İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məhsul” və Maydan; başqan düzmü seçdi...

4216 15.12.2013 22:43 Yazarlar A A


Elbəyinin təklifi əslində belə idi ki, Milli Şuranın qurucusu və fəxri sədri Rüstəm İbrahimbəyov bu işi görsün. Getsin, Milli Şura adından Ukrayna xalqına dəstək ifadə etsin, Rusiyanın təzyiqlərini pisləsin. Musavat.com-un yaydığı bu köşədən sonra sosial şəbəkələrin künc-bucağında fırlanan ideya siyasi düşərgənin mərkəzinə gəldi. Professor Cəmil Həsənli mediaya açıqlama verib, dedi ki, Kiyevə özü gedə bilər. Lakin günlər keçdi, kimsə getmədi. Buna baxmayaraq, ideya köhnəlmədi. Artıq bir çoxları Azərbaycan müxalifətini, xüsusi ilə Milli Şuranın rəhbərlərini facebook-da qınamağa, məhkum etməyə başlamışdılar. Ki, bilet alıb, Maydana ketmək, orada xalqımızın, müxalifətin adından təmsil olunmaq qədər sadə işi bacarmırlar.   

14 dekabr səhəri Müsavat başqanından mesaj aldım -  Kiyevə gedirəm, maraq göstərirsənsə, müxbir göndər...

Xəbər mətbuatda yayılan kimi tərs qınaqlar işə düşdü. “Bakıdakı mitinqi buraxıb, Kiyevə niyə gedir... Müsavat Milli Şuraya zərbə vurdu...” kimi absurd demoqojilər dövriyyəyə girdi. Biriləri belədirlər, nə edəsən. Dözərək, doğru bildiyin nədirsə etmək lazım...   

Dünya demokratiyasının Baş Maydanı hazırda Kiyevdir. Orada olmaq mühümdür. İsa Qəmbər özünün möhtəşəm çıxışı ilə Azərbaycanın demokratik düşərgəsinin səsini və dəstəyini oradan dünyaya duyurdu, bu işi yüksək səviyyədə bacardı. Həm də bu, yalnız Müsavat başqanının və bu partiyanın uğuru deyil. Azərbaycanın demokratik düşərgəsinin uğurudur. Azərbaycan adına vacibatdır. İsa Qəmbərin Maydanda çıxışı əslində ölkəmizə qarşı mümkün təhlükələrlə bağlı Azərbaycan hakimiyyətinin də demək və eşitmək istədiyi söz idi. Müsavat başqanı Azərbaycanı gözləyə biləcək təhlükədən, həm də belə bir seçim qarşısında qalarsa, hansı yolu tutacağını bütün demokratiya paytaxtlarına Maydandan anons etdi.

Başqan Maydana getməsəydi, belə bir fürsət qaçırılacaqdı, xalq adından olan bu təmsiliyyət olmayacaqdı, bu fakt baş verməyəcəkdi. Dünya demokratiyasının Baş Maydanından səsimiz gəlməyəcəkdi. Amerikanın nüfuzlu senatoru Makkeynlə təmas, Ukraynanın demokratik düşərgəsinin liderləri ilə görüş baş verməyəcəkdi. Cəmi bir günlük proqramla Kiyevə gedən Müsavat başqanı qısa müddətdə demokratik düşərgə adından o qədər iş bacardı ki, ona təşəkkür etməmək mümkün deyil. 

Bakıda qalsaydı, ağır hava şərtlərindəki sönük mitinqdə parlaq çıxış edənlərdən biri də o olacaqdı. Hansı ki, elə Ukraynanın paytaxtında da hava durumu münasib sayılmaz. Hətta Bakıdan daha ağırdır -  qar yağıb, mənfi 3 dərəcə soyuq var... Bakı da mühümdür -  lakin burada məsələ məlumdur. Milli Şuranın 2013-cü il üçün qapanış mitinqi baş tutdu. Yenə də Müsavat və AXCP-nin fədakar üzvləri canları ilə fədakarlıq yapdılar, meydanı boş qoymadılar, lakin xalq yenə də gəlmədi... Bahalıq şüarı və ideologiyası da onu tərpətmədi. Ancaq Kiyevdə məsələ bir başqadır. Orada post-sovet ölkələrinin, xüsusi ilə də Azərbaycanın taleyi həll olunur. Kiyev, Ukrayna xalqı həm də Bakı demokratlarının əvəzindən dirəniş göstərir ruslara. Onlar təslim olsaydı, bizim demokratik düşərgənin vəzifələri onqat çətinləşəcəkdi. İqtidarınsa, ortaya müqavimət qoyacağını, demokratiya, Avrointeqrasiya uğrunda Putinə qarşı savaşacağını kimsə ehtimal olaraq da qəbul etməz...

Bu baxımdan, başqanın 15 dekabrda Bakıda, “Məhsul”da yox, Kiyevdə, Maydanda olması doğru və müdrik seçimdir.     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR