İnsanlara hürriyət, millətlərə istiqlal!

Maltaya uduzmağımızın səbəbləri

2001 30.03.2022 09:40 Yazarlar A A

AFFA baş katibi Elxan Məmmədovun vəzifəsindən getməsi futbolumuzun inkişafına müsbət təsir göstərmişdir. Uğurları çox gözləməyə ehtiyac olmadı. Milli komandamız Maltaya uduzdu.

Malta Aralıq dənizində balaca adadır, ərazisi yalan olmasın, Ucar boydadır. Orada topa bərk vuranda gedir düşür dənizə. Mən dəqiqləşdirdim, bizim futbolçular qəsdən yavaş oynayıblar ki, top suya düşməsin, çün, beynəlxalq futbol qaydalarına görə topu kim vurubsa, o da gətirməlidir, komandamız isə üzməyi də bacarmır. Neçə nəfərimiz orada batsa, boğulsa, respublikamıza nə xeyri olardı? Sözümün canı odur ki, əgər Malta bir az yekə ada olsa, millimiz onun komandasına qalib gələrdi. Məsələn, biz həmişə Kanada, Avstraliya, Argentina, Braziliya kimi geniş ölkələrlə oynamağa öyrəşmişik.

Malta qalsın orada, səhərisi gün 18-20 yaşlılar üzrə milli komandamız da Gəncənin “Kəpəz” komandasına uduzdu. “Kəpəz” deyəndə ağlınıza köhnə vurub-tutan komanda gəlməsin, güc-bəla ilə təzə düzəltmişik, 1-ci divizionda oynayırlar, futbolçular da Bakı-Gəncə qatarını sürənlər, köhnə icra başçısı Elmar müəllimin şoferi, Samuxda keşniş əkənlər, canım sənə desin, Surətin yun zavodunda çalışan uşaqlar, filandır. Ancaq hətta bu komanda da gənclər yığmamızın xoruzunu qoltuğuna verdi. Bu da bizdə ümid yaradır ki, gələcəkdə də milli futbol komandamızdan uğur gözləyib umsuq olmayaq.

Dünən isə Azərbaycan milli komandası özü özünə uduzub. Bəli, durduqları yerdə uduzublar. Bir növ adətkərdə olublar axı. Uduzmasalar yaşaya bilmirlər. Komandanın baş məşqçisi Canni di Byazi isə demişdir: “Əsas udmaq, uduzmaq, oynamaq deyil. Həyata bir dəfə gəlirik. Demokratiya gediləsi uzun yoldur. Moskva bir günə tikilməyib. Ayın axırıdır, maaşımı karta köçürsələr yaxşı olardı. Ət-yağ, kartof-soğan, hər şey bahalaşıbdır”.

Həqiqətən bu sözlərdə anlayan üçün böyük hikmət yatır. Tarixə baxaq. Vaxtilə almanlar sovetlərə uduzmuşdu, lakin bu gün bütün keçmiş SSRİ məkanı alman maşını sürür. Ermənilər bizə döyüşdə qalib gəlmişdilər, ancaq axırda hər yeri azad elədik. Son günlər Fərrux dağını almağımız da yaxşı oldu. Bu dağın və kəndin adını hərə bir cür yazdı. Ermənilər Parux, ruslar Furux dedilər. Erməniləri başa düşürəm, onlarda “f” hərfi problemi var. Meydan hərəkatı vaxtı Bakıda, rayonlarda erməni casusu tutanda zəhmətkeşlərimiz onu belə ifşa edirdilər: deyirdilər “fındıq” söyləsin. Kim fındıq yerinə “pındıq” desə qanı gedirdi. Qəşəng vaxtlar idi, Nemət də liderimiz olmuşdu. Nəsə, o vaxt deyirdilər bir erməni müsəlman, azərbaycanlı olduğuna inandırmaq üçün onu postda saxlayan cəbhəçilərə belə deyibmiş: “Vallah, Piruz, Pizuliyə pındıq aparıram”.

Güman edirəm erməni dilində futbola da putbol deyərlər, mövzumuzdan uzaqlaşmayaq. Bayaq Malta stadionunun problemini yazdım, bir tarixi faktı da hörmətli oxucuların diqqətinə yetirmək istəyirəm, ola bilər nəyinizəsə lazım olsun. Azərbaycanın Aran rayonlarında, pambıqçılıq bölgələrində bütün rayon mərkəzlərinin futbol stadionu var. Sovetin vaxtında düzəldiblər. Sizcə, bu, nədən ötrü idi? Ağlınıza gəlməz: sovet dövründə payızda pambıq yığılanda onu bu stadionlarda sərib qurudardılar. Ona görə Ucar, Kürdəmir, İmişli və sair rayonlarda futbol komandaları adətən yerli pambıq zavodunun balansında, tabeliyində yaradılırdı. Açığı, mənim özümə bu faktı çoxdan Əzim Cabbarov adlı oxucumuz yazıb göndərib, niyə indi yadıma düşdü, sirri-xudadır.

Mənə elə gəlir Tofiq Bəhramov adına stadionda, lap elə Olimpiya stadionumuzda yenidən pambıq  sərib quruda bilərik.

İndi söz əlaqədar təşkilatlarındır: siz nə qurudursunuz?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR