İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Fransanı ifşa etdi: Rəsmi Parisin sülh prosesində vasitəçiliyi təhlükəlidir

3690 13.10.2022 18:58 Analitika A A

Prezident Emmanuel Makron Fransanı Ermənistanla “dərin əlaqələr”in birləşdirdiyini, rəsmi Parisin erməniləri “darda qoymayacağını” bildirib... O, Fransanın “dəyərlər”inin və “prinsiplər”inin enerji resursları ilə satın alınmasının mümkün olmadığını vurğulasa da, əslində, bu ölkənin bütün siyasi sistemi erməni diasporunun seçki səsləri və rüşvəti hesabına çoxdan satın alınıb...

Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması indi region dövlətləri üçün strateji hədəfə çevrilməyə başlayıb. Praqa görüşündən sonra bu istiqamətdə müəyyən irəliləyin olduğu da qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi İrəvanın Praqa Bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləməsi yekun sülh sazişinin imzalanması prosesinə təkan verdi. Və bu ilin sonuna qədər Azərbaycan-Ermənistan sülh sazişinin reallığa çevrilə biləcəyi tamamilə inandırıcı görünür.

Onu da qeyd etmək lazımdır ki, Praqa görüşünə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel ilə yanaşı, Fransa prezidenti Emmanuel Makron da vasitəçilik edirdi. Ermənistan baş naziri Nikol Paşinyan məhz Fransa prezidenti E.Makronun verəcəyi dəstəyə böyük ümidlər bəsləyirdi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyətli və prinsipial mövqeyi ilə erməni baş nazirin bütün ümidlərini boşa çıxara bildi. Fransa prezidentinin müəyyən təzyiq cəhdlərinə baxmayaraq, Praqa Bəyanatı Azərbaycan liderinin diqtə etdiyi şərtlər əsasında imzalandı.

praqa-gorusu-sulh-muqavilc999sinin-imzalanmasina-yonc999lmis-novbc999ti-addimdir-rc999y-foto.jpg (39 KB) 

Təbii ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur. Ancaq eyni zamanda, Ermənistana dəstək vəd edən Fransa prezidenti E.Makron Praqa görüşünün nəticələrini özü üçün ağır məğlubiyyət kimi qəbul etmək məcburiyyətindədir. Çünki, prezident E.Makron erməni baş nazirə verdiyi vədlərin heç birisini yerinə yetirə bilmədi, Azərbaycan liderinin prinsipial mövqeyi qarşısında geri çəkilməli oldu.

Maraqlıdır ki, indi prezident E.Makron Praqa məğlubiyyətini son açıqlamaları ilə kompensasiya etməyə çalışır. Əsas məqsəd isə erməni diasporuna xoş gəlmək, Fransanın Ermənistanı həmişə  dəstəkləyəcəyini qabartmaqdan ibarətdir. Hər halda, E.Makronun Cənubi Qafqazda cərəyan edən prosesləri və baş verən hadisələri birmənalı şəkildə Ermənistanın maraqlarından ifadə etməsi belə düşünməyə tamamilə əsas verir.

Məsələ ondadır ki, E.Makron Ermənistanın hərbi-siyasi təxribatları ucbatından baş vermiş sentyabr toqquşmalarına görə Rusiyanı ittiham edib. O, iddia edir ki, məhz Rusiya Azərbaycan və Ermənistan arasında “məqsədyönlü təxribatlar” törətməklə, Cənubi Qafqazda situasiyanı gərginləşdirməyə çalışır. Halbuki, E.Makron unudur ki, Cənubi Qafqazda baş verən son silahlı toqquşmaların arxasında ABŞ və Fransanın Paşinyan hakimiyyətinə təlimatlarının olduğunu indi hamı bilir.

Hər halda, Paşinyan hakimiyyəti həmin təxribatları məhz CİA şefi Uilyam Börnsün Ermənistana gəlişindən, eləcə də bəzi erməni rəsmilərin Fransa hökumətinin təmsilçiləri ilə görüşlərindən sonra törətdilər. Hətta erməni təxribatlarından sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfərini, baş nazir N.Paşinyanın Parisdə E.Makronla görüşünü də nəzərə aldıqda, bu prosesin hələ də davam etdiyi qətiyyən şübhə doğurmur. Yəni, prezident E.Makron Cənubi Qafqazdakı təxribatlardan danışarkən, Rusiyadan öncə məhz ABŞ və Fransanı ittiham etməsi daha doğru olardı.

fffee5eec0-d8b3-4374-90a2-a2bf83004fc9.jpg (169 KB) 

E.Makron etiraf etməlidir ki, ABŞ və Fransa Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq üçün məhz Ermənistandan “geopolitik alət” kimi istifadə edir, regionda vəziyyəti gərginləşdirərək, Minsk Qrupunu “diriltməyə” və bölgəyə müdaxilə üçün mexanizm qazanamağa çalışır. Bu baxımdan, E.Makronun dediklərinin əksinə olaraq, Rusiya heç də Azərbaycanın maraqlarına uyğun geopolitik oyunlar qurmur. Əksinə, məhz ABŞ və Fransa Ermənistan üzərindən planlar qurub, regionda situasiyanın nəzarətdən çıxarılmasına can atır.

Digər tərəfdən, E.Makron Rusiyanın Ermənistanı zəiflətməyə cəhd göstərməsini iddia edərkən də saxtakarlıq edir. Çünki, Kreml heç vaxt Ermənistanın zəiflədilməsinə cəhd göstərməyib. Əksinə, Rusiya ermənilər üçün Azərbaycanın tarixi ərazilərində süni şəkildə qondarma “Ermənistan dövləti” yaradıb, onu silahlandırıb, erməni işğalçılığına həmişə dəstək verib. Və bu qondarma “erməni dövləti”nin hələ də mövcud olması məhz Rusiyanın “xidmətləri” sırasına daxildir.

Göründüyü kimi, E.Makronun açıqlamaları əslində, həm tamamilə məntiqsiz olmaqla yanaşı, həm də “suyu bulandırmaq” məqsədi güdür. Nə qədər qəribə də olsa, Azərbaycanı üstüörtülü şəkildə Rusiya ilə yaxın münasibətlərdə suçlamağa çalışır. Və bu, Fransa prezidentini növbəti saxtakarlığıdır.

Rəsmi Bakı bütün digər dünya ölkələri ilə olduğu kimi, Rusiyaya münasibətdə də normal əməkdaşlıq əlaqələrini saxlayır. Əgər, E.Makron həqiqətən səmimi olsaydı, onda məhz Ermənistanı Rusiya ilə strateji müttəfiqlikdə ittiham etməliydi. Çünki, məhz Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiyanın patronajlığı altında olan KTMT-nın üzvüdür. Üstəlik, Ermənistanda Rusiya hərbi bazaları mövcuddur, bu ölkənin dövlət sərhədlərini belə, məhz rus sərhədçiləri qoruyur.

715d85657feb8bf914ec1ed24c4a706f.jpg (428 KB) 

Nəhayət, Azərbaycandan fərqli olaraq, Kremlin regional forpostu Ermənistan Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaq üçün də müəyyən imkanlar yaradır. Ancaq nədənsə, E.Makron bütün bunları xatırlamağa həvəs göstərmir. Daha çox Fransanın Ermənistana xüsusi dəstək verdiyini qabartmağa çalışır. Və elə bu məqamla da Fransanın nə Minsk Qrupu dövründə, nə də indi Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesində neytral ölkə olmadığını, rəsmi İrəvanın tərəfində durduğunu ifşa etmiş oldu.

Məsələ ondadır ki, E.Makron Fransanı Ermənistanla “dərin əlaqələr”in birləşdirdiyini, rəsmi Parisin erməniləri “darda qoymayacağını” bildirib. Azərbaycana münasibətdə Fransanın tolerant mövqe tutmasının mümkün olmadığını açıq şəkildə vurğulayıb. İndi bütün bunlardan sonra Fransaya sülh prosesində güvənmək qətiyyən mümkün deyil.

Çünki, E.Makronun açıqlamasından da görünür ki, Ermənistanın bütün hərbi cinayətlərinə Fransa həmişə olduğu kimi, yenə də haqq qazandırmağa çalışacaq. Yəni, E.Makron Fransanın dəyərlərinin və prinsiplərinin enerji resursları ilə satın alınmasının mümkün olmadığını vurğulasa da, bu ölkənin bütün siyasi sisteminin erməni diasporunun seçki səsləri və rüşvəti hesabına çoxdan satın alındığı da inkaredilməz reallıqdır. Ona görə də, Fransanun Cənubi Qafqaz üzrə sülh prosesində vasitəçilik missiyasına iddia etməsi yolverilməzdir. Və bu ölkəni Cənubi Qafqazla bağlı heç bir problemin həllinə yaxın buraxmaq olmaz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR