İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənim olsun, mənim olsun”

1785 27.07.2022 08:00 Yazarlar A A

Keçmiş MTN-in istintaq idarəsinin rəisi Mövlam Şıxəliyev və bandasının cinayət işinin məhkəməsi bitmək üzrədir, prokuror Mövlam müəllimə 14 il, müavinləri Yasin və Vüsal müəllimlərə 12 il, onların da müavini olmuş Sahib müəllimə isə 10 il azadlıqdan məhrumetmə cəzası istəyibdir. Yəqin hakim bir-iki il az verər, sonra türmədə azca yatıb əfvə düşərlər. Əsas əllərindəkini alıb, yolub buraxmaqdır. Bundan qabaqkı MTN generalları əsasən belə qurtulublar. Hətta bəziləri əfvə düşəndən sonra əmlak davası eləməyə, müsadirə olunan villaları geri istəməyə başladı.

Biz unutqan xalqıq, necə deyərlər. Köhnə vaxtlarda belə deyirdilər, yadınıza gəlirsə. Meydan hərəkatında, 1989-90-cı illərdə. Biz başımıza açılan bəlaları, cinayətkarları, manyakları çox tez unuduruq, onları bağışlayırıq, yenidən mənsəb, vəzifə yiyəsi olmaqlarına izn veririk. Görəsən, bu “balıq yaddaşımızın” səbəbi nədir? Sosioloq, psixoloq da yoxdur, soruşaq. Bir söz var, deyir hər xalq qidasına oxşayır, ancaq bizim mətbəxdə balıq faktiki və hüquqi baxımdan heç yoxdur.

Yeri gəlmişkən, balıq yazdım yadıma düşdü, bugünlərdə Namiq Qaraçuxurlunun təzə klipinə baxdım. İlahi, insan səsi olmadan, mənasız sözlər oxuyaraq necə bu qədər populyar ola bilər? Mən başa düşürəm, pop musiqidə belə şeylər mümkündür, ancaq aşağı, aşağı, bundan da aşağı? Azərbaycanlıların pop kültürünə aid olanlar bu qədərmi səviyyəsizdir? Əlbəttə, elə bu qədər səviyyəsizik. Yoxsa ölkənin tanınmış elektron mallar dükanı “Sənin olsun” kimi primitiv, bayağı, qusmaq effektli mahnının iylənmiş cəmdəyini ölü mahnılar zibilliyindən tapıb, mumiyalayıb, sidr-kafurlayıb alıcılara reklam sloqanı olaraq soxuşdurmazdı.

Nəsə, Namiq müəllimin klipi Bakı buxtasında, cupbulu bir yaxtada çəkilmişdi, altında isə su polisinə, ya da su sərhədçilərinə - dəqiq xatırlamıram, təzədən də qusmağa heyim yoxdur - minnətdarlıq edilmişdi. Üstəlik, Namiq müəllim deyir bu klipin çəkilməsi Azərbaycan musiqi məkanında ilk hadisədir, buna qədər yaxtada klip olmayıb. Səbəb nəymiş? Sən demə, heç kimə Bakı buxtasında qayıqda üzüb klip çəkməyə icazə verilmirmiş! “Allah, Allah” - təzə yutuberlərimiz demişkən.

Fantastikadır. Şəxsən mən bu “yeniliyi” indi öyrəndim, kül mənim jurnalist təpəmə. Dənizə qurudan girməyin çətinliyini bilirdik. Hara baxırsan bir yekəqarın, yekəyanlı tip villa tikib, hasarları dənizin ortasınacan uzadıb. 30 ildir bu hasarlar xalqımızın, hökumətin müzakirə mövzusudur. Bir ucdan tikilir, bir ucdan sökülür, vəziyyət dəyişmir. Ancaq bu, sən demə, dərdin yarısıymış, biz dənizə elə... dənizdən də girə bilmirmişik! Yaxta, qayıq sürməyə, dənizdə oxuyub-oynamağa icazə yoxdursa, bura turistləri necə cəlb edəcəksiniz? Nəyə görə hər klip üçün “Filankəs müəllimə” minnətdarlıq edilib, əli-ayağı öpülməlidir? Bunun hansısa lisenziyası, qanun-qaydası olmalı deyilmi?

Ölkədə münasibətlər qanun-qaydalara yox, şəxslərə görə tənzimləndiyi üçün bizim problemlər bitməz. Çünki hər təzə gələn şəxs, hər vəzifəyə qoyulan tip özündən yeni “qanunlar” ifraz etməkdə sərbəstdir.

Tez qayıdaq MTN generallarımızın yanına, çünki bir az da buxtada və “tuxta” kliplərdə eşələnsək görərik onları artıq azadlığa buraxıblar, bizim cızmaqaranın isə hər hansı mənası qalmamışdır. Lakin guya indi, lap elə bu dəqiqə hansısa mənası var idimi? Bu generallar tək bir iş adamından 9 milyon manatı qışqırda-qışqırda almışdılar, çıxsınlar, təzə təşkilat qurub yenə alacaqlar.

Çünki biz bu generalları da cinayətlərinə görə deyil, paxıllıqdan tutmuşuq. Millətin çoxu fikirləşir ki, kaş onların qabaqkı vəzifəsi məndə olaydı.

Xəbərim yoxdur, “Mənim olsun, mənim olsun” deyə bir mahnımız da varmı? 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR