İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun “sonuncu erməniyədək...” vədi

1290 22.02.2023 08:50 Siyasət A A

Fransa bölgədə Rusiyaya qarşı ittifaq formalaşdırır və bu prosesdə Ermənistan aparıcı rol oynayır

Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxışında Ermənistanı və baş nazir Nikol Paşinyanı dəstəkləməyə davam edəcəyini bildirib. Makronun çıxışının əsas hissəsi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olub, lakin Fransa lideri Cənubi Qafqazdakı vəziyyətə də toxunub. Fransa Prezidenti çıxışının əsas hissəsini Rusiyaya düşmənçilik və Ermənistana dostluq mesajları üzərində qurub. Makron çıxışında Rusiyanı qeyri-sabitliyin və xaosun mənbəyi kimi təqdim edib. Həmçinin Fransanın Ermənistanın yanında olmağa davam edəcəyini vurğulayıb. Sitat: “Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiya həll edəcəyinə kimsə necə inansın? Mən dostum baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik”. Makronun bu çıxışından bir daha aydın olur ki, Fransa bölgədə Rusiyaya qarşı ittifaq formalaşdırır və bu prosesdə Ermənistan aparıcı rol oynayır.

“Trend”in şərhində bildirilir ki, Fransanın Cənubi Qafqaz siyasəti bölgədəki problemlərin həllini, Ermənistanla Azərbaycan arasında sülh prosesinə töhfə verməyi hədəfləmir. Əsas məqsəd bölgədə hərbi gərginliyi aktiv saxlamaq və Rusiyanın regiondan sıxışdırılması üçün əlverişli şərait formalaşdırmaqdır. Təbii ki, Fransa üçün Ermənistanın, erməni xalqının taleyi o qədər də maraqlı deyil. Ona görə də Parisin Qafqaz həmləsində “yananın” Ermənistan, ümumilikdə erməni xalqı olacağını indidən proqnozlaşdırmaq olar. Bəs Rusiya Ermənistanın “ikinci Ukrayna”ya çevrilməsini necə əngəlləyəcək, ümumiyyətlə, Paşinyan iqtidarının belə bir potensialı varmı?

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, dünyada iki super dövlətin-ABŞ və Rusiyanın maraqları toqquşmaqdadır, bu toqquşma Cənubi Qafqaz bölgəsində də get-gedə kəskinləşir. Avropa İttifaqı və bu təşkilatın aparıcı dövləti olan Fransa Rusiyaya qarşı ABŞ-la müttəfiqdir. Fransanın Avropa İttifaqının bayrağı altında Ermənistana müşahidə missiyası adı ilə daxil olması Amerikanın istəyidir: “Necə ki, Qərb Ukrayna hakimiyyətini qızışdırdı, vəziyyəti Rusiya-Ukrayna müharibəsinin reallaşmasına qədər inkişaf etdirdi, indi də buna bənzər ssenari Nikol Paşinyan üzərindən Ermənistanda oynanılır. Birləşmiş Ştatlar Rusiyanı özünə düşmən elan edib və məqsəd Rusiyanı Cənubi Qafqaz da daxil, dünya siyasi səhnəsindən silməkdir. Bunun üçün Rusiyaya qarşı bir koalisiya formalaşıb və Nikol Paşinyanın timsalında Ermənistanın da bu koalisiyaya cəlb edilməkdə olduğu müşahidə edilir. Rusiyanı tamamilə təkləmək üçün Rusiyaya yaxın bütün dövlətləri ABŞ ən müxtəlif formalarda öz təsiri altına salmaqdadır. Ermənistan demək olar ki, təsir altına salınıb. Artıq Rusiya narazılığını dilə gətirməyə başlayıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 20-də "Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir" açıqlamasını verib. Zaxarova qeyd edib ki, Avropa İttifaqının və bütövlükdə Qərbin Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə müşahidə etmirik, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir.

Bilirsiniz ki, fevralın 20-də Avropa İttifaqının Ermənistandakı mülki missiyası fəaliyyətə başlayıb. İki il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir və Fransa ilə Almaniya təmsilçilərindən ibarətdir.

Rusiya yəqin ki, bundan sonra Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hərəkətə keçəcək. Çünki Rusiya Ermənistanın özü üçün ikinci Ukraynaya çevrilməsinə imkan vermək istəmir. Paşinyanın bundan sonra hakimiyyətdə qaldığı hər keçən gün Ermənistanı ABŞ-ın poliqonuna çevirir. Cənubi Qafqazda Rusiya-Amerika savaşı başlamaq üzrədir. Paşinyanın hakimiyyətdə olması bu savaşı sürətlə yaxınlaşdırır".

Ekspert qeyd etdi ki, Avropa İttifaqı müşahidə missiyasının Rusiyaya və İrana qarşı bölgəyə yerləşdirildiyini artıq Ermənistanın tanınmış siyasi analitikləri də açıq ifadə edirlər: “Məsələn, politoloq Beniamin Matevosyan deyib ki, Avropa İttifaqının monitorinq missiyasına alman polisi və fransız jandarmlarının daxil olması onların Ermənistana Rusiya və İran qoşunlarının hərəkətini izləmək üçün gəldiyini deməyə əsas verir. Alman və fransız polislərinin əldə etdikləri məlumatları toplamaq və təhlil etmək üçün peşəkar bacarıqlarını tətbiq edəcəklər. Erməni politoloq açıq şəkildə bildirir ki, hazırkı missiyanın tərkibinə nəzər salsaq, görərik ki, əvvəlki missiyaya qoşunların hərəkətini izləmək və daxil olan məlumatı təhlil etmək qabiliyyətinə, peşəkar bacarıqlara malik müşahidəçilər də daxil edilib, yəni onların bura silahla və ya silahsız gəlməsindən asılı olmayaraq, bu missiyanın tərkibində qoşunların hərəkətini qeydə almağa qadir olan peşəkar müşahidəçilər də olub. Hətta fikrinə davam edərək söyləyib ki, beynəlxalq münasibətlərdəki mövcud vəziyyəti, bir neçə il əvvəl Ermənistan-İran sərhədinin nə vaxtsa bağlana biləcəyi ilə bağlı bəyanatları nəzərə alsaq, avropalıların regiona, Rusiyanı və İranı izləmək üçün gəldiyini güman etmək məntiqlidir. Matevosyan qeyd edib ki, qarşıdakı iki il 2018-2020-ci illərin təkrarına çevrilə bilər. Yəni sərhəddə nisbətən sabitlik olacaq, beləcə deyəcəklər ki, "görürsünüz, avropalı müşahidəçilər gələndə özləri ilə sülh gətirdilər, bizə daha Qarabağda sülhməramlılar da lazım deyil, heç Ermənistandakı rus qoşunlarına da ehtiyac yoxdur, gəlin onlardan da imtina edək. Göründüyü kimi, artıq ermənilər Qərbin Rusiyanı bölgədən tamamilə sıxışdırıb çıxarmaq planında Ermənistanın rol aldığını dolayısı ilə də olsa nümayiş etdirirlər".

Etibar SEYİDAĞA.
’“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR