İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuata hər gün bayramdır

1336 05.05.2022 09:40 Yazarlar A A

“Qəzet hamıdan qabaqda getməlidir”

(Vladimir Lenin)

Mayın 3-də Avropada yaşayan dostum məktub yazıb, deyir, səni Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, uzun ömür, cansağlığı, işlərində müvəffəfəqq... Nəsə, dostumuz məni yaxşıca təbrik elədi, uğurlar dilədi. Mən də ona cavabında yazdım ki, heç sən məktub yazmasan bu bayram mənim yadıma düşmürdü.

Doğrudan elədir. Məsələn, sizin hazırda bu yazını oxuduğunuz 5 may günü də bizdə mətbuat bayramıdır. Daha dəqiqi, idi. 1991-ci ildə SSRİ dağılanacan “Pravda” qəzetinin nəşrə başladığı 5 mayı bolşeviklər “Sovet mətbuat günü” kimi təqvimə yazmışdılar. Hərçənd sovetlərdə mətbuat yox idi, partiyanın əmr və tapşırıqlarını olduğu kimi əks etdirən yalan-palan orqanları vardı.

Maraqlıdır ki, 5 mayı hələ də mətbuat işçilərinin peşə bayramı günü kimi qeyd edən bir ölkə qalır. Sizcə o haradır? Ay sağ ol: Belarus. Düzdür, orada mətbuatda bütün söz-söhbətləri kolxozun sədri Lukaşenko özü yazır, ancaq bayramın nə ziyanı? Bayram nə qədər çox olsa yaxşıdır.

İndi biz mətbuat işçiləri 3 mayın təzə, 5 mayın köhnə söz azadlığı günlərinin ortasında qalmışıq. Sözgəlişi, 4 may da İosif Stalinin məşhur “Hər şeyi kadrlar həll edir” cümləsinin ilk dəfə səsləndiyi gündür, ancaq bunun bizim yazıya dəxli yoxdur.

Hələ 22 iyun Milli Mətbuat Günü var, az qala unutmuşdum. Belə çıxır biz mətbuat işçiləri ildə azı 3 kərə öz bayramımızı qutlamaqda sərbəstik. Hansı ölkədə mətbuata bu cür sərbəst, gözəl, xoşbəxt şərait yaradılmışdır? Mən tanımıram. Elə dostum təbrik edənəcən 3 mayın kontekstini unutmağım da xoşbəxtlik səbəbindəndir. Mətbuatın tam azad olduğu ölkədə, hər gün bayram şəraitində yaşayanda ayrıca günü xüsusi yadda saxlamaq lazım gəlmir. Bizə yaradılan bu müsbət şəraitə görə Nazirlər Kabinetinə dərin minnətdarlığımı bildirirəm, arzu edirəm bu minnətdarlıq 3 ay ərzində işlənib hazırlansın.

Azadlığımız tam, məhdudiyyətsizdir. Məsələn, biz məsuliyyətdən azadıq. Kim nə istəyir yazır. Heç gör buna görə cavabdehlik daşıyan var? Hara baxırsan qəzet köşküdür. Xalqın ağzı şirin olsun deyə qəzetin içinə taxta peçenye, yulaflı konfet, siqaret, saqqız və sairə qoyub satırlar. Ən ucqar kəndimizə belə qəzetlər gedir. Kağız variantda olmasa da, internet üzərindən. Maşallah, hər qəzetin öz saytı var.

Mətbuata verilən reklamları yığıb-yığışdıra bilmirik. Hər ay qəzetin reklam şöbəsində neçə agent pulun altında qalıb həlak olur. Biz azad iqtisadiyyatımızdan, milli şirkətlərdən xahiş eləyirik, bir az reklamları azaldın, camaatın yazı oxumağa yeri qalsın. Ancaq əlbəttə, başa düşürük, mətbuatın azadlığı iqtisadiyyatın azadlığından, reklam bazarından çox asılıdır, çünki mətbuat özü də bir məhsul satışıyla məşğul olur. Düzdür, biz qəzetçiliyə tam da kolbasa-pendir satmaq kimi baxmırıq, bunun mənəvi tərəflərini nəzərə alırıq. Şəxsən mən Şəbnəm Tovuzlunun sirli ərinin qolu haqda yazıları, Pişik Günelin mütaliə dairəsi, Bayram Nurlunun şairəsi (qafiyə üçün yazdım, mənasını bilmirəm) böyük maraqla oxuyuram.

Mənəviyyat vacibdir. Mətbuatın xalq üçün bir neçə funksiyası vardır: əyləncə, baş qatmaq, hoqqa çıxarmaq, şərləmək, yaltaqlanmaq, yalançılıq və bir də informasiya çatdırmaq.

Axırıncı o qədər vacib funksiya deyil. Onsuz hamı hər şeyi bilir, nə xəbər çatdıracaqsan? Ən yaxşısı gedim bayramı qeyd edim...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR