İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın servislərində aldadılan sürücülər - qanun nə deyir?

1543 02.09.2023 08:13 Gündəm A A

Ekspert: “Vətəndaş avtosalonun, ustanın işindən narazıdırsa, ən azı polisə şikayət edə bilər”

Ölkəmizdə iaşə sektorunda, müxtəlif xidmət sahələrində xaotik vəziyyət hökm sürür. Ən ciddi problemlər olan sahələrdən biri də maşın təmiri xidmətləri ilə bağlıdır. Ölkəmizdə rəsmi servislər həddən artıq baha xidmət göstərdiyi, habelə kiçik bir işi görmək üçün günlərlə maşını orada saxladığı üçün sürücülər fərdi çalışan ustalara üz tuturlar. Avtomobil təmir sexlərində isə vəziyyəti maşını olan hər kəs bilir, xeyli sayda qeyri-peşəkar, dolandırıcı ustalara rast gəlinir, habelə təmir keyfiyyətli olmur. Sürücü 200-300 manatlıq iş gördürür, məlum olur ki, problem tamam başqa detalda imiş. İş keyfiyyətsiz olanda, maşın daha bərbad duruma düşəndə isə usta bir söz deyir: “Kimə şikayət edirsən et” 

Problem də budur ki, fərdi çalışan servislərdən şikayət etməyə yer yoxdur. Avtomobil təmir sexlərinin qarşısında müştəri ilə usta arasında hansı qovğalar yaşandığını bilmək üçün 1-2 saat müşahidə aparmaq kifayət edir.


Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - Azer.Press

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda avtoservislərin fəaliyyəti, ustaların peşəkarlığı ilə bağlı çox sayda problem var. Ekspert vurğuladı ki, sürücülərin ustalardan şikayət etmək hüququ var: “Vətəndaşlar hüquq-mühafizə orqanlarına, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər. Ustalar nadir hallarda uçotsuz fəaliyyət göstərirlər. Bir çox servislərdə vergi xidməti nəzarəti var, VÖEN açılır, böyük servislərdə əmək müqavilələri imzalanır. Rəsmi qeydiyyata düşməmiş ustalar işi öyrənən köməkçi kimi təqdim olunur. İstənilən halda hər bir iş yerinin qeydiyyatı aparılır. Vətəndaş avtosalonun, ustanın işindən narazıdırsa, ən azı polisə şikayət edə bilər”.

Ekspert sürücülərə təminatlı servis məntəqələrinə müraciət etməyi tövsiyə edir. Belə məntəqələrdə görülən işlərin siyahısı verilir ki,  problem yarandığı təqdirdə sübut kimi təqdim etmək olar. 

Qeyd edək ki, 2015-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri” sahə standartı təsdiq edilib. Standart Azərbaycan ərazisində avtomobil nəqliyyat vasitələri və onların hissələri ilə əlaqədar texniki xidmətə (texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət qaydalarını müəyyən edir.

Standarta əsasən, nəqliyyat vasitələrinə xidmət zamanı əməyin mühafizəsi sahəsindəki qanunvericilik tələblərinə əməl olunmalıdır. Xidmət göstərilən zaman “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğun olaraq, tipi təsdiq olunan və kalibrləmədən keçən ölçmə vasitələrindən istifadə olunmalıdır.

Nəqliyyat vasitələrinə texniki xidməti həyata keçirən personal müvafiq sahədə ixtisaslaşmaya malik olmalı və ixtisaslaşma təlim və ya təhsil haqqında sənədlərlə təsdiqlənməlidir. Həmçinin, xidmət zamanı istifadə olunan komponentlər və texniki mayelər, aidiyyəti texniki normativ hüquqi aktların və nəqliyyat vasitələri istehsalçısının texniki sənədlərinin tələblərinə uyğun olmalıdır. Avtoservisdə müəyyən edilən qaydada tikilən, möhürlənən və istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı olmalıdır.

Sifariş qəbul edilən, rəsmiləşdirilən otaqda sifarişlərin qeydiyyat jurnalı, göstərilən xidmətlər üçün təyin edilən qiymətlər, ehtiyat hissələrinin və materialların qiymətləri, həmçinin yaxşı görünən yerdə stend üzərində avtoservis təşkilatının iş rejimi, göstərilən texniki xidmətlərin siyahısı, sifarişlərin yerinə yetirilməsi müddətləri və s. məlumatlar olmalıdır.

Standarta əsasən, avtoservisin sifarişçi və ya onun nümayəndəsi ilə birbaşa ünsiyyətdə olan hər bir işçisi üzərində avtoservis təşkilatının adının, həmçinin bu işçinin soyadı və adı qeyd olunduğu yaxa kartı gəzdirməlidir. Nəqliyyat vasitəsi avtoservisdə qalmaqla təmirə verildikdə avtoservis tərəfindən müqavilə ilə yanaşı, təhvil-təslim aktı tərtib edilməlidir. Nəqliyyat vasitəsi istehlakçıya və ya onun nümayəndəsinə göstərilən texniki xidmətin haqqı tam ödənildikdən sonra təhvil-təslim aktının və müqavilənin surəti, istehlakçının şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə, istehlakçının nümayəndəsinə isə etibarnamə təqdim edildikdə verilməlidir.

Sifarişçinin yanında aparılan şinlərin quraşdırılması və şinlərin təmiri, təmizləmə-yuma, pardaqlama, sürtkü-yanacaq doldurma, tənzimləmə, diaqnostika, həmçinin yolda texniki yardım kimi avtoservis xidmətləri sifarişçinin şifahi sorğusu üzrə müqavilə bağlanmadan qulluq göstərilməsini təsdiqləyən sənədi verməklə və hesab-kassa xidməti üzrə qanunvericilik tələblərinə əməl olunması şərti daxilində həyata keçirilə bilər. Yolda göstərilən texniki yardım zamanı sifarişçi və avtoservis qanunvericiliklə təyin olunmuş qaydada yol hərəkəti təhlükəsizliyinin təminatı üzrə tədbirlər görməlidir.

Standarta əsasən avtoservislər 3 kateqoriyaya bölünür:

Nəqliyyat vasitələri istehsalçısının servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair tələblərini yerinə yetirən, təyin olunmuş qaydada istehsalçı və ya onun nümayəndəsi tərəfindən nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair səlahiyyətləri və onların sahibləri tərəfindən əmtəə nişanından istifadə hüququnu alan A kateqoriyalı avtoservis təşkilatları;

B kateqoriyalı avtoservis təşkilatları - nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair nəqliyyat vasitələri istehsalçısının nümayəndəsi tərəfindən (həmçinin A - kateqoriyalı avtoservis təşkilatları tərəfindən) verilən səlahiyyətlərə malik olan və onların nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair tələblərini yerinə yetirən avtoservis təşkilatlarıdır. Bu kateqoriyadan olan avtoservis təşkilatlarına nəqliyyat vasitələri komponentlərinin istehsalçılarının nümayəndələri olan avtoservis təşkilatları da daxildir;

C kateqoriyalı avtoservis təşkilatları - servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair nəqliyyat vasitələri istehsalçısının tələblərini mütləq yerinə yetirməsi tələb olunmayan avtoservis təşkilatlarıdır.

Standartda həmçinin nəqliyyat vasitələrinə qulluq üzrə xidmətlərin Siyahısı da verilib.

Məlumat üçün bildirək ki, “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili ilə bağlı sahə standartlarının təkmilləşdirilməsi Komitəyə tapşırılıb.

Standart Azərbaycanın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim edilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR