İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronlaşma Fransa demokratiyasının süqutu kimi

562 11.04.2023 15:13 Yazarlar A A

Minlərlə nümayişçinin pensiya islahatına etirazı zamanı bu aksiyanın fransız polisi tərəfindən vəhşiliklə dağıdılmasını seyr etdikcə istər-istəməz Makron Fransasında yaranmış vəziyyətin Beşinci Respublikanın əsasının tam ziddinə olaraq işlədiyini müşahidə edirik. Şübhəsiz, böyük Şarl de Qollun heç yuxusuna da gəlməzdi ki, geniş və demokratik prezident səlahiyyətlərinə malik güclü bir ölkədə yeni konstitusiya sistemi 60 ildən sonra “siyasətin toz təmizləyicisi” tərəfindən Fransanı və dövləti zəiflətmək üçün istifadə olunacaq. Əslində, bu, ölkənin demokratik əsaslarını məhv edir.

642f1ac955fa7642f1ac955fa81680808649642f1ac955fa5642f1ac955fa6.jpg (272 KB)

Bugünkü sosial-siyasi böhran sübut edir ki, fransızlar siyasi fəaliyyət təcrübəsi olmayan və sosiallaşması biznes strukturları daxilində baş verən gənc snoblarla əhatə olunmuş bu cəfəngiyatçını Prezident seçəndə sarsıntılı və dağıdıcı bir zəminə qədəm qoydular. Asfalt üzərində vəhşiliklərə məruz qalan insanların videogörüntüləri birbaşa makronpərəstlərin sosial şüurunun çiy olduğunu sübut edir.

Qeyd edim ki, həmin bu vəhşiliklərin müəllifləri  başqa bir yerdə – Dağlıq Qarabağda – işğalçı rejimin saxlanılmasında beynəlxalq hüququn pozulmasında, erməni ekstremizminin təhrikində səbir və dözüm nümayiş etdirirlər. Beləliklə, Makronun hakimiyyətə gəlişindən sonra, Fransa kəşfiyyatı tərəfindən maliyyələşdirilən ekstremist ümumerməni partiyası – "Sasna Tsrer" yaradıldı. Azərbaycan ərazilərini erməni işğalından azad etmək üçün 44 günlük müharibədə qazandığı qələbədən sonra, ermənilərin sarsıdıcı məğlubiyyətini həzm edə bilməyən  Fransa Azərbaycana qarşı iltihablı və dağıdıcı fəaliyyətə başladı. İki il əvvəl rəsmi Paris güc yolu ilə Qarabağ bölgəsinə daxil olmaq və separatçı qurumun tör-töküntülərini legitimləşdirmək üçün möhkəmlənmək niyyətində idi. Xatırladaq ki, Fransa Senatının rəhbəri açıq şəkildə və birmənalı olaraq bəyan edib ki, Fransa Qarabağın Avropada və Avropa ölkələrinin parlamentlərində tanınmasına çalışacaq.

Fransanın əsas məqsədi Moskvanın başlatdığı sülh prosesini pozmaq, Türkiyənin varlığını bölgədə məhdudlaşdırmaq və Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirməkdir. Bu vəziyyətdə makronpərəstlər kiçik siyasi ambisiyalarını ehtiyatsızlıqla beynəlxalq hüquq normalarına qarşı qoyurlar. Makron hakimiyyətində vəziyyətə əhatəli baxış mövcud deyil. Absurd qərarların beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu başa düşmək anlayış və dünyagörüşü yoxdur. Bu qüvvələr başa düşmürlər ki, Ermənistan özü separatçı qurumu tanıyır və dəstəkləyir.

Bu arada mühüm bir amili əlavə edək ki, 2019-cu ildə Fransada mövcud olan erməni təşkilatları Koordinasiya Şurasına dəvət olunarkən Makron sərt şəkildə bəyan etmişdi ki, Fransa bələdiyyələri və ərazi birləşmələri Dağlıq Qarabağ hakimiyyəti ilə müqavilələri tanıya bilməz. Həmçinin Fransa Xarici İşlər Nazirliyinin prefekturalara və dairələrə göndərilən bildirişlərində deyilirdi ki, Fransa tərəfindən tanınmayan, institusional çərçivədə qurulmuş xarici yerli hakimiyyət orqanları ilə müqavilələrlə və ya başqa bir şəkildə, hər hansı formada əlaqə qurula bilməz. Makronun bu məktubunda ifadə olunan fikirlərdən fransız siyasi dairələrinin hansı şəraitdə sərf etdikdə istifadə etdiklərini müşahidə edirik. Bunlar fransız leksikonu ilə ifadə etsək, siyasi ağlın ikili standartlarıdır.

Makron Beşinci Respublikanın ənənələrini ləkələməkdə, xalqa qarşı uğurla işləyən yeni bir elitanın formalaşmasında müvəffəqiyyət qazandı. Təəssüf ki, fransızlar bunu gec başa düşdülər və indi çılpaq, acı həqiqət nümayişçilərin şüarlarında israrla səslənir: "Prezidentlik dövründə cəfəngiyatdan başqa bir şey etmədin". Bu ifadələrdə  şişirtmə yoxdur.

Bu günlərdə Valeriya adlı yaşlı bir fransız qadının məruz qaldığı dəhşətli hadisəni xatırladaq. O, facebook səhifəsində Makronu "iyrənc" adlandırdı və səhər polislər onu həbs etmək üçün evinə  basqın etdilər.

Daha bir nümunəni xatırlayaq. Makronpərəstlər böyük bir fransız atom firmasının aktivlərini amerikalılara satdıqdan sonra ölkə tam xaosa sürükləndi. Politoloq Aleksandr Artamonova istinad edərək qeyd edək ki, bu sazişin müddəalarının yarısı şəxsən Makron tərəfindən cinayət yolu ilə imzalanıb. Sazişin parlamentdə müzakirəsi zamanı Makron  faktiki olaraq dinləmələri adladı, qulaqardına vurdu. Müqavilənin imzalanmasından zərər çəkmiş insanlar oldu, o cümlədən bəziləri həbsxanaya salındı. Makron Fransanın strateji aktivlərinin bir hissəsini amerikalılara təhvil verdi və bununla da suverenliyini əldən vermiş oldu.

Fransanın Milli Məclisindəki səsverməni adlayıb biabırçı pensiya islahatını qəbul edən ən gənc prezident, əslində, hüquq mədəniyyətsizliyi nümayiş etdirərək, mənfi tendensiyaları ilə  diqqətçəkən imic yaratmağa nail oldu. Onun demokratik ənənələri kobudluqla pozması fransızları bərabərsizliyin artdığı yeni reallığı itaətkarlıqla qəbul etməyə məcbur edir. Beləliklə, Makron Beşinci Respublikanın bütün postulatlarını pozur, referendumlar, bütün əsas məsələlər üzrə ictimai rəy sorğularını nəzərə almır.

Qeyd edək ki, Makronla birlikdə böyük siyasətə gələn vətəndaş cəmiyyəti nümayəndələri prezidentlə xalq arasında sosial yaxınlaşmanın katalizatoru olmayıblar. Qeyri-hökumət təşkilatlarından olanlar öz missiyalarını yerinə yetirmədilər, ictimai dialoqun inkişafı üçün əlverişli strategiya yürütmədilər. Vətəndaş cəmiyyətinin ən məşhur nümayəndələri 2017-ci ilin yayından 2018-ci ilin payızınadək ikinci hökumətin tərkibində təmsil olunublar. Bu nümayəndələr ekoloji inkişaf, mədəniyyət, səhiyyə, təhsil, ali təhsil və elmi tədqiqat nazirləri vəzifələrində qərarlaşıblar. Bunlar səlahiyyətli mütəxəssislər idilər, lakin ikinci hökumətin işi göstərdi ki, vətəndaş cəmiyyəti nümayəndələri həmişə məhdudiyyətlər daxilində işləməyi bacarmırlar. İnzibati sistemin sərtliyinə və güclü lobbinin təzyiqinə dözə bilməyən üç məşhur nazir bir il sonra istefa etdi.

Paradoksal olaraq, Fransanın indiki "meteor" prezidenti böyük tarixə və ənənəyə məhəl qoymur. Makron bugünkü siyasəti ilə Fransanın böyük bir tarixinin olmadığını, sadəcə, bir fransız tarixinin olduğunu açıq şəkildə ortaya qoyur. Görünür, Makrona və ona pərəstiş edənlərə böyük tarixlə birləşən dahi fransız mədəniyyəti mane olur. Bu səbəbdən, apriori mədəniyyətinin missiyası təcavüzü dayandırmaqdır. Makronçular mənəvi və hüquqi dəyərlərlə əlaqəli hər şeyi tapdalayaraq, başlarını çiyinləri üstündə gəzdirməyə çalışırlar. Bunu asfaltda can verən makronsayağı pensiya islahatının üsyankar əleyhdarları açıq şəkildə sübut edir.

16472490891775837497_1200x630.jpg (372 KB)

Şəlalə Həsənova, “İctimaiyyətlə əlaqələrin inkişafına kömək” İctimai Birliyinin sədri, Əməkdar jurnalist

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR