İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonlarını itirən Abramoviç “sülh carçısı” rolunda

933 24.03.2022 15:27 Gündəm A A

Kreml faktı təsdiq etdi, amma...   

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yəhudi iş adamı Roman Abramoviçin Ukrayna ilə danışıqlarda iştirakını təsdiqləyib. Onun sözlərinə görə, iş adamı ilkin mərhələdə danışıqlara cəlb olunub. "Hazırda danışıqlar iki  qrup- Rusiya və Ukrayna arasında gedir", - Kremlin sözçüsü əlavə edib. 

Bundan əvvəl “The Wall Street Journal” Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Co Baydenə rusiyalı iş adamı Roman Abramoviçə qarşı müvəqqəti sanksiyalar tətbiq etməməyi tövsiyə etdiyini yazmışdı. Nəşr yazıb ki, Zelenski Abramoviçin “sülh danışıqlarında Rusiya üçün mühüm vasitəçi” kimi çıxış edə biləcəyinə ümid edir. 

Abramoviçin Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə kömək etməyə çalışması faktı ilk dəfə fevralın 28-də Britaniyanın “Sky News” telekanalı tərəfindən açıqlanıb. 

1646666071_thumbs_b_c_d03e5c01d5c330d40bff7df50297aace.jpg (398 KB)

 Sonra isə “The Jerusalem Post” və “The Guardian”  Roman Abramoviçin Belarusda olduğunu və Kiyevin xahişi ilə danışıqlara vasitəçilik etdiyini yazıb. Milyarderin nümayəndəsi nəşrlərə Ukrayna tərəfinin onunla əlaqə saxladığını təsdiqləsə də, Abramoviçin Belarusda olub-olmadığını dəqiqləşdirməyib. “Forbes” də Abramoviçin nümayəndəsinə sorğu göndərib. “Mən təsdiq edə bilərəm ki, Ukrayna tərəfi sülh yolu ilə nizamlanmaya nail olmaq üçün dəstək üçün Roman Abramoviçə müraciət edib və o, kömək etməyə çalışır” deyə, milyarderin sözçüsü bildirib. 

“The Jerusalem Post” isə yazırdı ki, Abramoviçin Ukrayna və Rusiyanın yəhudi icmaları ilə sıx əlaqələri var. Kiyevdə anadan olan rejissor və prodüser Aleksandr Rodnyanski nəşrə bildirib ki, o, Abramoviçlə iki dəfə danışıb, onu “vəziyyətin sülh yolu ilə nizamlanmasına kömək etmək və dəstəyi səfərbər etmək qərarına gələn” adam adlandırıb.  

Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk internet resursuna Abramoviçin danışıqlardakı rolu və mövqeyini şərh etməyib, lakin vurğulayıb ki, Ukraynada sülhün əldə edilməsində  kömək edə biləcək hər kəsin əməyini yüksək qiymətləndirir .

roman-abramovic.jpg (52 KB)

Öz növbəsində Abramoviçin danışıqlar prosesində iştirakını aparıcı Kseniya Sobçak belə qiymətləndirib: “Mən Abramoviçin danışıqlar aparmaq istedadına inanıram, bu danışıqlar müsbət nəticələnəcək. Bu  Abramoviçin özü üçün də faydalıdır, çünki onun cəhdləri baş tutarsa, Britaniya sanksiyalarını yumşaltmalı olacaq” . 

Yada salaq ki, Rusiya Ukraynada hərbi əməliyyatlar başlayandan Roman Abramoviçə Böyük Britaniyada  yaşamaq qadağan edilib. Bundan əlavə, ona Böyük Britaniyadakı əmlakının müsadirə olunması barədə məlumat verilib. Öz növbəsində britaniyalı diplomat Kris Brayant Roman Abramoviçə müraciət edərək bildirib ki, o, Ukraynadakı hərbi əməliyyatı açıq şəkildə pisləməlidir. Sanksiyalar səbəbindən Abramoviçin sərvəti 14,5 milyard dollardan 13,6 milyard dollara düşüb. Bundan əlavə, Abramoviç "Çelsi" klubunun rəhbərliyini təhvil verib. 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR