İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank uçot dərəcəsini artırdı - inflyasiya riski yüksəkdir

1084 04.05.2023 14:06 İqtisadiyyat A A

Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər

Mayın 3-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti, gözlənildiyi kimi, uçot dərəcəsinin artırılmasına dair qərar qəbul edib. Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9 faizə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5 faizə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10 faizə qaldırılıb.

Mərkəzi Bank bəyan edir ki, bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib. Bankdan verilən məlumatda qeyd olunur ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb. Mart ayında illik inflyasiya 13.6 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır. Bundan əlavə, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə Azərbaycanın əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib.

Dünya Bankının əmtəə bazarları haqqında aprel hesabatına əsasən martda aylıq əsasda enerji qiymətləri 6.3 faiz, qeyri-enerji qiymətləri 2.2 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin martında aylıq 2.1 faiz azalıb. Bütün bunların fonunda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir: “Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir. Bu, özünü valyuta bazarında da göstərir. Belə ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97 faizində təklif tələbi üstələyib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4 faiz, 2023-cü ilin 4 ayında 4.8 faiz möhkəmlənib. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırır”.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirir ki, Azərbaycanda inflyasiyanın artmasına əsas təsir göstərən amil idxaldır: “Azərbaycanın iqtisadiyyatı da müəyyən qədər xarici amillərdən asılıdır. Hazırda qlobal və milli iqtisadiyyatda inflyasiya ilə bağlı yüksək qeyri-müəyyənliklər qalır”.

Qurumun məlumatına əsasən, ölkədə faktiki inflyasiya səviyyəsi azalmaya meyl etsə də, mart ayında inflyasiya müəyyən olunan hədəfin yuxarı həddini 2 dəfədən çox üstələyib: “İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8 faiz olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6 faiz və 10.8 faiz təşkil edir. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12.7 faiz olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı 20.4 faiz təşkil edib. Əhalinin gəlirlərinin artdığı və stimullaşdırıcı fiskal siyasətin davam etdiyi şəraitdə məcmu tələb genişlənməkdədir. 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15.2 faiz artıb”.

Mərkəzi Bank qeyd edir ki, inflyasiyanın xarici mühiti çox dəyişkən olaraq qalır: “Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə, qlobal inflyasiya 0.4 faiz bəndi artırılaraq 7 faiz səviyyəsində müəyyən edilib. Nüfuzlu ekspertlərin fikrinə görə, mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. Qeyd edək ki, baza ssenari üzrə fərziyyələrə görə 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır”.

Azərbaycanda inflyasiya azalıb - Mərkəzi Bank

Mərkəzi Bank inflyasiyanın daxili və xarici risklərini nəzərə alaraq antiinflyasiya xarakterli pul siyasətini davam etdirir: “Faiz dəhlizinin parametrlərinə dair qəbul edilən qərarların təsiri ilə banklararası təminatsız pul bazarında orta faiz dərəcəsi ilin əvvəlindən bəri 1.2 faiz bəndi qalxıb. Ötən ildən başlayaraq monetar şəraitin sərtləşdirilməsi üzrə qəbul olunmuş qərarlar, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, məcburi ehtiyatlar üzrə normaların qaldırılması və müvafiq makro-prudensial tələblərin tətbiqi pul-kredit göstəricilərinə təsir edir. Pul siyasətinin inflyasiyaya təsirlərini gücləndirmək istiqamətində islahatlar davam etdirilir. Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərraclarda rəqabəti artırmaqla müxtəlif müddətlər üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilib, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilib. Qərara alınıb ki, banklarla yanaşı, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər. Qısamüddətli notların həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcək”.

Mərkəzi Bank bildirir ki, pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcək: “İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaq. İnflyasiyanı artıran faktorlar bundan sonra da sıx monitorinq ediləcək. İllik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək”.

AMB  uçot dərəcəsinə dair növbəti qərarı iyunun 21-də açıqlayacağını elan edir.

Qeyd edək ki, mayın 3-də Azərbaycan vaxtı ilə gecə saatlarında ABŞ Federal Ehtiyatlar Sistemi(FED) də uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacaqdı. Əksər analitik mərkəzlər FED-in uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 5-5,25 faizə çatdıracağını proqnozlaşdırırlar. Buna əsas kimi ABŞ-da inflyasiyanın FED-in hədəf göstəricisi olan 2 faizdən 2,5 dəfə çox - 5 faiz olması göstərilir. Ölkə iqtisadiyyatının digər əsas göstəricilərində - yeni iş yerləri və işsizlik səviyyəsində narahatlıq doğuran trend yaransa da, FED-in inflyasiyanı cilovlamaq üçün artıma gedəcəyi gözlənilir.

ABŞ-da resessiya təhlükəsinin son dərəcə artması dünya əmtəə bazarlarında ciddi təlatümə səbəb olub. Azərbaycanın əsas ixrac məhsulu olan neft bazarında qiymətlər 84-85 dollardan 73-74 dollaradək ucuzlaşıb. Aprelin əvvəlində OPEK+ ölkələrinin gündəlik hasilatı 1,6 milyon barel daha azaltmaq qərarlarını açıqlamalarından sonra 84-85 dollar civarında sabitləşən qiymətlər son 1 həftə ərzində 10 dollara yaxın itkiyə məruz qalıb. Hətta dünyanın əsas neft istehlakçılarından biri olan Çində iqtisadiyyatın bərpasının sürətlənməsini göstərən statistik məlumatlar, ABŞ-da neft ehtiyatlarının azalmasına dair məlumat da neft bazarında gözlənilən pozitivlik yaratmayıb. Analitik mərkəzlər hesab edirlər ki, bazar iştirakçıları üçün ABŞ-da resessiyanın başlanması ən güclü amil rolunu oynayır. Bu, baş verərsə, neft qiymətlərinin 70 dollardan da aşağı enməsi real hesab olunur.

ABŞ-da resessiyanın başlanması fonunda neft qiymətlərinin düşməsi Azərbaycanın gəlirlərini ciddi azalması ilə nəticələnə bilər. Xatırladaq ki, yanvar-mart aylarında neft-qaz sektorundan dövlət büdcəsinə 1,7 milyard manat əlavə vergi gəliri daxil olub. Hökumət ilin sonunadək büdcədə 3 milyard manatlıq profisitin yaranmasını gözləyir. Hətta artıq büdcədə əlavə gəlirlərin bölüşdürülməsi üçün dəyişiklik layihəsi də hazırlanır.

Neft qiymətlərinin kəskin ucuzlaşması halında bu gözlənti özünü doğrultmaya bilər. Çünki neftin 50 dollarlıq qiyməti ilə hesablanmış büdcə 70 dollarlıq qiymət fonunda birinci rübdəkindən daha az əlavə gəlir əldə edəcək.

Neft gəlirlərinin azalması fonunda qeyri-neft sektorundan daxilolmaların itkini kompensasiya etməsi real görünmür. ANB baş direktoru Vüqar Əhmədovun sözlərinə görə, bu il Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 6 faiz artım gözlənilir: “Ümumiyyətlə, AMB ölkə iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır. Buna sərmayələr və ildən-ilə artan insan kapitalı kömək edir”.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 310,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR