İnsanlara hürriyət, millətlərə istiqlal!

Malofeyevə istefa, Lobanovskiyə etimad – 1986-da bunu Moskvadan 1 həftə əvvəl etmişdik

1811 26.06.2023 08:45 Yazarlar A A

 

İndiki cavanlar bəlkə də Google-yə baxsalar, bilərlər, 1986-cı may ayını axırlarında aydın oldu ki, SSRİ-dən Meksikada keçiriləcək futbol üzrə dünya çempionatına, yəni Maradonanın mundialına göndəriləcək yığma komandanın tərkibi diricə Kiyev “Dinamo”sunun üzvləridir.

Adlarını bircə-bircə saya bilərəm: Viktor Çanov, Sergey Baltaça, Andrey Bal, Anatoli Demyanenko, Oleq Kuznetsov, Vasili Rats, Pavel Yakovenko, İvan Yaremçuk, İqor Belanov, Oleq Bloxin, Aleksandr Zavarov, Aleksey Mixayliçenko.

Heyətdə başqa Moskva komandalarının bəzilərindən bir-iki oyunçu da vardı, amma tatar balası Rinat Dasayev və bir-ikisini çıxmaq şərtilə onlar da əslən ukraynalıydılar. Komandanın baş məşqçisi isə moskvalı Eduard Malofeyev idi.

Biz, o vaxtın gənc azarkeşləri çayxanada oturub qızğın-qızğın müzakirə edirdik ki, bu, düzgün deyil, yığma komandanının əsas heyətinin üzvlərinin hamısı Kiyev “Dinamo”sundandırsa və onlar 25 gün əvvəl Valeri Lobanovskinin rəhbərliyi altında UEFA çempionu olublarsa, Malofeyev yığmaya rəhbərlik edə bilməz. Gərək SSRİ-nin futbol federasiyası onu çıxarsın, yerinə Lobanovskinin qoysun və komandanı Meksikaya o aparsın.

Çox qızğın danışırdıq, sanki həyati məsələydi. Mərəkədəki dostlardan biri (elə ünsürlər 4 nəfərdən çox ünsü olan hər məclisdə olur) dedi, indi o federasiyada oturanlar sizin qədər bilmirlərmi, belə məsləhətdir, elə də ediblər, özünüzü öldürməyin. Biz qayıdıb onu, indiki dildə desək, “neprav” çıxardıq, ortaya analiz qoyduq, sübut elədik ki, təcili olaraq yığma komandanın başına Lobanovski gətirilməlidir.

Ancaq bizim tələbimiz o qədər də təcili, yəni ertəsi gün yerinə yetirilmədi, təxminən 6-7 gündən sonra Malofeyev Lobanovski ilə əvəzləndi və komanda gedib Meksikada yaxşı oynadı. Hakimlər bu komandanı 1\8 finalda iki ofsayt qoluyla Belçika yığmasına uduzdurmasaydılar, bəlkə də lap qabağa gedəcəkdi.

Ertəsi gün çayxanaya yığışanda bizə “federasiyada oturanlardan ağıllısınızmı” deyən antipoda dedik, gördünmü, bildiyimiz bir şey varmış.

Hər dəfə dünyanın harasındasa qalmaqallı, ajiotaj doğuran bir hadisə olanda və yerli ekspert, politoloq, müşahidəçi, biləndar, mütəxəssis həmvətənlərimiz ağıllı-ağıllı şərhlər, proqnozlar verəndə və kimsə onlara “o ölkədə olanlardan ağıllısınızmı” iradı tutanda yadıma Malofeyevin vaqiəsi düşür.

İndi budur, ABŞ kəşfiyyatı döşünə döyə-döyə elan edir ki, Priqojinin qiyam qaldıracağını bir həftə öncədən bilirmiş.

Ay hay. A serlər, bunu bizim politoloqlar düz 1 (hətta 2-3) ay əvvəldən bilirdilər və yazırdılar ki, bu gedişlə Priqojin Putinə asi düşəcək, o da onun başını əkməyə çalışacaq, ortalıq qarışacaq.

Sosial şəbəkədə bu xüsusda N qədər status, şərh yazılıb, birini də, təvazökarlıqdan Baxmut qədər uzaq olsa da, deyim ki, özüm yazmışdım.

İndi baxıram ki, belə situasiyalarda rəy bildirənləri ümumi şəkildə hoydu-hoyduya götürənlər var, iki sözlərindən biri belədir ki, “bizim ağıllı politoloqlar filan, bəsməkan, he-he-he, hi-hi-hi, ha-ha-ha”...

Söz yox, politoloqları və o cür rəylər bildirənləri qınayanların özləri də ağıllıdırlar və çox vaxt onların da qəşəng rəyləri, təsbitləri (“Heç zad da olası deyil”, “Hamısı oyundur”, “Bu işi Amerika qurdalayır”, “Masonların təzə fırıldağıdır, əşi”) düz çıxır, amma ta bu qovğa-mərəkə nə üçündür? Adam qonşu ölkədə gedən prosesləri, hadisələr zəncirini izləyir, biz az Avropanın, bir az Şərqin tarixi təcrübəsinə ekskurs edir, müqayisə, təhlil aparır və bir söz deyir. İndi o söz düz çıxacaq, ya çıxmayacaq, ta adamı ələ salmağa, pisikdirməyə nə ehtiyac var? Onun dediyi düz çıxacaqsa, cəhənnəmə çıxsın, çıxmayacaqsa, qara-gora çıxmasın.

Niyə hər dəfə biz burada nəsə bir rəy yazanlarla mütləq dalaşmalıyıq və onun boynuna qoymalıyıq ki, belə bir haqqı yoxdur, sakitcə oturmalıdır yerində, heç bir fikir bildirməməlidir. Belə edəndə özümüz çoxmu ağıllı görsənirik?

İçimizdə bu sovet senzoru var. İmkan verək, hər kəs nəsə yazsın - bildiyini, gördüyünü, düşündüyünü, eşitdiyini, lap ordan-burdan çırpışdırdığını. Həzrət Abbas haqqı, çox adamın çox status yazmağının heç kəsə ziyanı yoxdur. Ən pis halda oxumazsan, baxmazsan, zəhləni tökər, “dostluğ”a son qoyarsan.

Düzü, son vaxtlar elə adamların üzündən özüm də bir şey yazmağa qorxuram. Bilirəm ki, bu saat gəlib “haqsız” çıxaracaqlar, ara yerdə abrımız töküləcək.

Neo-senzorların ən sevimli ifadələrini yazıram, tanıyanlar geri götürsün və bir daha elə şeylər yazmasın: “Pah, hamı yenə kimya mütəxəssisi oldu”; “Politoloqlarımız artıq Ərdoğanı seçdirib, oturublar”; “Bizimkilər Moskvanı Priqojindən qabaq götürüblər”; “Bayden harda nə danışmağı gərək bizim ekspertlərdən öyrənsin” və sair və ilaxır.

Öz oxumuşlarımızı kütbeyin, məlumatsız, korafəhm hesab etməyi yığışdırın. Maşallah, bizimkilər hər şeyi hamıdan yaxşı bilirlər, sadəcə, bildiklərini öz ölkəmizdə reallaşdıra bilmirlər. Sözlərini eşidən yoxdur.

mal-lob.JPG (104 KB)

Bax, o vaxt biz bilirdik ki, Meksiyaya Lobanovski getməlidir. Yazıq Malofeyevin xəbəri yox idi ki, biz qoşa çinarın altındakı çayxanada çay içə-içə onu hələ bir həftə öncə vəzifəsindən çıxarmışıq. Heç Lobanovski rəhmətlik də bilmədi ki, onu o vəzifəyə Moskvadan 1 həftə əvvəl biz qoymuşduq.

Analitik qabiliyyət başqa şeydir, əmoğlu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR