İnsanlara hürriyət, millətlərə istiqlal!

Marina Ovsyannikovanın etirazı VİDEO

4242 16.03.2022 20:25 Yazarlar A A

Məşhur bir foto var: faşistlər hitlerçi salamı verirlər, lakin kütlənin arasında kimsə əllərini qoynunda tutub, nümayişkaranə formada bu salamlama aksiyasına qoşulmur. Foto 1936-cı ildə, Hamburq limanında çəkilib. O zamanlar Horst Vessel adlı populyar faşist başkəsən varmış, bunu öldürürlər, hitlerçilər Vesseli bütə çevirir, hətta onun şeirini himn elan edirlər. Nəsə, Vessel kimi iyrənc tipi burada xatırlamaq yetər, məqsədimiz gözəl insanlardan bəhs etməkdir. Vessel 1930-cu ildə öldürülür, 1936-cı ildə isə onun şərəfinə “Horst Vessel” adlı yelkənli gəmi düzəldirlər. Məhz o gəminin suya salınma mərasimində də yuxarıda adını çəkdiyimiz “Hitlerçi salamını boykot” aksiyası yaşanır.

Uzun illər bu foto kimsəyə məlum olmur, yalnız 1991-ci ildə Hamburq qəzetlərindən birində dərc edilir, tarixçi alimlərin xahişi ilə: “Bu fotodakı adamı tanıyan varsa, bizə bildirsin”. İrena adlı bir qadın qəzetlə əlaqə saxlayır, fotodakı adamın atası Avqust Landmesser olduğunu söyləyir. Beləcə, Landmesserin adı tarixə düşür. Hamının dəli olduğu, xalqların kütləvi şəkildə faşizmə yuvarlandığı anlarda insan ləyaqətini itirməməyin, igidliyin, qorxmazlığın simvolu kimi.

Auqust Landmesser - Wikiwand

Landmesser 1930-cu illərdə iki dəfə Gestapo tərəfindən həbsə atılıbmış. Arvadı yəhudi olduğu, onunla əlaqələri kəsmədiyi üçün təzyiqlərlə üzləşibmiş. Onun xanımı İrma Ekler 1942-ci ildə həbs düşərgəsində qaz kamerasında öldürülür. Landmesserin özünü isə 1941-ci ildə həbsdən buraxıb cəza batalyonuna göndərirlər. Ehtimal edilir ki, Avqust Landmesser 1944-cü ildə Xorvatiya ərazisində həlak olub.

Mən Avqust Landmesseri 14 martda, axşam xatırladım. Səbəbi “Rossiya-1" telekanalındakı hadisə idi. Artıq bütün dünyaya yayılan, bəşəriyyətin böyük ehtiram və heyrətinə səbəb olan hadisənin səbəbkarı Marina Ovsyannikova adlı zərif bir qadın idi. O, telekanalda prodüser işləyir, xəbərlər proqramının gedişatı zamanı qəfildən studiyaya daxil oldu, əlində müharibəni pisləyən, Rusiyanın Ukraynadan çıxmasını tələb edən şüarlar yazılmış plakat tutdu. Olay beş-on saniyə çəkmədi heç. Ancaq o qədər möhtəşəm aksiyadır ki, hər kəsin qəlbini tərpətmişdir.

Binlerce öğrencinin hayatını kaybettiği Tiananmen katliamında neler  yaşandı? | Euronews

Ovsyannikovanın aksiyasını Landmesserin etirazından fərqləndirən bəlkə daha aktiv olmasıdır. Ancaq şübhəsiz, Landmesseri də əlini qaldırıb “Hayl Hitler” demədiyi üçün o vaxt cəzalandıra bilərdilər. Hər dövrün öz qəhrəmanları olur. Bəzən onların adını da bilmirik. Məsələn, 1989-cu ildə Pekinin Tyananmen meydanında əlində ərzaq torbası, tankın önünü kəsən qəhrəman kimi.

İndi Marina Ovsyannikovanı Rusiya qanunvericiliyi ilə ağır cəza gözləyir. Heç təsəvvürə gətirə bilməzsiniz: 15 il həbs! Şimal qonşumuzun insanlığa, ədalətə münasibəti budur. Bu “qanacaqla” ərazimizə soxulub guya “sülh yaradırlar”. Müharibəyə etiraz edən incə bir qadını polis tapdağı altına atan, uzun həbslə qorxudan rejimin hansısa “sülh məramı” da ola bilərmiş... Sülhünüzü Lavrov yesin, Zolotovla birgə...

Rusiya telekanalında Ukraynaya dəstək ŞÜARI - VİDEO

Mən əminəm ki, vaxt gələcək rus xalqı Marina Ovsyannikovanın heykəlini qoyacaq. Onun cəsur addımını dərsliklərə salacaqlar. Belə hərəkətlər unudulmazdır. Millətləri millət edən belə adamlardır. Bəşəriyyətin şərəf və ləyaqətini tam itməyə qoymayan bu cür insanlardır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR