İnsanlara hürriyət, millətlərə istiqlal!

Meyvə-tərəvəz niyə kənddə çox ucuz, şəhərdə bahadır? - kəndli malını necə satsın...

1522 23.06.2022 09:20 İqtisadiyyat A A

Pərviz Heydərov: “Bakının bazarlarında rəqabət şəraiti yox dərəcəsindədir”

İyun ayının sonu yaxınlaşsa da, Azərbaycanda mövsüm meyvələrinin qiymətində ucuzlaşma müşahidə olunmur. Belə ki, hazırda bazarlarda Bakıda gilasın 1 kiloqramı 2,5-7 manata, ərik 3-8 manata, şaftalı 2,5-5 manata, nektarinlər 3,5-5 manata, alça 2,5-5 manata, gavalı 2,5-3,5 manata satılır. Müşahidələr göstərir ki, şəbəkə marketlərində meyvə-tərəvəz xüsusilə bahadır. Belə marketlərdə gilasın 6-7 manata, əriyin 4-10 manata, alçanın 5-6 manata satıldığı müşahidə olunur. Məhəllə dükanlarında, iri bazarlarda qiymətlər nisbətən ucuzdur, amma bununla belə, 3 manatdan ucuz ərik, gilas, şaftalı və s. yoxdur.

Bazarlardakı qiymət bahalığı əhalinin narazılığına səbəb olmaqdadır. İnsanlar sosial şəbəkələrdə mövsümi meyvələrin, eyni zamanda tərəvəzin bahalığından şikayətlənir. Rayonlarda kəndlilər isə bildirir ki, onlar meyvəni Bakıdakı qiymətin heç 50 faizinə də sata bilmirlər. Quba rayonundan “Yeni Müsavat”a danışan fərdi təsərrüfat sahibləri ağ gilasın 1 kiloqramını 1 manata, qara gilası 2,5 manata, əriyi 1,5 manata, alçanı 1-2 manata satdıqlarını bildirirlər. Onların dediklərinə görə, məhsulu əsasən Rusiyaya ixrac, həmçinin Bakıya aparmaq üçün alırlar. Xaçmaz rayonundakı fermerlərdən aldığımız məlumata görə, burada yetişdirilən iridənəli qara gilas - “Qara şampan” qapıda 4 manata satılır. Bir neçə gün əvvəl isə 5 manata olub, yetişən məhsul çoxaldıqca, qiymətlərdə enmə də sürətlənir.

Şimal bölgəsindəki vəziyyət ölkənin əksər ərazilərində hökm sürməkdədir. Fermerlər, fərdi təsərrüfat sahibləri bildirirlər ki, bu il gilas, alça və ərik ağacları bol məhsul verib. Onların sözlərinə görə, yaxın bir neçə gün ərzində yerlərdə topdansatış qiymətləri kəskin şəkildə azalacaq. Belə ki, Qərb rayonlarında ərik, gavalı, şaftalının yetişməsi nəticəsində bazarda təklif çoxalacaq və bu da qiymətləri endirəcək.

Yerlərdən aldığımız məlumata görə, hazırda təzə meyvənin, xüsusilə də gilasın kütləvi şəkildə Rusiyaya ixracı həyata keçirilir. Lakin bu kütləvilik ixracatçıların sayında deyil, ixrac olunan məhsulun həcmindədir. Belə ki, hazırda gündə 200 tona yaxın gilasın Rusiyaya daşındığı bildirilir.

Son 5-6 ildə müəyyən qüvvələr kiçik və orta ixracatçıları bazardan tamamilə sıxışdırıb çıxarmağa nail olublar. Quba rayonundan olan sabiq ixracatçı bildirir ki, əvvəllər 1-2 soyuducu yük maşını ilə rahat şəkildə kəndlərdən məhsulu alıb Rusiyaya daşıya bilirdilər: “İndi bunu yalnız 10-15, bəzən onlarla maşını olan böyük şirkətlər həyata keçirə bilir. Bizə imkan verilmir - bəzi dövlət qurumlarının köməyi ilə elə şərait yaradılıb ki, bizim kimi xırda sahibkarların Rusiyaya mal vurması mümkünsüzdür. Biz malı yalnız Bakıya vura bilirik - o da məhdud həcmdə. Bakıdakı böyük topdansatış mərkəzlərində elə qiymətlər oxuyurlar ki, apardığımız məhsuldan 10-15 qəpik ancaq xeyir götürə bilirik. Böyük bazarlara çıxmağımız mümkün deyil, nə vaxt üz tutursan, deyirlər, yer yoxdur. Sovet dövründə bir maşın gilası aparıb rahatca Bakı bazarlarında özümüz sata bilirdik. İndi bu, qeyri-mümkündür. Gilası bizdən alıb, 2-3 qat bahasına bazara çıxarırlar. Nəticədə, biz də, məhsul sahibləri də minimum qazanca işləməli oluruq”.

Meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq - xeberler

Yerlərdəki istehsalçıların bildirdiyinə görə, son bir ildə məhsul yetişdirilməsi üçün çəkdikləri xərclər kəskin şəkildə artıb. Belə ki, meyvələri zərərvericilərdən qorumaq üçün istifadə olunan preparatlar, gübrələr az qala 2 dəfə bahalaşıb. Bundan əlavə, ağaclara zəruri aqrotexniki qulluq üçün lazım olan dizel yanacağı da bahalaşıb: “Xərclərimiz artıb, amma məhsulu elə keçən ilki qiymətə satmağa məcbur oluruq. Çünki alıcı azdır - əvvəllər bir kənddən 3-4 mal alan olurdusa, indi məhsulu rayon mərkəzində, 1-2 yerə sata bilirik. Buna görə də məcbur olub onların dediyi qiymətə satırıq”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin may ayında əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 0,4 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 0,6 faiz, heyvandarlıq məhsulları üzrə 0,2 faiz artıb. Bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi 2021-ci ilin may ayı ilə müqayisədə 25,3 faiz, 2022-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artıb.

Komitə bildirir ki, iyun ayının 1-nə kimi tarlalardan 326,2 min ton (2,7 faiz çox) tərəvəz, 24,1 min ton (6,4 faiz çox) meyvə və giləmeyvə  yığılıb.

Rəsmi statistikadan aydın olur ki, 2021-ci ildə Azərbaycandan xaricə 2 milyon 519,55 min dollarlıq 2064,32 ton ərik, 31 milyon 76,37 min dollar dəyərində 19442,99 ton təzə albalı və gilas, digərləri, 29 milyon 239,81 min dollar dəyərində 23395,09 ton nektarinlər də daxil olmaqla təzə şaftalı, 8 milyon 837,05 min dollar dəyərində 4970,24 ton  təzə çiyələk və bağ çiyələyi və digər meyvələr ixrac olunub.

Məlumat üçün bildirək  ki, 2021-ci ildə Azərbaycanda 29,4 min ton ərik, 11,5 min ton albalı, 44 min ton gilas, 35,9 min ton şaftalı, 33,9 min ton alça istehsal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-may aylarında xaricə 219 milyon 242.95 min dollar dəyərində 192 min 263.40 ton meyvə-tərəvəz ixrac olunub.  Bu, aprel ayı ilə müqayisədə cəki ifadəsində 50,5 faiz(apreldə ixrac 127 722.92 ton olub), dəyər ifadəsində isə 34,8 faiz artım(apreldə ixracdan 162 milyon 602.25 min dollar gəlir əldə olunub) deməkdir. 2021-ci ilin 5 ayı ilə müqayisədə meyvə-tərəvəz ixracımız çəki ifadəsində 10,1 faiz azalıb(ötən ilin eyni dövründə 213 911.01 ton ixrac olub), dəyər ifadəsində isə 6,3 faiz artıb(ötən ilin eyni dövründə ixracdan 206 milyon 170.83 min dollar əldə edilib).

2022-ci ilin may ayında ümumi meyvə-tərəvəz ixracının 177 min 406.96 tonunu kartof, pomidor, meşə fındığı, alma, nar, xurma təşkil edib. Aprel ayı ilə müqayisədə ixrac artımı 28 min tona yaxın kartofda, 27,7 min ton pomidorda qeydə alınıb. Bu isə o deməkdir ki, təzə meyvə-tərəvəzin ixracı ciddi həcmlərdə reallaşmayıb. Bu ixracın artımı əsasən mövsüm meyvələrinin yetişdiyi iyun ayında baş verir ki, hələlik rəsmi statistika qurumlarından ixrac göstəricilərini əldə etmək mümkün deyil.

Maraqlıdır ki, beş ayda meyvə-tərəvəz idxalımız çəki ifadəsində ixracımızı üstələyərək 119 milyon 388.99 min dollar dəyərlə 209 min 733.61 ton təşkil edib. Bu, aprel ayı ilə müqayisədə çəki ifadəsində 17,4 faiz, dəyər ifadəsində isə 17,6 faiz artım deməkdir.

Oxu.az - Rusiya-Ukrayna müharibəsi qlobal bahalaşmanı və iqtisadi tənəzzülü  dərinləşdirir

 Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, bazarlarda mövsüm meyvələrinin baha olması əsasən, ümumi qiymət artımları ilə əlaqədardır: “Söhbət inflyasiya və ümumi bahalıqdan gedir. Ərzaq məhsulları baha olduğu təqdirdə təbii ki, meyvələr də yüksək qiymətlərlə təklif olunacaq. Bu, bir zəncirvari prosesdir və bütün istiqamətlərdə özünü göstərməlidir və göstərir də... Sözsüz ki, digər səbəblər də mövcuddur. Bu səbəblər sırasına daşınma xərclərinin artması və çətin olması, bazarlara çıxışın rahat xarakter daşımaması, Rusiya bazarı ilə bağlı qeyri-müəyyənliklərin varlığı və həmçinin müəyyən bir ajiotajın mövcudluğu və sair daxildir”.

Ekspert qeyd edir ki, rayonlardan mərkəzə meyvə-tərəvəz daşımaq sərfəli deyil: “Bakının bazarlarında müəyyən inhisarçılıq amillərinin olması da buna ciddi təsir edir. Rəqabət şəraiti yox dərəcəsindədir. Seçim imkanları məhduddur. Bu sahədə neçə illərdir müvafiq iş aparılsa da, bazarlarla istehsalçı-tədarükçü arasında gözəgörünməz işbazların mövcudluğu və fəaliyyəti bir sıra məqsədlərə çatmağa imkan vermir. Odur ki, bunu həll etmək çətindir. Ümumi bahaçılıq fonunda isə həmin gözəgörünməz işbazların işləri daha ”xod" gedir. Son olaraq təbii şəraitin əlverişsizliyinin də təsirlərindən danışmaq yerinə düşər. Havanın dəyişkən keçməsi, susuzluq və sair kimi problemlər də az sözünü deyir. Düzdür, meyvə qıtlığı yoxdur, lakin bu sahədə əvvəlki illərdəki kimi bolluq olduğunu da söyləmək mümkün deyil".

Qeyd edək ki, Bakı və Abşeron bazarlarındakı inhisarçılığın qarşısının alınması uzun illərdir müxtəlif səviyyələrdə müzakirə olunsa da, real nəticə əldə edilməsi hələ də mümkün olmayıb.  Bir sıra ölkələrdə dövlət bu cür inhisarlara qarşı yerlərdə məhsulun alınaraq böyük şəhərlərdə yaradılan ictimai  bazarlarda satışını təşkil etməklə mübarizə aparır. Azərbaycanda da bir çox mütəxəssislər xüsusi dövlət qurumu yaradılmaqla, kəndli-fermerlərdən məhsulun münasib qiymətə - yəni onlara qazanc götürməyə imkan verəcək qiymətə alınıb, Bakı və digər böyük şəhərlərdə yaradılacaq xüsusi bazarlarda satışının təşkil olunmasını təklif  edirlər.  Hesab olunur ki, bu, iri bazarlardakı inhisarçıların oyundankənar vəziyyətə salınmasına, son nəticədə onların qiymətlərə təsir imkanlarının minimuma düşməsinə səbəb olacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR