İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevin xidmətçiləri

1912 06.08.2022 08:10 Yazarlar A A

“İmam tək-tək tapılar, tin başı şümürdür”

(Azərbaycan ata sözü)

Doğrusu mən “Britaniyada səfirliyimizə vandallar soxulub” başlığını görəndə ağlıma ilk bəzi sarsaq yutuberlərimiz gəldi. Onlar internetdə hökuməti söyən paylaşımlar edirlər. Nitqləri təmiz vandalizmdir. Fikirləşdim yəqin artıq hərəkətə keçiblər, səfirlik işğal olunubdur. Ancaq sonra bu cinayəti dini radikalların elədiyini oxuyanda sakit oldum, ürəyim yerinə gəldi. Çünki dindarlar nə eləsələr də, onlardan xalqımıza ziyan gəlməz. Tarix boyunca xalqımızın dinə, dindara münasibəti olduqca tolerant olmuşdur. Bizdə Babək rayonu da var, Ərəbuşağı kəndi də. Ateist filosofumuzun adına olan küçədə İran səfirliyini yerləşdirmişik. Bütün dünyada sünnilərlə şiələr bir-birini qırıblar, lakin bizdə Əli Ömərov adında adam vardı. Hətta baş prokuror qoymuşduq.

Şeyximizin hörməti bütün Qafqaza yayılıb. Qardaşı deputatdır, qudası 28 dəfə Həccə getmək rekordu vurmuşdur, Abşeron yarımadasında xeyli torpaqları da vardı, deyəsən, son illər bəzisini Rəsul Quliyev tutub aldı. (dəli şeytan deyir Britaniya hadisəsini bu torpaq alveri ilə əlaqələndir və Rəsul müəllimin Bakıdakı səlahiyyətli səfiri Ağasif Şakiroğlundan açıqlama al).

Mollalar qəbiristanlığa gedəndə yağışa, palçığa düşməsin deyə hökumətimiz onlara avtomobil ayırmışdır. Sanarsan müharibə veteranı, xalq artisti, nə bilim, AYB üzvüdürlər. Biz dünyada yeganə dövlətik ki, mollalar dövlət büdcəsindən maaş, maşın, xidmətçi, katibə, təsbeh, aftafa və sairə zəruri iş vəsaitləri ilə təmin edilmişdir. Qafqaz Müsəlmanları İdarəsindən başqa Dini işlər Komiteti də düzəltmişik. Yəni bu saat göylərlə əlaqəmizə azı 3 idarə baxır (üçüncüsü də Azərkosmos-dur).

Regionda ən böyük məscid 4-cü mikrorayon tərəfdə tikilib. Orda azan veriləndə Biləcəridən Birminhemə qədər yayılır. İşğal edilən torpaqlarımız azad olunanda da hökumət ilk olaraq məktəb tikməyə yox, məscidləri bərpa etməyə başladı.

Din bizim hökumət üçün çox vacib dövlətçilik atributudur. Çünki hökumətdə olanlarımız sovet vaxtı Marksı yaxşı oxuyublar, bilirlər ki, din xalq üçün nə deməkdir.

A kişi, xalqımız üçün ən əziz mərasim toydur, hər kəsin həyatda yeganə məqsədi evlənmək, nəsil artırmaqdır, lakin biz buna da ildə bir ay veto qoyuruq. Məhərrəmlikdə. Ən azı qırx gün heç kim evlənmir. Bu, Azərbaycan xalqı üçün nə deməkdir, fikirləşirsinizmi? Qırx gün qudalar oynamır, qırx gün gəlinlərə həna qoyulmur, qırx gün yengələr işsiz qalır. Böyük itkidir. Lakin biz dini baxımdan buna dözürük. Başqa nə hadisə olsa, dözmərik.

Bəs bu Britaniyadakı təxribatın, səfirliyimizə soxulan radikal dindarların tələbi nədir ki, biz ona indiyəcən əməl etməmişik? Mənim ağlıma bircə versiya gəlir.

Keçən il Bakıda “Şaurma 1" restoranının şəriklərindən Aqil müəllim tutuldu. İttihama görə Aqil müəllim özünü axırıncı imam Mehdi elan edərək dələduzluqla məşğul olurmuş. Bir sürü adamı toruna salaraq üst-üstə 2 milyon manatdan çox ələ keçiribdir. Eləsi var, onun hətta 500 min manatını alıbdır. Guya xeyriyyə fondu yaradıb yetim-yesirə yardım edəcəkmiş. Əvəzində isə onlara cənnətdə yer verirmiş. Sözün əsl mənasında. Sotu filan manata. Təsəvvür elə.

Gör necə istedadlı adamdır. Hətta mən düşünürəm ki, o elə əsl imamdır. Yalnız əsl imam insanların qəlbinə yol tapıb o qədər pul yığardı. Dediklərində, vədlərində də dinə, imana zidd heç nə yoxdur. Din elə aşağı-yuxarı budur da bə. “Mollaya nəzir ver, sənin üçün dua eləsin, o tayda cənnətin yağlı yerindən sənə bir villa, həyətdə isə cananlar”.

Kim nə bilir? Qədimdə o qədər peyğəmbər olub, camaat daşqalaq edib, öldürüb, sözünə inanmayıb. Bir gün Aqil müəllimin sonuncu imam olması isbata yetəndə nə edəcəksiniz? Hamınıza qənim olacaq. Bunu xüsusən hakim və prokuror üçün yazıram, çünki iki gün qabaq Aqil müəllimin məhkəməsində ilkin baxış iclası olmuşdur.

Səfirliyə girənlər o məhkəməyə görədir. Adları da “Mehdinin xidmətçiləri” qrupudur. Hər şey düz gəlir. Səfirliyi tutublar ki, hökumətimiz axırıncı imamı azad eləsin.

Bir versiyam da qrupun adını gizlətməsi, əslində “Mehdiyevin xidmətçiləri” radikal qrupu olmasıdır, ancaq hələlik buna çox inanmıram. Gözləyək, görək Mİ-6 nə deyəcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR