən erməni terrorçuların Ermənistan istehsalı olan minaları basdırmasına göz yumur, necə ki, bu gün Qobustanda cəza çəkən terrorçuların vaxtilə əlisilahlı Laçın yolundan keçib Hadrutadək irəliləmələrinə, Ermənistandan mina daşınmasına şərait yaradırdı. Bu gün o imkan əldən çıxıb, amma Qarabağda mina deposunun yaradıldığını bilirik. Kim bilir, bəlkə Ermənistandakı iki mina zavodunun filialları da yaradılıb Azərbaycan ərazilərində. Hər halda bu səssiz müharibəyə son qoyulmalıdır, həm də beynəlxalq təşkilatların, eləcə də Şuşadakı beynəlxalq tədbirə qatılan nüfuzlu şəxslərin iştirakı ilə. Azərbaycan dövləti vətəndaşlarını yenidən qurduğu yurd yerlərinə qaytarır. Vətəndaş təhlükəsiz yaşamalıdır!

Təhlükəsizlik müzakirələrini ancaq Qarabağ ermənilərinə münasibətdə ortaya atan beynəlxalq dairələr 30 il ərzində evindən didərgin salınmış yüz minlərlə azərbaycanlının təhlükəsizliyinə də azca diqqət eləsinlər, əgər vicdan hissi varsa... Hələ Qərbi Azərbaycandan qaçqın salınan azərbaycanlıların təhlükəsiz şəkildə öz yurdlarına dönməsi məsələsi də var. Zərərçəkən bir tərəf var: Azərbaycan dövləti və azərbaycanlılar! Şuşada belə, kütləvi məzarlıqlar aşkarlanır! Ermənistanın cinayətləri bitmir. Beynəlxalq tribunalda sorğulanmalı olanlara yüksək tribuna verənlər utansın! Heç olmasa, Azərbaycan cəza əməliyyatına başlayanda sussunlar! 10 minlik terrorçu ordu üçün məhşər günü yaxınlaşır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR