İnsanlara hürriyət, millətlərə istiqlal!

MB Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı - realdırmı...

1644 02.02.2023 08:04 İqtisadiyyat A A

 

Pərviz Heydərov: “Tənzimlənən qiymətlər artırılmasa, inflyasiya azalacaq, yoxsa”...

Fevralın ilk günlərində dünyanın əksər mərkəzi bankları uçot dərəcələrinə yenidən baxır. Gözlənilir ki, ABŞ Federal Ehtiyatlar Sistemi(FED) uçot dərəcəsini 0,25 baza bəndi, Avropa Mərkəzi Bankı 0,50 baza bəndi, Böyük Britaniya Bankı isə 0.50 baza bəndi artıracaq. Bu addımlar bilavasitə inflyasiyanın səviyyəsini azaltmağa yönəlib. Ötən ilin payızından inflyasiyanın azalmağa başlaması uçot dərəcələrinin artım sürətini də azaldıb.

Fevralın 1-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti də uçot dərəcəsinə yenidən baxıb. İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5 faizə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75 faizə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5 faizə qaldırılıb. Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata əsasən bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Qurum bildirir ki, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən etibarən ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb. Bu isə Azərbaycan manatının məzənnə sabitliyinə müsbət təsir göstərir: “Əksər ölkələr tərəfindən pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən dinamikasına da təsir göstərir. Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olaraq qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir. Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır”.

Mərkəzi Bankda hesab edirlər ki, ölkədə icra olunan yeni sosial paket xərcləmələri artırmaqla inflyasiyaya artırıcı təsir göstərə bilər: “İnflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVİD-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir. 2022-ci ildə əhalinin nominal gəlirlərinin 20 faizi üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər. 2022-ci ilin dekabrında illik inflyasiya 14.4 faiz olmuşdur ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15.6 faiz) ilə müqayisədə cəmi 1.2 faiz bəndi azdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19 faiz olmaqla yüksək olaraq qalır. İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10.2 faiz, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10.6 faiz olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23.4 faiz olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir. İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22 faizə yüksəlmişdir. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir”.

Bütün bunları nəzərə alan AMB hesab edir ki, yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiya 8 faiz ətrafında olacaq.

İnflyasiya mühitində qeyd olunan risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı azaltmağa çalışır: “2022-ci ilin sentyabrından başlayaraq yeni pul siyasəti alətlərinin tətbiqi nəticəsində həm təminatlı, həm təminatsız banklararası bazarda ilk dəfə olaraq qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlamışdır. Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik səviyyəsində də adekvat reaksiya müşahidə edilir. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bank not hərraclarının şərtlərinə müntəzəm yenidən baxır. Pul siyasətinin sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi 2022-ci ildə manatla pul bazasının artım tempini 10.2 faiz bəndi azaldaraq 12.1 faizə endirmişdir. Qeyd edək ki, ilin son ayında pul təklifinin artım tempinin yüksəlməsi əsasən fiskal əməliyyatlarla bağlı olmuşdur. Ötən il məcburi ehtiyatlar üzrə normaların qaldırılması və müvafiq makroprudensial tələblərin sərtləşdirilməsi kredit aktivliyinin məhdudlaşmasına imkan vermişdir. Nəticədə 2022-ci ildə istehlak portfeli üzrə orta aylıq artım tempi iyul ayından sonra 2.3 faizdən 1.6 faizə azalmışdır. Faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair yeni qərar qəbul edilmişdir. Qərara alınmışdır ki, 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlasınlar. Qeyd olunan qərarlar monetar şəraiti sərtləşdirməklə inflyasiyanın tələb amillərinin effektiv tənzimlənməsinə imkan verir”.

Mərkəzi Bank bəyan edir ki, bundan sonra da məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq üçün sərəncamında olan bütün alətlərdən və mexanizmlərdən istifadə edəcək.

Qeyd edək ki, bugünlərdə Beynəlxalq Valyuta Fondu (BVF) 2023-2024-cü illər üzrə qlobal inflyasiyaya dair proqnozunu açıqlayıb. BVF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatına əsasən, qlobal inflyasiya 2022-ci ildəki 8,8  faizdən (orta illik göstərici) 2023-cü ildə 6,6  faizə, 2024-cü ildə isə 4,3 faizə düşəcək. Bu, pandemiyadan əvvəlki səviyyədən (2017-2019-cu illər) yüksəkdir. O vaxt qlobal inflyasiya təxminən 3,5 faiz təşkil edib: “2023-cü ildə ölkələrin təxminən 84 faizində ötən illə müqayisədə aşağı ümumi inflyasiyanın (istehlak qiymətləri indeksi) olacağı gözlənilir. Proqnozlaşdırılan azalma qlobal tələbatın zəifləməsi səbəbindən qlobal yanacaq və qeyri-yanacaq məhsullarının qiymətlərindəki enişi qismən əks etdirir. Bu, həmçinin pul-kredit siyasətinin sərtləşdirilməsinin əsas inflyasiyaya "soyuducu" təsir göstərdiyini əks etdirir. İnflyasiyanı qlobal miqyasda 2022-ci ilin dördüncü rübündəki 6,9  faizdən (illik hesablamada) 2023-cü ilin dördüncü rübündə 4,5 faizə qədər azalacağı gözlənilir. 2024-cü ilə qədər proqnozlaşdırılan orta illik ümumi və əsas inflyasiya müvafiq olaraq ölkələrin 82 faiz və 86 faizində hələ də pandemiyadan əvvəlki səviyyədən yuxarı olacaq".

IMF-nin proqnozlarına görə, inkişaf etmiş iqtisadiyyatlarda orta illik inflyasiya 2022-ci ildəki 7,3 faizdən 2023-cü ildə 4,6 faizə, 2024-cü ildə isə 2,6 faizə enəcək. Bu da bəzi hallarda hədəflənən göstəricilərdən daha yüksəkdir. Bazarları formalaşmaqda olan və inkişaf etməkdə olan ölkələrdə proqnozlaşdırılan illik inflyasiya 2022-ci ildəki 9,9 faizdən 2023-cü ildə 8,1 faizə , 2024-cü ildə isə 5,5  faizə düşəcək. Bu da pandemiyadan əvvəlki orta göstəricidən (4,9  faiz) (2017-2019) yüksək olacaq. Aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın 2022-ci ildəki 14,2  faizdən 2024-cü ildə 8,6 faizə enəcəyi proqnozlaşdırılır. Bu, hələ də yüksək göstərici olsa da, pandemiyadan əvvəlki orta səviyyəyə yaxındır.

Oxu.az - Elmin inkişafı büdcədən nə dərəcədə asılıdır?

Pərviz Heydərov

Bəs Azərbaycan Mərkəzi Bankının 2023-cü il üzrə inflyasiya proqnozu nə qədər realdır? Hökumət və AMB inflyasiyanın iki dəfəyə yaxın azalmasına nail ola biləcəkmi? İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, 2022-ci ildəki inflyasiya Azərbaycanda son 20 ildə rəsmi qeydə alınan ən yüksək göstəricilərdən biridir: “Bunun da səbəbləri məlumdur. Postpandemiya dövrünün çətinlikləri, Ukraynada başlayan müharibə nəticəsində qlobal bazarlarda enerjidaşıyıcılarından başlayaraq bütün əmtəələr üzrə qiymətlərin kəskin bahalaşmasına səbəb oldu. Bu proses Azərbaycana da təsirini göstərdi. Qlobal bazarlarda inflyasiya yalnız 2022-ci ilin son rübündə azalmağa başladı. Azərbaycanda isə illik 15 faizə yaxın ümumi inflyasiya, 20 faizdən yuxarı ərzaq inflyasiyası qeydə alındı. Real inflyasiya bundan daha yuxarı oldu. Hökumət bu il inflyasiyanı ikiqat azalda biləcəkmi? Düşünürəm ki, bunu bacarsaydı, hökumət elə 2022-ci ildə inflyasiyanı azalda bilərdi. Ötən il bir sıra addımlar atılsa da, real olaraq inflyasiyanın artım tempini azaltmaq mümkün olmadı. Bu baxımdan, 2023-cü ildə də ciddi bir uğurun əldə olunacağını gözləmirəm. Şükürlər olsun ki, biz enerjidaşıyıcılarını özümüzü istehsal edirik, idxal etmirik. Məlumdur ki, Avropada inflyasiyanı körükləyən əsas amil məhz enerjidaşıyıcılarının qiymətindəki bahalaşma oldu. Bu bahalaşma bizim üçün xeyli komfortlu şərtlər formalaşdırdı: ölkəyə valyuta axını çoxaldı, milli valyutanın məzənnəsi qorundu”.

Ekspertin fikrincə, 2023-cü ildə Azərbaycanda inflyasiyanın səviyyəsi qlobal bazarlara bağlı olaraq dəyişəcək: “Ciddi bir siyasi-hərbi böhran yaranmazsa, bu il enerjidaşıyıcılarının qiymətinin xeyli azalması gözlənilir. Bu isə ərzaq və digər bazarlarda da qiymətlərin düşməsinə səbəb olacaq. Nəticədə, Azərbaycanda da ilin ikinci yarısından inflyasiyanın azalması gözləniləndir. Lakin bu azalmanın ikiqat olub-olmayacağını söyləmək mümkün deyil. Burada hökumətin tənzimlənən qiymətlərə dair artırıcı qərarları da ciddi rola malikdir. Əgər benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq. Azərbaycan hökuməti diqqətini ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Əsas ərzaq məhsullarının istehsalı təhlükəsizlik səviyyəsinə çatdırılmalı, bu mümkün olmadıqda, idxal vergi və rüsumları sıfırlanmaqla bahalaşma cilovlanmalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR