İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşğulluqda payı 60 faiz olan sahənin iqtisadi artımda rolu niyə cüzidir?

765 20.01.2023 11:30 İqtisadiyyat A A

Ötən il Neft Fondundan büdcəyə 3,6 milyard manat az vəsait köçürülüb

Dövlət Statistika Komitəsi ölkənin 2022-ci il üçün makroiqtisadi göstəricilərini açıqlayıb. Qurumun hesablamalarına əsasən ötən il ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,1 faiz artıb.

Əlavə dəyərin 51,1 faizi sənaye, 8,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatlı və balıqçılıq, 4,8 faizi tikinti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi isə digər sahələrdə istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olub.

Rəsmi məlumata əsasən 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 3 milyard dollar təşkil edib.

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2022-ci ildə dövlət büdcəsinə 30 milyard 660,6 milyon manat vəsait daxil olub. Bu dövrdə büdcədən 32 milyard 8,3 milyon manat vəsait xərclənib. Beləliklə, büdcənin icrasında 1 milyard 347,7 milyon manatlıq kəsir yaranıb.

Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 28 milyard 978,1 milyon manat olub, büdcədən 25 milyard 975,5 milyon manat vəsait xərclənib. Bu isə büdcənin icrasında 3 milyard 02,6 milyon manatlıq profisitin (artıqlıq) yaranması deməkdir.

İlin yekununda 1,3 milyard manatlıq kəsirin yaranması o deməkdir ki, dekabr ayında dövlət büdcəsindən 6 milyard manat vəsait xərclənib...

Rövşən Ağayev: “Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub”  » Reyting.az

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, açıqlanan göstəricilər büdcə gəlirlərində neft-qaz sektorunun yüksək payının qaldığını deməyə əsas verir: “Neft-qaz sektorunun real olaraq ölkədə iqtisadi artıma heç bir töhfəsi olmayıb, əksinə, azaldıcı təsir edib. İqtsadiyyatın 4.6 faiz böyüdüyü şəraitdə neft-qaz sektoru real olaraq 3 faiz azalıb. Amma yenə də yapıb-yapacağını - neft sektorunun büdcəyə ödəmələri 2021-ci illə müqayisədə 1.8 milyard manata yaxın artaraq 15.3 milyard manata çatıb. İqtisadi artımın mühərriki olan qeyri-neft sektorunun 2022-dəki artımı hesabına büdcəyə töhfəsi neft sektorunun töhfəsinin cəmi 25 faizi qədər olub. Yenə də büdcənin neftdən asılılığı 50 faiz ətrafında olub. Vergi orqanlarının xətti ilə 7 milyard manata yaxın artan büdcə gəlirlərinin 75 faizini 3 faiz azalan neft-qaz sektoru, 25 faizini isə 9 faiz böyüyən qeyri-neft sektoru təmin edib. Neft Fondunun büdcəsində yaranan təxminən 5 milyard dollarlıq profisitin ölkənin valyuta ehtiyatlarının böyüməsinə verdiyi töhfə də öz yerində.  Bir sözlə, 2022-ci ildə də neft-qaz sektoru iqtisadiyyat üçün oyandığı "pul kisəsi" rolunu oynamaqda daha uğurla etdirə bilib".

Ekspert qeyd edir ki, qeyri-neft ixracının ölkə üzrə ümumi ixracın artımına töhfəsi neft sektorunun töhfəsinin 40-da biri qədərdir: “Nominal ÜDM-in formalaşmasında neft-qaz sektorunun payı isə 36 faizdən 48 faizə yüksəlib”.

R.Ağayev onu da bildirir ki, açıqlanan rəqəmlər iqtisadi artımın hərəkətverici qüvvəsinin tikinti və turizm olduğunu göstərir: “Bu sahələrin heç biri dayanıqlı və inklüziv iqtisadi artım üçün mənbə kimi qala bilmirlər. Onlardan sonra nəqliyyat sektoru gəlir - xüsusən də boru kəmərləri vasitəsilə daşımalar.

Məşğulluqda təxminən 10 faiz payı olan tikinti və turizmin iqtisadi artıma töhfəsi məşğulluqda 60 faizə yaxın payı olan kənd təsərrüfatı, emal sənayesi və ticarət sektorlarından az qala 2 dəfə çox olub".

Dövlət Neft Fondunun (ARDNF) açıqladığı məlumata əsasən, 2022-ci ilin yanvar-dekabrında ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 7 milyard 923,0 milyon manat vəsait transfert edilib. Halbuki 2022-ci ilin dövlət büdcəsində fonddan nəzərdə tutulan transfert həcmi 11 milyard 517,5 milyon manat idi. 2022-ci il büdcəsi qəbul olunanda transfert 12 milyard 710 milyon manat nəzərdə tutulmuşdu, ilin ortasında dəyişiklik edilərək 1 milyard 192,5 milyon manat azaldılıb. İndi isə məlum olur ki, fonddan büdcəyə 3 milyard 594,5 milyon manat az vəsait transfert olunub.

Fondun açıqlamasına görə, 2022-ci il dekabrın 31-nə aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon dollar) nisbətən 8.9 faiz artaraq 49 milyard 33,6 milyon dollar təşkil edib. Belə məlum olur ki, dövlət büdcəsinə transfert 2 milyard 114,4 milyon dollar azaldılmasa, fondun aktivləri ilin yekununda 4 milyard 8,5 milyon dollar deyil, cəmi 1 milyard 894,1 milyon dollar artacaqdı.

Qeyd edək ki, dövlət büdcəsinin kəsiri özəlləşdirmədən, daxili və xarici borclanmadan əldə edilən vəsaitlər, həmçinin əvvəlki ilin büdcəsinin vahid xəzinə hesabının qalığı (əgər olarsa) hesabına bağlanır.

2022-ci ilin dövlət büdcəsində kəsirin yuxarı həddi olaraq 3 milyard 63 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, real büdcə kəsiri proqnozlaşdırılan məbləğdən 2 dəfədən də çox azdır.

Azərbaycanın icmal büdcəsində 6 milyard manata yaxın qalıq yaranıb |  Banco.az

Dövlət büdcəsi layihəsində 2022-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 114 milyon manat məbləğində nəzərdə tutulmuşdu ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 52,5 milyon manat və ya 85,4 faiz , 2021-ci ilin proqnoz göstəricisindən isə 3,0 miloyon manat və ya 2,7 faiz çoxdur. 2022-ci ilin 8 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 38,2 milyon manat vəsait daxil olub ki, bu da 2022-ci il üçün illik proqnozun 33,5 faizinə bərabər olmaqla, 8 ay üçün müəyyən edilmiş tapşırıqdan (45,9 milyon manat) 7,7 milyon manat və ya 16,8 faiz azdır.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 2022-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından yönəldiləcək məbləğin 1 milyard 256 milyon manat müəyyən edilməsi nəzərdə tutulmuşdu. Bundan əlavə, 2022-ci ildə büdcə kəsirinin 1,1 milyard manatının daxili borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulurdu. 2022-ci ilin 8 ayı üzrə müvafiq daxilolmalar üzrə 444,7 milyon manat məbləğində proqnoza qarşı kəsirin maliyyələşdirilməsinə 380,1 milyon  manat və ya 85,5 faiz həcmində vəsait dövlət büdcəsinə cəlb edilib.

2022-ci ilin son rübündə Maliyyə Nazirliyinin qısa və ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərracların sayında artım müşahidə olunub. Məsələn, Maliyyə Nazirliyi bir gündə  -2022-ci ilin 20 dekabrında Bakı Fond Birjasında keçirilən 2 hərrac vasitəsilə müddəti 1 il olan 200 milyon manatlıq, müddəti 3 il olan 150 milyon manatlıq istiqraz yerləşdirib.

Ötən il yarana biləcək büdcə kəsirinin maliyyələşdirilməsi üçün layihə maliyyələşdirilməsi əsasında xaricdən cəlb edilmiş 592,7 milyon manat kredit vəsaitinin də sərf olunması planlaşdırılırdı.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində büdcə kəsirinin məbləği 2 milyard 579,3 milyon manat müəyyən edilib. Bu məbləğin maliyyələşmə mənbələri kimi 100,0 milyon manat özəlləşdirmədən daxilolmalar, 1 milyard 405,3 milyon manat daxili və xarici borclanma,  1 milyard 74 milyon manat vahid xəzinə hesabının qalığından istifadə nəzərdə tutulub.

Azərbaycan Hesablama Palatasının araşdırmaları göstərir ki, hökumət yüksək faizlə daxildən cəlb etdiyi vəsaitləri vahid xəzinə hesabının qalığına daxil edir. Bu isə növbəti illər üzrə büdcədən dövlət borcuna xidmət xərclərinin artımına, büdcə vəsaitlərinin daha çox hissəsinin faiz borclarının ödənməsinə sərf edilməsinə səbəb olur.

Palatanın büdcə layihəsinə rəyindən aydın olur ki, 2023-cü il dövlət büdcəsinin layihəsində daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərdə tutulmasa da, faiz ödənişləri artımla proqnozlaşdırılıb: “Faiz xərclərinin cari ilə nisbətən 4,9 milyon manat və ya 2,2 faizartması əvvəlki illərdə buraxılmış və cari ilin (2022-ci ilin - red.) sonuna kimi emissiya ediləcək dövlət istiqrazları üzrə faiz və diskont xərclərinin və növbəti ilə nəzərdə tutulan iri həcmli emissiyanın faiz xərclərinin ödənilməsi ilə əlaqələndirilib”.

Rəydə açıqlanan  məlumata əsasən, 2022-ci ilin 6 ayı ərzində emissiya olunması nəzərdə tutulan dövlət istiqrazları üzrə (1 milyard 700 milyon manat) 663,5 milyon manat məbləğində nominal üzrə istiqrazlar yerləşdirilib, yerləşdirilmiş istiqrazlar üzrə büdcəyə 656,1 milyon manat vəsait daxil olub, büdcə ili ərzində qaytarılması nəzərdə tutulan istiqrazların təkrar maliyyələşdirilməsinə 366,5 milyon manat vəsait ödənilib. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsindən 289,6 milyon manat daxil olub, 2022 və əvvəlki illərdə emissiya edilmiş istiqrazlara görə dövlət büdcəsindən 88,5 milyon manat faiz və diskont məbləğinin ödənilməsinə yönəldilib.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR