İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Asiya ölkələri niyə vurnuxmadadır?

1157 29.03.2022 09:40 Yazarlar A A

Əbədi dostlar və yaxud da düşmənlər yoxdur, əbədi maraqlar var - güman, bu formul siyasətin bütün mahiyyətini və istiqamətini müəyyən edir.  Amma bizim burada siyasətin fəlsəfəsi haqqında diskussiya açmaq fikrimiz və ya niyyətimiz yoxdur. Əvəzində qeyd edək ki, Mərkəzi Asiya ölkələri bu günlərdə yeni iqtisadi-ticari tərəfdaşlar tapmaq üçün əsl vurnuxmadadırlar.

Onları prinsipcə, başa düşmək mümkündür. Hamıya aydındır ki, Rusiyaya qarşı sanksiyalar artıq onunla iqtisadi əməkdaşlığı çətinləşdirir və bu səbəbdən də sanksiyalar təkcə Rusiyaya ziyan vurmur, elə onunla əməkdaşlıq edən ölkələr üçün də çox ciddi problemlər yaradır.

O da aydındır ki, yeni ticari-iqtisadi tərəfdaşlar tapmaq elə də asan məsələ deyil. Xüsusən də Qərb dövlətləri Mərkəzi Asiya ölkələrinə işarə edir ki, geosiyasi seçim etsinlər.

Amma bu, həmin ölkələrin ağrılı yeridir və bu regionun ölkələri geosiyasi seçim kimi ciddi bır məsələyə çiyin versəydilər bunu neft və qazı ixrac etmək üçün alternativ marşrutlar axtarmaq yolu ilə edərdilər.

Məsələn, illərdir onlara trans-Xəzər marşrutundan istifadə etməyi təklif edirlər. Amma post-sovet məkanının Asiya ölkələri bundan çəkinir, çünki Rusiyadan ehtiyat edirlər, hansı ki, hələ 90-cı illərin əvvəlindən bəyan edibdir ki, qlobal kommunikasiya və ya tranzit xətlərinin onların ərazisindən yan keçməsini özlərinə əsas təhdid kimi qəbul edirlər.

Ona görə də Mərkəzi Asiya ölkələrinin vəziyyəti heç də qibtə ediləsi deyil. Amma o da var ki, bu ölkələrin ətrafındakı geosiyasi fəza indi də boş deyil, ən müxtəlif vektorlarla doludur. Məsələ bundadır ki, ABŞ bu ölkələrdə özünün loqistik mərkəzlərini və hərbi bazalarını açmaq istəyir. Region Çinin astanasındadı və onu yeni geosiyasi təyinatı məhz bununla müəyyən olunur. Üstəgəl, əfqan münaqişəsi də hələ bitməyibdi. ABŞ Əfqanıstandan getsə də onu tamam tərk etmir və daim qeyd edir ki, Kabul həmişə onun diqqətindədir.

Mərkəzi Asiya ölkələrindən daha çox vurnuxan Özbəkistandır. Rusiya onun əsas ticari tərəfdaşı olsa da, Daşkənd Moskvanın hərbi müttəfqi deyildir, ona görə ki, KTMT üzvü deyildir. Hiss olunur ki, Kremldə bu ölkəni çoxdan diqqətə götürüblər. Təsadüfi deyil ki, Qazaxıstan hadisələrindən sonra Belarus prezidenti işarə etdi ki, KTMT üçün növbəti ünvan Özbəkistan ola bilər. Bir daha qeyd edək ki, MDB-nin bu ölkəyə ciddi marağı onunla bağlıdır ki, o, KTMT-nın üzvü deyil.

İndi demək olmur, Moskvanın planları doğrulacaqmı? Hər şey Rusiya - Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Amma onlar hələki yaxşı heç nə vəd etmir. Artıq müharibənin bir ayı tamam olub: sürətli müharibə alınmadı. Ruslar özləri də etiraf edirlər ki, bəs düşünürdülər müharibə uzağı bir neçə sutka çəkəcəkdir. Amma artıq ay keçibdir...

Əsas odur ki, bütün hallarda Rusiya hərbi -siyasi bataqlıqdan çıxa bilməyəcək. Moskva Qərbin onu sanksiyalar altında saxlaması üçün çox şey edib - Ukraynanın şəhər və kəndləri dağılıb, minlərlə insan və yüz otuzdan çox uşaq həlak olubdur. Kimsə buna görə cavab verməlidir, ya yox?..

Mərkəzi Asiya ölkələrinə gəldikdə isə, necə deyər, müqəddəs yer boş qalmır və onlar da çıxış yolu tapacaqlar, hərçənd, ekspertlər dünyanın müəyyə qədər enerji və ərzaq qıtlığı yaşayacağını güman edirlər. Kreml sanksiyalar torundan çıxmağa cəhd edur. Amma çətin ki, bunu bacarsınlar. O ki qaldı Asiya ölkələrinin geosiyasi seçiminə, əslində bu həmin ölkələr üçün yeni bir şans olardı və onlar nəhayət ki, Rusiyanın təsir dairəsindən qurtulardılar, amma bu ölkələr üçün Rusiyanın təsirində qalmaq təkcə geosiyasət məsələsi deyil, bunu həmin ölkələrin avtoritar liderlərinin maraqları da tələb edir.

Hələliksə biz Ukrayna müharibəsini izləməyə məcburuq. Bu günlərdə NATO-nun növbəti sammiti oldu, amma o, daha çox onunla yadda qaldı ki, Brüssel daha çox özünü düşünür. Onları başa düşmək olar. Rusiya hər şeyə hazırdır. Bu ölkə nüvə silahının tətbiq edilməsini müzakirə edir. Əlbəttə, bunun ehtimalı azdır. Amma məsələ müzakirə olunursa, bu, o deməkdir ki, Moskva bu ssenarini də istisna etmir...

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR