İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun emissarının Azərbaycana mübhəm səfəri

716 01.07.2026 12:41 Siyasət A A

Paris Bakı ilə körpüləri yandırmaq istəmir, amma  Fransanın ikili oyunu Bakıda etimad yaratmır

Fransa prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertrand Buhvalterin ötən həftə Bakıya səfəri Parisin Azərbaycan istiqamətində yaranmış gərginliyi yumşaltmaq cəhdi kimi qələmə verilir. Fransa nümayəndəsi Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüş keçirib. Görüşdən sonra Hacıyev bildirib ki, tərəflər Prezident İlham Əliyevlə Emmanuel Makron arasında ötən ay baş tutmuş telefon danışığının davamı olaraq Azərbaycan-Fransa münasibətlərinin hazırkı vəziyyətini, gələcək perspektivlərini, eləcə də regional prosesləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Lakin Buhvalterin Bakıya səfəri rəsmi Paris üçün kifayət qədər mürəkkəb siyasi fon üzərində baş tutub. Bir neçə gün əvvəl Fransa Xarici İşlər Nazirliyinin Milli Assambleya deputatlarının Qarabağla bağlı suallarına verdiyi cavablar Bakının kəskin etirazına səbəb olmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq Fransanı qərəzli mövqe tutmaqda ittiham edib.

Rəsmi Bakı hesab edir ki, Fransa özünü sülh prosesinin tərəfdarı kimi təqdim etsə də, Ermənistanla hərbi əməkdaşlığını genişləndirməsi, İrəvanı silahlandırması və Avropa İttifaqının müşahidə missiyasını (EUMA) açıq şəkildə dəstəkləməsi onun regionda neytral vasitəçi olmadığını göstərir. Azərbaycan XİN-in fikrincə, bu siyasət sülhə deyil, revanşist meyllərin güclənməsinə xidmət edir və normallaşma prosesinə zərbə vurur.

Bununla yanaşı, reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda geosiyasi və iqtisadi baxımdan əsas aktorlardan biri məhz Azərbaycandır. Parisin Ermənistana göstərdiyi siyasi və hərbi dəstək regiondakı qüvvələr balansını dəyişmək gücündə deyil. Fransa isə Azərbaycan kimi mühüm enerji və nəqliyyat tərəfdaşı ilə münasibətlərin tamamilə korlanmasının da fərqindədir. Buhvalterin Bakıya səfəri də məhz bu diplomatik zərurətdən irəli gələn addım kimi qiymətləndirilə bilər. Rəsmi mövqeyə görə, Fransa regiondakı yeni geosiyasi vəziyyəti nə qədər tez qəbul etsə, ikitərəfli münasibətlərin normallaşması üçün də bir o qədər əlverişli şərait yaranacaq.

Maraqlıdır ki, Bertrand Buhvalter bundan əvvəl də Fransa prezidentinin digər müşaviri Emmanuel Bonn ilə birlikdə Moskvaya səfər etmişdi. “Financial Times” qəzetinin məlumatına görə, həmin görüş zamanı Kreml Avropa İttifaqının Ukrayna üzrə mümkün danışıqlarda iştirak etməsi tələbinə kəskin etiraz etmiş və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu təşəbbüsü kobud şəkildə rədd etmişdi. Bu fakt Fransa diplomatiyasının son dövrlərdə həm Şərqdə, həm də Cənubi Qafqazda mürəkkəb siyasi maneələrlə üzləşdiyini göstərən nümunələrdən biri kimi dəyərləndirilir.

Prezidentin çıxışı Azərbaycan gəncliyi üçün yol xəritəsidir” - Bəhruz  Məhərrəmov | Modern.az

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertrand Buhvalterin Bakıya gözlənilməz və mübhəm səfəri, rəsmi Parisin özünün “ikili standartlar doktrinası” kimi xarakterizə olunan gedişləri nəticəsində Azərbaycanla münasibətlərdə yaranmış dərin uçurumu aradan qaldırmaq, ən azından diplomatik kanalları tamamilə qapanmasına imkan verməmək cəhdidir: “Bu səfər çərçivəsində cənab Buhvalterin Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşünün formatı və müzakirə predmeti - Prezident İlham Əliyev və Emmanuel Makron arasında ötən ay baş tutmuş telefon danışığının davamı - tərəflərin mövcud gərginliyi idarəolunan səviyyədə saxlamaq istəyini göstərir. Lakin bu diplomatik təşəbbüs və reallıqlar arasında uçurum Fransanın Cənubi Qafqazdakı strateji xətti ilə bağlı fundamental suallar doğurur. Daha dəqiq desək, bir tərəfdən, Azərbaycanın regiondakı geosiyasi və iqtisadi çəkisini nəzərə alaraq, müşavir səviyyəsində təmaslar saxlanılır, digər tərəfdən, Fransa xarici işlər nazirinin Milli Assambleya deputatlarının suallarına verdiyi diplomatik etikadan kənar cavablar, eləcə də Ermənistanın hərbi potensialının gücləndirilməsinə verilən dəstək, Bakı-Paris xəttindəki etimad mühitini darmadağın edir.

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin də qeyd etdiyi kimi, Fransa tərəfi Ermənistanın 30 illik işğalçılıq siyasətini, mina terrorunu, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyini tamamilə nəzərdən qaçıraraq, yalnız birtərəfli, qərəzli və erməni lobbisinin təsiri altında formalaşmış narahatlıqları ön plana çəkir. Fransanın İrəvana hərbi dəstək verməsi, Avropa İttifaqının müşahidə missiyasını regional siyasətdə alət kimi istifadə etməsi onun “qərəzsizlik” statusunu hüquqi baxımdan etibarsız edir. Bu, artıq konstruktiv yanaşma deyil, regional status-kvonu zor gücünə dəyişməyə çalışan tərəfkeşlikdir. Fransanın Qarabağ məsələsini yenidən gündəmə gətirməsi, Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü və postmüharibə dövrünün yeni reallıqlarını inkar etmək, beləliklə də beynəlxalq hüququn jus cogens normalarına - dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinin imperativ xarakterinə zidd davranmaqdır".

Deputatın sözlərinə görə, Fransanın Cənubi Qafqazdakı qeyri-konstruktiv yanaşması, onun xarici siyasətinin daxili siyasi konyunkturadan, o cümlədən Fransadakı güclü erməni diasporu amilindən birbaşa asılılığını göstərir: “Bu, "realpolitik"dən uzaq, emosional və diaspor təsirli bir xətdir ki, bu da Parisin qlobal aktor kimi nüfuzuna ciddi ziyan vurur. Azərbaycanın mövqeyi beynəlxalq hüququn “fait accompli” doktrinasına söykənir. İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə regionda formalaşmış yeni reallıq, beynəlxalq hüququn təntənəsidir. Parisin bu reallığı hüquqi və siyasi müstəvidə qəbul etməməsi, onun özünü regionda tədricən izolyasiya etməsinə gətirib çıxarır.  Bu mənada Buhvalterin Bakıya səfəri, Fransanın “münasibətləri qorumaq” və “geosiyasi təsirini itirməmək” arasındakı çabalayışının növbəti təzahürüdür. Lakin bu səfərlər Fransanın Ermənistanla bağlı revanşist siyasətində heç bir konseptual dəyişiklik etmədiyi müddətcə Bakı üçün ciddi diplomatik əhəmiyyət kəsb etməyəcək.  Görünən odur ki, Parisin bu “ikili oyunu” uzunmüddətli perspektivdə onun Avropa İttifaqı daxilindəki “sülhməramlı” imicinə və Azərbaycanın strateji tərəfdaşlıq xəttinə mənfi təsir göstərməkdə davam edəcək. Daha korrekt desək, artıq Paris özü də başa düşür ki, bu yeni geosiyasi vəziyyəti nə qədər tez qəbul edərsə, ikitərəfli münasibətlərin normallaşması üçün bir o qədər əlverişli şərait yaranacaq. Fransa Cənubi Qafqazda özünü regional aktor kimi təqdim etmək istəyirsə, ilk növbədə özünün “erməniyönümlü” siyasi xəttindən imtina etməli və Azərbaycanın dövlət suverenliyinə hörmət prinsipinə qayıtmalıdır. Əks təqdirdə, Paris Cənubi Qafqazın gələcək memarlığından kənarda qalmağa məhkumdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR