İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyətsiz iki il

1818 22.12.2022 19:57 Yazarlar A A

“Dərdin, kədərin var,
Çox dərdi-sərin var,
Bu köhnə başında
Tazə xəbərin var”.
(Sabir)

Korrupsiya ilə mübarizə tədbirləri nəticə verir. Artıq insanlarımızda vəzifə hərisliyi, məmur olmağa maraq, dövlət qulluqçusu işində çalışmaq yanğısı azalır. Məsələn, dünən Maliyyə Nazirliyində Monitorinq İdarəsinə gənc bir insanı müdir qoydular. Uzun əziyyətdən sonra. Heç kim o işdə çalışmaq istəmirdi. Hakimiyyət dəhlizlərindən sızan xəbərə görə, hətta rəhbərlik idarəni ləğv eləmək istəyirmiş.

Əslində, dövlət maliyyəsinə, xalqın puluna hazırda o qədər ciddi nəzarət var ki, heç idarəyə ehtiyac da duyulmur. Pulu qoyursan dövlət büdcəsinə, ilin axırında son qəpiyinəcən sayıb geri götürürsən. Bir adam əl vurmur. Hətta camaat maaşlarını belə almaq istəmir! Deyirlər təki vətən sağ olsun! Ona görə hər dekabrda büdcəmizdə milyardlarla qalıq qalır. Təklif edirəm o vəsaitlə qazın limiti qaldırılsın, uşağı olmayanlara isə vergi kəsilsin. Uşaq pulu istəyən onsuz da yoxdur.

İkincisi, dünən mədəniyyət naziri Anar müəllim uzun sürən ağır fəaliyyətdən sonra vəzifəsindən çıxarıldı. Onun çıxarılması, yalan olmasın, Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanını xatırladırdı. Hamı – rəssamlardan artistlərə, ifaçılardan züyçülərə qədər – çoxdan Anar müəllimə rəhmət oxuyurdu. Deyirdilər o, teatrlarda lüzumsuz yoxlamalar təşkil edir. Görüşəndə xalq artistlərini üzdən tanımır. Bir qavalçalana isə rəhmətlik muğam ustasının adıyla müraciət edibmiş, elə bilirmiş kişi sağdır. Ömər Eldarovu görəndə “Habil müəllim, necəsiniz?” soruşubmuş.

Ancaq mən eşitdiyimə görə mədəniyyət naziri adının güdazına gedibdir. Bu il planda var idi ki, Anar adlı kimsə işdən çıxarılsın. Yazıçı Anar bərk dirəndi, AYB sədrliyindən onu tərpədə bilmədik. Kvotaya uyğun olaraq məcbur qaldıq mədəniyyət naziri Anar müəllim getsin.

Lakin mən hadisənin başqa elementinə diqqət çəkmək fikrindəyəm: nazirin vəzifə müddətinə. Bu, ölkəmiz üçün görünməmiş yenilikdir. Anar Kərimovu 2021-ci ildə nazir qoymuşdular, 2022-ci ildə isə çıxardılar. Cəmi 2 il nazir işləmişdir.

Müqayisə üçün, bundan qabaqkı mədəniyyət nazirlərimizi yada salın. Polad Bülbüloğlu 1988-ci ildə nazir qoyulmuşdu, yalnız 2006-cı ildə işdən çıxarılmışdı. Düz 18 il. İlk dəfə 1988-ci ildə onu Azərbaycan SSR mədəniyyət naziri qoymuşdular. Təsəvvür edin, onun nazir olduğu dönəmdə SSRİ yıxılmış, ölkəmiz müstəqillik qazanmış, Nyu Yorkda qoşa qüllələr dağılmış, Halley kometi Yerin ətrafından 3 dövrə vurmuş, dinozavrlar məhv olmuş, bir neçə hakimiyyət dəyişikliyi olmuşdu, lakin Polad müəllim vəzifəsində qalmışdı. 1990-ların ortalarında satirik “Çeşmə” qəzeti belə bir mövzu yazmışdı ki, Azərbaycanda prezident seçilənlər üç şeyə and içirlər: Qurana, Konstitusiyaya və Polad Bülbüloğlunu işdən çıxarmayacaqlarına.

Təbii, dünyada əbədi heç nə yoxdur, 2006-da Polad müəllim mədəniyyət naziri olmaqdan çıxdı. Yerinə gələn Əbülfəs Qarayev isə 2018-ci iləcən çalışdı. 12 il. O aralar nazirliyin adında da müəyyən dəyişikliklər baş vermişdi, turizmlə cütləşib ayrılmışdı, lakin mövzumuz bu deyil.

Uzun sözün qısası, arada iki il nazir səlahiyyətlərini icra etməsini nəzərə almasaq, Anar müəllimin mədəniyyətimizə başbilənlik etmə müddəti cəmi 2 il olmuşdur. Rəqəmlərə bir daha diqqət edin: 18, 12, 2. Bundan böyük islahat ola bilməz. Nazir qoyulur, xalqın etimadını doğrultmursa, xalq artistlərini tanımırsa uzağı 2 il ömür sürür. Dərhal onu dəyişirlər.

Yəqin indən sonra kinoçəkənlərimiz çoxlu “Oskar” alacaqdır, nazirin səlahiyyətlərini icra edən yoldaş Kərimli isə xalq artistləri neçə yüz nəfərdisə hamısının şəklini qabağına qoyub adlarını əzbərləyəcəkdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR