İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə naziri: “Həyata keçirilən məqsədyönlü fiskal siyasət...”

243 12.06.2026 13:33 İqtisadiyyat A A

“Həyata keçirilən məqsədyönlü fiskal siyasət əhalinin rifahının yüksəlməsinə xidmət edəcək”.

Musavat.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir çıxışı zamanı dövlət və icmal büdcənin icrası ilə bağlı göstəricilərlə yanaşı, hesabat ilində dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı görülən işlər barədə də məlumatları diqqətə çatdırıb. Nazir deyib:

“Bildiyiniz kimi, ötən ilin 25 avqust tarixində ölkə başçısı tərəfindən dövlət maliyyəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanmış və həmin Fərmanla bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq, 2025-ci il ərzində Rəqəmsal Dövlət Maliyyə İdarəetməsi Sistemi yaradılmış, onun əsasnaməsi təsdiq edilib. Görülən işlər nəticəsində bu sistemin əsas struktur elementlərindən olan “e-müqavilə”, “e-rüsum”, “büdcə məlumat idarəetmə”, “elektron büdcə bələdçisi”, “dövlət müəssisələrinin rəqəmsal monitorinqi” alt sistemləri, “maliyyə hesabatlılıq portalı” hazırlanaraq istifadəyə verilib.

Bu elektron sistemlər büdcə vəsaitlərinin səmərəli istifadəsinə imkan yaratmaqla bərabər, növbəti dövrlər üçün büdcə xərclərinin effektiv proqnozlaşdırılması, icrasına cari nəzarətin təmin edilməsi, şəffaflığın və ictimai açıqlığın təmin edilməsinə ciddi imkanlar yaradır”.

Sahil Babayev qeyd edib ki, hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilmiş, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb, xəzinədarlıq orqanları tərəfindən ödənişlərin sürəti iki dəfə artırılıb:

“Bununla yanaşı, ötən il ərzində xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilmiş, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün ödənişlər yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir”.

S.Babayev bildirib ki, 2025-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 873 milyon manat və ya proqnoza nisbətən 79 milyon manat çox, yerli xərcləri isə 717 milyon manat icra olunub. Nazir bildirib ki, regionların mərkəzi büdcədən maliyyə asılılığının azalması da 2025-ci ilin müsbət nəticələrindəndir:

“Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya əvvəlki illə müqayisədə 25,2 milyon manat və ya 13,6 faiz azalıb. Yerli gəlirlər hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini göstərir. Beləliklə, ötən il fiskal orqanlar tərəfindən daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə yetirilib”.

Nazir əlavə edib ki, 2025-ci il icmal büdcənin gəlirləri 48 mlrd. manat, xərcləri isə 44,6 mlrd. manat təşkil edib, icmal büdcə də profisitlə icra olunub. Ümumilikdə, 2025-ci ildə ölkədə makroiqtisadi sabitliyin qorunması, dövlət gəlirlərinin artırılması, qeyri-neft sektorunun genişləndirilməsi, borc dayanıqlılığının təmin edilməsi və sosial öhdəliklərin maliyyələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayan nazir qarşıdakı dövr üçün hədəflərdən də danışıb.

“Əsas hədəf müsbət nəticələri möhkəmləndirmək, qeyri-neft gəlirlərinin artımını sürətləndirmək, dövlət xərclərinin səmərəliliyini yüksəltmək, büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır. Əminik ki, həyata keçirilən məqsədyönlü iqtisadi və fiskal siyasət ölkəmizin maliyyə dayanıqlılığının möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və inkişaf hədəflərinə xidmət edəcək”, - deyə nazir qeyd edib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR