İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevə məktub yazan tarixçi alimə hökm oxundu

1391 03.07.2024 12:25 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevaya hökm oxunub. Müttəhimlər Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirli biliniblər.

Musavat.com xəbər verir ki, hökmə əsasən, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevaya şərti cəza təyin olunub.

Tarixçi alim Səbuhi Hüseynov məhkəməsində deyib ki, ekspedisiya məqsədilə tədqiqatçılara ayrılan pulun 50 faizini rəhbərlik onlardan tələb edirdi. Onun sözlərinə görə, elmi işçisi olduğu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundakı korrupsiya haqda o zaman Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə məktub yazıb. İddia edir ki, bu şikayətlərinə görə, sonradan özü də, həyat yoldaşı da şərlənib və hazırda məhkəmə qarşısına çıxarılıblar.

“Ramiz Mehdiyevə dedim ki, əncam çək. Göründüyü kimi, o da belə əncam çəkdi...”.

41-yaşlı tarixçi alimin həyat yoldaşı Gülüstan İsayeva  Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda kadrlar şöbəsinin müdiri işləyib. O, həyat yoldaşına 92 min 700 manat vəsaitin mənimsənilməsinə yardım etməkdə suçlanırdı.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tanınıb.

 

E.Məmmədəliyev,

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR