İnsanlara hürriyət, millətlərə istiqlal!

"Makronun gücü ancaq cansız abidəyə çatdı, Azərbaycana qarşı..." - Deputatdan ilginc açıqlamalar

833 22.03.2024 20:00 Siyasət A A

"Dövlət başçısı obrazı diplomatik məharət, güclü siyasi iradə, beynəlxalq siyasətdə cızdığı vektorların ədaləti, uğurlu daxili siyasət yürütmək və xalqın gələcəyini inkişafa apara biləcək qərarları qəbul etmək bacarığı ilə formalaşmalıdır. Təbii ki, qeyd etdiyim istiqamətlər dövlət başçısının imicini yaradır və belə olanda dövlət başçısı həm xalq tərəfindən, həm də beynəlxalq ictimaiyyət tərəfindən hörmətlə qarşılanır. Fransa kimi böyük tarixə malik dövlət bu gün dövlət başçısı böhranını yaşayır".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib.

badamov33.jpg (64 KB)

O əlavə edib ki, bu dövlətə Şarl de Qol, Fransua Mitteran və digərləri kimi sözün çəkisi olan ağsaqqal liderlər rəhbərlik edib:

"Məhz müdrik dövlət başçılarının rəhbərlik etdiyi dövrdə Fransa dünya siyasətində özünəməxsus yerə malik ölkəyə çevrilmişdi. Həm də Fransa bir dünya gücü kimi qəbul olunurdu. Amma Makronun rəhbərliyi dövründə Fransa tarixən qazandığı imici və hörməti itirməkdədir. Çünki Makron dövlət başçısına aid xüsusiyyətlərdən uzaqdır. Bunu ilk növbədə bu gün Fransanın daxilində yaşayan böhranla xarakterizə etmək olar. Makronun yarıtmaz siyasəti Fransanın iqtisadiyyatını böhrana sürükləyib. Fermerlər, tibb işçiləri, təhsil işçiləri və digər sferalarda işləyənlərin hökumətə qarşı aksiyaları davamlı xarakter alıb. Milyonlarla fransalı mütəmadi olaraq parisin  küçələrinə çıxır və Makronun kuklalarını düzəldərək tənqid edir. Bu gün Makron hakimiyyəti ilk növbədə fransızların xoşbəxtliyini əlindən alıb".

Deputat qeyd edib ki, Makron beynəlxalq siyasətdə də öz bacarıqsızlığını sübut edib: "Ukrayna münaqişəsi ərəfəsində ağıl vermək üçün Rusiyaya gələn Makronu prezident Putin 25 metrlik masanın başında oturdaraq heç yaxına da buraxmamışdı. Müharibə davam edən dövrdə də Makron özünü ağsaqqal kimi göstərmək istəsə də, onun sözünə əhəmiyyət verilməmişdi. Hətta Avropa İttifaqında ağsaqqalıq iddiasına düşən Makron Parisə Avropa dövlət başçılarını yığaraq Ukraynaya qoşunların göndərilməsi təklifi ilə etdiyi təşəbbüsü heç kim dəstəkləmədi. Sonradan isə Fransa öz qoşunu yeridəcəyi ilə bağlı açıqlamala versə də, Makron sonradan sözünü geri götürməyə məcbur olaraq gülməli vəziyyətə düşdü".

Azər Badamov onu da əlavə edib ki, Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində də böyüklük etmək istədi. Amma buna Makronun nə hərəkətləri, bacarığı, baxışları, nə də ki, savadı imkan verdi: "Makron elə bilir ki, Fransanın dövlət başçısı olması hər şey deməkdir. Amma unudur ki, dövlətlər müstəqildir və hər bir dövlət rəhbərin bacarığı, savadı, siyasi iradəsi, xalqın milli maraqlarını müdafiə etmək qabiliyyəti, dünyada söz sahibliyi heç də ondan az deyil. Məhz 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra Makron Azərbaycana qarşı qətnamələr qəbul etdirmək üçün BMT TŞ-na 5 dəfə çıxartdığı sənədlər biabırcasına geri çəkməsinə məcbur oldu. Sonra AŞPA, Avropa Parlamenti və Fransa parlamentində Azərbaycana qarşı qərəzli sənədlər qəbul etdirsə də, bu sənədlər adi kağız parçasından dəyərsiz oldu. Azərbaycan Prezidenti Makronu ermənipərəstliyinə və ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzə görə ümumiyyətlə Ermənistanla danışıqlar prosesindən kənarlaşdırdı. İndi isə Makron Paşinyanla öz aralarında Azərbaycanla münasibətlərini müzakirə edir. Azərbaycana qarşı qərəzli kağızlar qəbul etdirmək üçün beynəlxalq platformalda uğursuzluğa düçar olan Makron Azərbaycandan hayıfını çıxmaq üçün Fransanın Evian şəhərində qoyulmuş Natəvanın heykəlini boyalarla rəngləməklə təhqir etdirdi. Təbii ki, bu Makronun gücü ancaq cansız abidəyə çatdığının göstəricisidir. İndi isə Makron Ermənistanı silahlandırır və ona təhlükəsizliyə zamanət verilməsi üçün yenidən danışıqlara cəlb etməklə şirin vədlər verir. Təbii ki, Makronun bütün cəhdləri iflasa düçar olunmasına məhkumdur. Çünki öz xalqının xeyir görmədiyi bir dövlət başçısı digər ölkələr arasında münasibətlərin normallaşdırılmasında heç vaxt sözünü deyə bilməz.

Azərbaycan Fransa münasibətləri həmişə normal olub. Hətta Makron hakimiyyətə gələnə qədər Azərbaycanın şəhərləri Fransanın 15 şəhəri ilə qardaşlıq sənədlərini imzalamışdı. Amma Makronun Fransaya rəhbər gəlməsi Azərbaycan Fransa münasibətlərində də bir çat yaratdı. Təbii ki, Makronun hakimiyyəti əbədi deyil. Bu baxımdan Fransa prezidentliyə seçiləcək növbəti şəxslərlə münasibətlərimizin normallaşdırılması istiqamətində yenidən irəliləyişin olacağına ümüd edirəm".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR