Dövlət korporasiyası tərəfindən təzminat tələbi ilə qaldırılan iddiadan sonra Çubais və keçmiş “Rusnano” top menecerlərinin 11,9 milyard rubl dəyərində aktivlərinə həbs qoyulub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Moskva Arbitraj Məhkəməsi “Rusnano”nun keçmiş rəhbərliyinə qarşı qaldırdığı təzminat iddiasında aktivlərin müsadirə edilməsi barədə qərar qəbul edib. Hakim Anna Petruxina şirkətin cavabdehlərin əmlakını və vəsaitlərini müsadirə etmək barədə vəsatətini təmin edib.
İddia Rusiyada maqnitorezistiv təsadüfi giriş yaddaşının (MRAM) istehsalını qurmaq üçün planlaşdırılan “Crocus” layihəsi ilə bağlıdır. “Rusnano” iddia edir ki, keçmiş menecerlərin hərəkətləri əhəmiyyətli itkilərə səbəb olub və şirkət hazırda bunun üçün kompensasiya tələb edir.
Məhkəmə qeyd edib ki, iddiaların miqyası və sənədləşmənin həcmi səbəbindən məhkəmə prosesi uzadıla bilər. Hakim vurğulayıb ki, bu müddət ərzində cavabdehlər aktivləri xaricə köçürmək imkanını saxlayırlar ki, bu da iddiaçının xeyrinə qərarın icrasına təsir göstərə bilər.
Musavat.com






