"Neuralink" şirkətinin qurucusu İlon Mask şirkət tərəfindən hazırlanan beyin implantlarının uğurlu tətbiqi ilə bağlı mühüm açıqlama verib.
Musavat.com-un xəbərinə görə, Mask bildirib ki, artıq üçüncü insana "Neuralink" implantı uğurla yerləşdirilib və bu texnologiya yeni mərhələyə qədəm qoyur.
Onun sözlərinə görə, 2025-ci ildə bu prosedur daha geniş miqyasda tətbiq ediləcək. İl ərzində 20-30 nəfərə "Neuralink" implantlarının yerləşdirilməsi planlaşdırılır. Bu, insan beyni ilə kompüter arasında birbaşa əlaqə qurmağı hədəfləyən texnologiyanın daha sürətlə inkişaf etməsinə və geniş tətbiq olunmasına şərait yaradacaq.
"Neuralink" implantları sinir sistemini bərpa etmək, müxtəlif xəstəliklərin müalicəsində yeni imkanlar yaratmaq və insanlarla süni intellekt arasında inteqrasiyanı təmin etmək məqsədi daşıyır. İlk mərhələdə bu texnologiyanın sinir xəstəliklərindən əziyyət çəkən şəxslər üçün istifadə olunması nəzərdə tutulur.
İlon Maskın bu sahədəki uğurları təkcə texnologiya dünyasında deyil, həm də tibbdə böyük rezonans doğurur. Bu inqilabi addım, gələcəkdə insanların beyninin potensialını artırmağa və xəstəliklərin müalicəsini yeni səviyyəyə qaldırmağa imkan verə bilər.
Musavat.com