İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşğulluq mərkəzinin buraxılması

2321 14.04.2022 09:40 Yazarlar A A

Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, kiminsə haradasa iş tapması burada xəbərə çevrilir. Respublika miqyasında qəzetlər bundan yazırlar,  televiziyalar axışıb çəkiliş edir, işə düzələnin anası yaşmaqlanıb, balaca bacısı başmaqlanıb intervü verir, atası yabaya söykənib dərin baxışlarını aydın üfüqlərə zilləyərək “Mən bilirdim bu uşaq axırda nəsə olacaq, cıqqılı vaxtı döyəndə həmişə əlimdən qaçıb tayanın başına çıxırdı” deyir.

İşi düzələnlərin bir çoxu adətən xarici şirkətlərə girirlər. “Azərbaycanlı gənc Feysburuqda işə girdi”, “İlon Mask Məmmədağanı şirkətinə götürdü”, canım sənə desin, “Salyan sakini Kaliforniyada”, “Füzuli sakini Oval ofisdə şair vəzifəsinə təyinat alıb” və sairə - daimi xəbərlərimizdəndir. Hər ay azı 3-4 belə şey yazılır, oxunur. İşə düzələnlərin qahımları şadlanır, iş tapa bilməyənlər paxıllıqdan odlanır.

Tək xaricdə iş tapanlardan yazmırıq, daxildə işə düzələnlər də mövzu olaraq gündəmə gəlir. Məsələn, tez-tez belə xəbərlər oxuyuruq: “Filankəsi filan kəndə sahə müvəkkili qoymuşlar”, “Məmməd müəllim Üstüaçıq rayonu, 699-cu polis bölməsinin yol əlahiddə taborunda kiçik serjantın müavin köməkçisi olmuşdur. Təbrik edirik!”, “Güllübəyim Canlıbəyimova Dəymədağıldı kənd maarif şöbəsinə müdir təyin edildi” və sairə.

Bir ümummilli mövzumuz da var: kiminsə uşağı universitetə girib. Ancaq bunu indi yazmıram, qalsın başqa vaxta.

İş tapmağın xəbər sayılmasının səbəbi odur ki, bizdə iş tapmaq çətindir. Yoxsa bütün dünyada gün ərzində milyonlarla adam iş tapır, işdən çıxır, yeni iş yeri yaradılır, köhnələr bağlanır və sairə. Bizdə isə iş tapmaq necə nadirdirsə, necə müstəsna haldırsa dərhal manşetlərə daşınır, xəbər olur.

Hökumətimiz işsizliklə mübarizə aparmırmı? Aparır. İnsafən, hər il milyonlarla yeni iş yeri yaradılır. Elə son illərdəki tuthatut aksiyalarında hər icra başçısının, hər Sabes müdirinin altından neçə-neçə iş yeri çıxdı. Bəzi icra başçısı vardı, 650 nəfər işçinin maaş kartını cibində daşıyırdı. Yəni, işsizlik olsa bir adama o qədər iş düşərdimi? Bir nəfər 650 nəfərin yükünü çiyinlərində daşıyır, lakin nədənsə buna cinayət işi açırlar... Mövzudan yayınmayaq, əlbəttə.

İşsizliyin miqyasından deputatlar da vaxtaşırı gileylənir. Deyirlər qəbulumuza gələn 15 adamın 10-u iş axtarır, qalan 5-i də borc pul istəyir. Deyir heç səmərələşdirici təkliflə gələn şikayətçi olmadı. Gülməli adamdır. Daha başa düşmür ki, camaat onun özünün necə deputat olmasından şirniklənib, istəyirlər belə bir müftə iş tapsınlar. Yolunu-yolağasını öyrənmək arzusuyla qapısına gəliblər, bu da rəqabət olmasın deyə qovur.

Əhalinin məşğulluğu istiqamətində aparılan davamlı dövlət siyasətinin bariz nümunəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindəki islahatların timsalında da aydın görünür. (Özüm qəsdən belə uzun cümlə yazdım ki, işsizlər oxuyub axıra çatmasın). Əgər yadınıza gəlirsə, qabaqlar bizdə hər rayonun öz Məşğulluq Mərkəzi vardı. Hardasa 78 idarə idi. 2020-ci ilin yayında, pandemiyanın şiddətli vaxtında nazirlik bu qədər məşğulluğun bizə lazım olmadığını fikirləşib optimallaşdırma siyasəti apardı, onları ləğv eləyib 22 Ərazi Məşğulluq filialı qayırdı. Bu ilin martında isə 22 idarə də çox göründü, 8-ni buraxdılar, qaldı 14. Hal-hazırda bizim ölkədə cəmi 14 rayonda məşğulluq idarəsi vardır.

Bunların hamısı camaatın işinin düzəlməyinə görədir. Hər kəs başını aşağı salıb çalışırsa, məşğulluq mərkəzinə boş-boş niyə maaş verək? İnşallah, bir-iki ilə hamı iş tapanda qalan 14 idarənin də işini bitirəcəyik. İlahi, amin, yazdı Zamin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR