İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə, toplu yerlərdə təhlükəsizlik necə qorunur - reportaj VİDEO

486 14.03.2024 11:35 Gündəm A A

Təhlükəsizlik eksperti deyir ki, mühafizəçilərə təlim keçilməlidir: “Şübhəli şəxsləri tanımaq üçün onların peşəkarlığı olmalıdır, bilməlidirlər ki...”

Martın 11-də axşam saatlarında sosial şəbəkələrdə, xüsusən Teleqramda xof yaradan bir açıqlama yayılmağa başladı. Təxribatçı bir səhifə orta məktəblərdə, ticarət mərkəzlərində qanlı hadisələr törədəcəklərinə dair hədələr, təhdidlərlə çıxış edirdi.

DİN məsələ ilə bağlı dərhal hərəkətə keçdi, bəlli oldu ki, oxşar məzmunlu təhdid daha əvvəl Tatarıstanda da yayılıb. İlkin araşdırmalar zamanı məlum oldu ki, sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan təhdidlər də saxta səhifələr vasitəsilə xaricdən təşkil olunur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama verib. Agentliyin açıqlamasında qeyd edilib ki, yayılan məlumatlardan xəbərdardırlar: “Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq”.

Məsələyə dair DTX da açıqlama yayıb: “Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız  arasında narahatlığa səbəb olmuşdur.

Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.

Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilmişdir.

Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadənin mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlarla birgə daim ətraflı yoxlanıldığını bildiririk".

Ancaq bütün hallarda xeyli valideyn narahat oldu və eyni zamanda bu məsələ bir məsələni gündəmə gətirdi: Azərbaycanda orta və ali məktəblər, ticarət mərkəzləri necə qorunur? Mühafizəçilər varmı? 

Hazırda ölkədə 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və o sayda orta ixtisas, 100-ə qədər peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək əlbəttə ki, reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ekspertlər qeyd edir ki, ali təhsil müəssisələri, özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər də... 

Öncə universitetlərdə mühafizə sisteminin necə təşkil olunduğunu öyrənmək üçün paytaxtın bir neçə böyük ali təhsil ocağına baş çəkdik. İlk getdiyimiz ali təhsil müəssisəsi Bakı Musiqi Akademiyası oldu. Ali təhsil müəssisəsinin binasının girişində “Tələbə bileti olmayan akademiyaya buraxılmır” yazılsa da, çiynimizdə iri qara çanta ilə binaya sərbəst şəkildə daxil ola bildik. İçəridəki iki mühafizə işçisi ola bilsin ki, bizi akademiyanın ya tələbəsi, ya da işçisi hesab edərək, bizdən heç bir sənəd tələb etmədi, sorğu-suala tutmadı. Bir neçə dəqiqə akademiyanın içərisində gəzişdikdən sonra gəldiyimiz kimi sərbəst şəkildə binanı tərk etdik. Beləliklə də müşahidələrimizdən belə deyə bilərik ki, Bakı Musiqi Akademiyasının təhlükəsizlik sistemi, keçid və buraxılış zəifdir. Kənar şəxslər binaya sərbəst şəkildə daxil ola bilir. 

Digər üz tutduğumuz ünvan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin informasiya texnologiyaları və idarəetmə fakültəsinin korpusu oldu. Xatırladaq ki, 2009-cu ildə universitetin bu korpusunda dəhşətli terror hadisəsi baş vermişdi. 

Universitetə daxil olmağa cəhd etdikdə, dərhal mühafizə xidmətinin əməkdaşları qapıdaca yaxınlaşaraq, kim olduğumu, nə ilə maraqlandığımı soruşdular. Müşahidə etdik ki, universitetin təhlükəsizlik sisteminin qorunması standartlara uyğun aparılır. Belə ki, burada hər bir müəllim və tələbə heyəti giriş kartı ilə universitetə daxil olur. Kənar şəxslərin binaya daxil olması qeyri-mümkündür. 

ADNSU və Strasburq Universitetinin birgə layihəsi olan Azərbaycan-Fransız Universitetinin də təhlükəsizlik sistemi müasir standartlara uyğun qurulub. Universitetin mühafizəçisi dərhal əməkdaşımza yaxınlaşaraq, necə kömək edə biləcəyini soruşdu. Mühafizəçi bizimlə söhbətdə bildirdi ki, müəllim və tələbə heyəti binaya yalnız giriş kartı ilə daxil ola bilər. Əks təqdirdə, binaya keçid mümkün deyil. 

Beləliklə, universitetlərlə bağlı apardığımız eksperimentdən aydın oldu ki, bəzi universitelərimizin təhlükəsizlik sistemində hələ də boşluqlar mövcud olsa da, əksər ali təhsil müəssisələrinin mühafizəsi ciddi şəkildə qorunur. 

Bəs məktəblərdə vəziyyət necədir? 

Bu suala cavab tapmaq üçün Bakının Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseydə olduq. Məktəbin həyətinə daxil olub, binaya keçid etmək istədikdə məktəbin xanım əməkdaşı dərhal bizə yaxınlaşaraq, çöldə gözləməyimizi, kənar şəxslərin içəriyə daxil olmasının qadağan olduğunu bildirdi. 

Digər bir neçə məktəbdə də oxşar vəziyyəti müşahidə etdik.

Ticarət mərkəzlərinin necə qorunmasına gəldikdə, insanların daha çox üz tutduğu “Gənclik Mall” ticarət mərkəzində olub, buradakı təhlükəsizlik tədbirləri ilə maraqlandıq. Müşahidə etdik ki, ticarət mərkəzinin girişində xüsusi  cihaz quraşdırılıb və hər kəs bu cihazın altından keçir. Kimin cibində metal, təhlükəli əşya varsa, aparat səs çıxarır. Lakin nə xanım, nə də kişi mühafizəçisinin içəri daxil olan şəxslərin çantasını yoxladığını müşahidə etmədik.

Bakı metrosunun isə təhlükəsizlik tədbirlərinə kifayət qədər ciddi nəzarət olunduğunu deyə bilərik. Məlum məsələdir ki, hər gün metrodan yüz minlərlə sərnişin istifadə edir. Bu baxımdan metro stansiyalarının təhlükəsizliyi həssas yanaşılmalı məsələdir. Qara iri çanta ilə metronun “Gənclik” stansiyasına keçid etməyə çalışdıq. Müşahidə etdik ki, girişdə polis əməkdaşları tərəfindən metroya girən hər bir kəsin əşyaları və çantaları xüsusi “X-Ray” cihazı vasitəsilə yoxlanılır və çantaların içinə baxış keçirilir. Çantanın böyük və yaxud kiçik olması fərq etmir, mütləq şəkildə yoxlamadan keçdikdən sonra sərnişin stansiyanın içərisinə daxil ola bilir. 

Beləliklə, metro ilə bağlı apardığımız eksperimentdən deyə bilərik ki, hazırda Azərbaycanda metrostansiyaların təhlükəsizlik tədbirlərinə kifayət qədər ciddi nəzarət olunur.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı bildirib ki, mühafizəçilərə xüsusi təlimlər keçilməlidir: “Sonuncu təhdid Teleqram kanalında yayılıb və ola bilsin ki, hansısa radikal dindarlar tərəfindən həyata keçirilib, bu da çox təhlükəlidir. Bu məsələyə xüsusi diqqət etmək lazımdır, çünki oxşar məzmunlu təhdid daha əvvəl Tatarıstanda yayılıb. Doğrudur, hadisə baş vermədi, amma radikal dindarların göndərdikləri mesajlara diqqət etmək lazımdır.

O ki qaldı mühafizə sisteminin bəzi yerlərdə yaxşı, bəzilərində zəif təşkil olunmasına, hesab edirəm ki, böyük ticarət mərkəzlərinin, eləcə də məktəblərin bütün giriş-çıxışlarında ciddi yoxlamalar keçirilsə, çox böyük narazılıqlar, xof yarada bilər. Buna görə də həm texnikadan, həm də canlı qüvvədən istifadə etmək lazımdır. Amma zaman məsələsinə xüsusi diqqət olunmalıdır.

O ki qaldı mühafizəçilərə, onlar bilirlər kim yad adamdır. Amma bununla belə, şübhəli şəxsləri tanımaq üçün peşəkarlıqları olmalıdır, bilməlidirlər ki, kimdən şübhələnmək olar. Bu istiqamətdə mühafizəçilərə maarifləndirici, təkmilləşdirici təlimlər keçmək çox yaxşı olar".

Xalidə GƏRAY,
Fotolar müəllifindir
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR