İnsanlara hürriyət, millətlərə istiqlal!

Maya qoymağa qürbət, soymağa vətən yaxşı? – Məmmədovlar yenidən gündəmdə

3134 10.07.2024 10:30 Yazarlar A A

Ziya Məmmədov vəzifədən yeni çıxarılmış olsa və dərhal oğlu barədə belə xəbər yayılsa, müdafiəçiləri, trolları deyərdilər, “yıxılana balta vurursunuz”. At ürküb örkən aparardı.

Jurnaistlər də sübut etməyə çalışardılar ki, elə şey yoxdur, obyektiv gerçəkliyi yazırlar.

Ancaq bu mərhələ çoxdan geridə qalıb. Ziya Məmmədovun nəqliyyat naziri vəzifəsindən götürldüyü 7 ildir. Yeddi il öncə yazanlar yazdı, pozanlar pozdu, amma sabiq nazir, demək olar ki, sudan quru çıxdı və öz kəndinə gedərək təsərrüfatla məşğul olmağa başladı.

Əslində isə o, yıxılmış sayılmazdı. Nazir olarkən topladığı nüfuzun, varidatın, ad-sanın mühüm hissəsini itirməmişdi. “Yıxılmış” ona deyərlər ki, çox şeyini, üstəlik də azadlığını itirər, gedib türmədə yatar.

Bu günlərdə beynəlxalq mediada sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov barəsində yayılan iddialar isə göstərir ki, ailənin biznesi çiçəklənməkdə, sərvəti artmaqdadır.

Qərb mediası (“Azadlıq” radiosu) yazıb ki, 43 yaşlı Anar Məmmədov KFC-nin İngiltərədəki zəncirinə milyonlarla dollar sərmayə yatırıb. Üstəlik, A.Məmmədovun Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da varmış.

Harada? İngiltərədə, Londonda. Bu ölkənin hüquq-mühafizə orqanları tez-tez ölkə xaricində əldə olunan və Birləşmiş Krallığa gətirilən milyonların qaynağını araşdırır, böyük pulların nə dərəcədə dürüst yolla qazanıldığını öyrənməyə çalışır.

Bu xüsusda İngiltərədə vaxtaşırı qalmaqallar olur. İndiyədək bu ölkəyə “çirkli pullar” aparmış onlarla, yüzlərlə siyasət və iş adamları hüquqi təqibə məruz qalıb, bir xeylisinin varidatı müsadirə edilib, bəzilərininki tələb edən ölkələrə qaytarılıb.

Maraqlıdır ki, Anar Məmmədova, eləcə də Azərbaycanda külli miqdarda qanunsuz vəsaitlər əldə edərək Londona daşıyan oliqarxlara dəyib-dolaşan yoxdur. Ya bizimkilər sübut edirlər ki, İngiltərədə tədarük etdiklər malikanələr, qurduqları biznes obyektləri sırf halal pullarla ərsəyə gəlib, ya da britaniyalı təhqiqatçılar həqiqəti bilə-bilə göz yumurlar. Çünki bu cür pullar onların ölkəsinin iqtisadiyyatına fayda gətirir.

Heç demə, iki öl öncə Anar Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə ilk dəfə məlumat yayılanda onun atası Ziya Məmmədov xəbəri təkzib edərək medianı və ictimaiyyəti aldadıbmış.

Əlbəttə, o durub qürur duya-duya “bəli, oğlumun Londonda restoranları da var, 30 milyonluq mülkü də” deməyəcəkdi. Bu, öz ayağına balta vurmaq demək olardı. Ancaq bir halda ki, nizəni çuvalda gizlətmək mümkün deyil, həqiqət əvvəl-axır üzə çıxacaq, o zaman Z.Məmmədov suala diplomatikcəsinə belə cavab verə bilərdi: “Oğlumun Britaniyada müəyyən biznesi var. O da bir işlə məğul olmalıdır, ya yox”. Vəssalam.

Amma bir çoxları kimi, Ziya müəllim də qızıl-qırmızıca “elə şey yoxdur, yalandır” demişdi. Məlum olur ki, elə şey varmış, hətta təsəvvür edildiyindən çoxmuş. Bir qürbətçinin İngiltərənin şimal-qərbində azı 20 restoranının olması adi sərvət deyil. Belə çıxır ki, maya qoymağa qürbət ölkəyaxşıdır, soymağa – vətən.

Yeddi ilə yaxın idi ki, onlardan yazan yox idi. Hərdən kiminsə yadına düşərdi, nəsə yazardı, onun xaricində Məmmədovları yada salan olmurdu, heç kəs onlara qarşı kampaniya aparmırdı. Çünki Məmmədovların bədxahları öz istəklərinə çatmış, Z.Məmmədovun yüksək dövlət vəzifəsindən götürülməsinə, iqtisadi imperiyasının çöküşünə nail olmuş, əl çəkmişdilər.

Ancaq belə görünür ki, bu şəxslərə qarşı çatılmış tonqalın eləcə üstü qorlanıbmış, kül altında köz qalırmış. İndi onun üstünə bir kanistr benzin çilənib.

Atası vəzifədə olanda Anar Məmmədovun etdiyi cavanlıq, əhlikeflik də unudulub getmişdi, onun Qəbələdəki restoranda 1 milyon manata ayı kəsdirməsindən bəlkə də yeni nəslin xəbəri yoxdur.

Yeri gəlmişkən, restoranın içindən Azərbaycan mediasına sızdırılmış bu xəbəri tirajlamağa cəsarəti çatan media qurumlarının hamısı Məmmədovlar tərəfindən çəkildikləri məhkəmədə ciddi başağrısı yaşamışdılar. Məmmədovların vəkilləri qəzetlərdən əl çəkmirdilər, cərimələtdirərək, böyük borca salaraq bağlatdırmaq istəyirdilər.

Əslində medianın Məmmədovlara qarşı qalxmasının, Ziya Məmmədovu və Anarı dilə-dişə salmasının əsas səbəbi də o hadisə oldu. Bir də taksi sürücülərinin Nəqliyyat Nazirliyinin müfəttişləri (onlara “Ziya Məmmədovun qoçuları” deyirdilər) tərəfindən vaxtaşırı və amansızcasına döyülməsi hadisələri ata-oğulu xalqın gözündə odios fiqurlara çevirmişdi.

İndi onların adı yenidən hallandırılır. Bu dəfə təşəbbüs xarici mediadan gəlib. Bizim jurnalistlərdən və təhqiqatçılardan fərqli olaraq, xarici jurnalistlər və ingilis təhqiqatçılar tutduqlarını qoparandırlar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR