İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikro sahibkarların vergi yükünün artması nə ilə nəticələnəcək? - RƏYLƏR

1442 11.01.2024 15:44 Ölkə A A

2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişiklik edilib. Belə ki, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə yüksəlib. Xatırladaq ki, yanvarın 1-ə kimi sahibkarların gəlirlərinin 75 faizi vergidən azad idi. Bu ildən etibarən isə bu güzəşt ən azı 3 işçisi olan sahibkarlara aid ediləcək.

İqtisadçı Samir Əliyev şəxsi feysbuk hesabında qarşılaşdığı vəziyyətlə bağlı yazıb:

samir-aliyev-iqtisadci.jpg (41 KB)

“Deməli, beynəlxalq təşkilat üçün kiçik bir iş görmüşdüm. Onlar da təşəkkürlə bərabər məndən invoys istədilər ki, gördüyüm işə görə simvolik bir xidmət haqqı köçürsünlər. Xidmət haqqının məbləği 100 avro idi. Həmin vəsaitdən imtina etməli oldum. Çünki Vergi Məcəlləsinə xəlvətcə edilmiş son dəyişikliyə görə, bu vəsaitin təxminən 30%-i mənə çatırdı. 100 avronun 70 avrosunu isə büdcəyə köçürməli idim. İndi fikirləşirəm ki, onlar 100 manat pul köçürsəydilər həmin vəsaitin üstünə 15 manat da qoyub büdcəyə qaytarmalı idim...

P.S. Bizə mikro yox, makro sahibkar lazımdır”.

Musavat.com-a açıqlama verən Samir Əliyev bildirib ki, əldə olunan məbləğdən sosial sığorta ayırması, tibbi sığorta və bank xərclərini nəzərə aldıqda böyük məbləğ alınır:

“Yekun nəticədə 100 avroya münasibətdə 70 avro alınır. Amma məbləğ artdıqca onun faizi azalır. Mikro sahibkarlar üçün gəlir vergisinin 20 faizə yüksəldilməsinə etiraz edirəm”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata bildirilib ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər özlərini şirkətə direktor və ya başqa vəzifəyə təyin edə bilərlər. Bu halda sahibkarlar şirkətə iki muzdlu işçi cəlb etməklə 75% vergi güzəştindən istifadə edə bilər. Fiziki şəxslərin isə özlərini direktor və ya başqa vəzifəyə təyin etmək hüququ yoxdur. Bu səbəbdən fiziki şəxs olan mikro sahibkarlar 75% vergi güzəştindən yararlanmaq üçün mütləq 3 muzdlu işçi cəlb etməlidirlər.

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirdi ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə edilən zaman təkliflərdən biri keçid dövründə müəyyən məbləğ intervalının müəyyənləşdirilməsi ilə bağlı idi.

Millət vəkili 20-30 minlik intervalın tətbiqinin diqqət mərkəzində olduğunu dedi:

vuqar_bayramov.jpg (215 KB)

“Sonda bu güzəştlərin iş yeri yaradan sahibkarlar üçün nəzərə alınması və şamil olunması qərarlaşdırıldı. Hesab edirəm ki, bu istiqamətdə vergi mexanizminin növbəti mərhələlərdə təkmilləşdirilməsi daha məqsədəuyğun olar. Həm mikrosahibkarlar, həm vergi güzəştlərinə yanaşmanın dəyişməsi, xüsusilə yeni mexanizmin hazırlanması və bunun istehlakla əlaqələndirilməsi daha yaxşı olardı. Düşünürəm ki, bu istiqamətdə müzakirələr davam etdiriləcək. Hazırda mövcud qaydalara əsasən 3 və daha çox işçisi olan fiziki şəxslər bu güzəştdən yararlana bilər. Məqsəd məşğulluğun dəstəklənməsi və gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirovun da fikrini öyrəndik.

WhatsApp Image 2024-01-11 at 15.36.29 (1).jpeg (255 KB)

Ekspert 2023-cü ildə ölkədə iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı bir çox uğurlu addım atılsa da, gəlir vergisinin məbləğinin 5 faizdən 20 faizə yüksəldilməsini yanlış yanaşma hesab edir:

“Rəqabət Məcəlləsinin qəbul edilməsinin iqtisadi qanunvericilik bazası baxımından 2023-cü ilin ən yüksək uğuru hesab edirəm. Bunun əksinə olaraq Vergi Məcəlləsində gəlir vergisinin məbləğinin 5 faizdən 20 faizə yüksəldilməsini 2023-cü ilin ən yanlış yanaşması hesab edirəm. 2023-cü ilin fevralın 1-dən bank depozitlərindən əldə olunmuş gəlirlər vergiyə tutulmağa başladığı zaman bunun faydasız olacağını qeyd etmişdim. Sonradan güzəştlər müəyyən qədər bərpa edildi çünki bu vergi növü depozit həcmlərinə təsir etdi. Gəlir vergisinin məbləğinin 5 faizdən 20 faizə yüksəldilməsi doğru deyil. Bu özünü statistikada büruzə verəcək. Eyni zamanda qərarın mikro sahibkarlıq fəaliyyətinə göstərdiyi mənfi təsirlər yaxın müddətdə görünəcək. Nəticədə yenidən güzəşt tətbiq ediləcək. Təbii ki, bu bir neçə ayın işi deyil. 1 ildən 3 ilə qədər olan dövr ərzində güzəştlərə yenudən baxılacaq. Çünki sahibkarlığın formalaşmasında mikro sahibkarların çəkisi böyükdür. Artıq vergidən yayınmaq üçün ya kənar yollar axtarılacaq, bu da iqtisadiyyatın ağardılması üçün edilən cəhdlərə ciddi zərbə olacaq, yaxud da mikro sahibkarlıqdan uzaqlaşma müşahidə olunacaq. Mikrosahibkarlıq ölkə iqtisadiyyatının həssas hissəsidir. İnkişaf etməkdə olan, bu prosesi daha uğurlu həyata keçirən ölkələrdə cəmi 1 faizlik vergi tələbi var. Ümumiyyətlə, ölkədə güclü iqtisadiyyat üçün sahibkarlara 4 fərqli yanaşma fəlsəfəsi vacibdir: 1. Mikro sahibkarla qəti işin olmasın. 2. Kiçik sahibkarın problemini həll elə. 3. Orta sahibkara dəstək ol. 4. İri sahibkarı qəti və qəti nəzarətsiz buraxma.

Əks halda ayrı-ayrılıqda heç bir qanun və heç bir mexanizm istənilən nəticəni verə bilməz”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR