İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milli Qəhrəmanı təhqir edən adamlar əclafdırlar” – Albert Aqarunovun qardaşı

3789 25.06.2026 14:01 Ölkə A A

“Mən o adamlar barəsində şikayət etmişəm. Onlar mütləq cəzalarını çəkməlidirlər. Qardaşım qəhrəman olub, heç kim onu təhqir edə bilməz”.


Bunu Musavat.com-a açıqlamasında Birinci Qarabağ müharibəsinin şəhidi, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib. O bildirib ki, məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinə və Azərbaycan Baş Prokurorluğuna müraciət edib:

“Bu adamlar həbs olunmalıdır. Onların bir qismi Azərbaycanda, digər qismi isə İranda yaşayır. Qardaşım Azərbaycanın Milli Qəhrəmanıdır. Onu təhqir etmək olarmı? Milli Qəhrəmanı təhqir edən adamlar əclafdırlar. Onlar mütləq cəzalarını almalıdırlar”.

Qeyd edək ki, son günlər bəzi dairələrdə və sosial şəbəkələrin müəyyən seqmentlərində Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun şəxsiyyəti və döyüş yolu ilə bağlı qərəzli müzakirələr aparılır. Müxtəlif paylaşım və şərhlərdə onun Qarabağ müharibəsində iştirakı, döyüşlərə qoşulmasının səbəbləri, hətta qəhrəmanlığı belə əsassız şəkildə şübhə altına alınmağa çalışılır.

Diqqət çəkən məqam isə odur ki, bu iddiaları səsləndirən şəxslər heç bir fakt ortaya qoymadan, illərdir məlum olan tarixi həqiqətləri təhrif etməyə və ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa cəhd göstərirlər.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılıb və xidmət dövründə tank komandiri olub.
Hərbi xidmətdən sonra Bakıya qayıdan Albert Aqarunov Suraxanı Maşınqayırma Zavodunda çalışıb. Qarabağ müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri kimi Şuşa istiqamətində döyüşən qəhrəman döyüşçü Xankəndi, Daşaltı və Cəmilli istiqamətlərində gedən əməliyyatlarda erməni silahlı birləşmələrinə ağır zərbələr endirib.

Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə düşmənin 9 tankını, 7 zirehli transportyorunu və çoxsaylı digər hərbi texnikasını məhv edən Albert Aqarunov igidliyi ilə döyüş yoldaşlarının böyük hörmətini qazanıb.

1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlər zamanı snayper gülləsinə tuş gələn Albert Aqarunov qəhrəmancasına şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Rantik.jpg (18 KB)

Rantik Aqarunov


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR