İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Ermənistanı Rusiyaya qarşı qaldırır

578 23.02.2023 10:40 Siyasət A A

Oqtay Qasımov: “Fransanın Cənubi Qafqazda təkbaşına Rusiya ilə rəqabət aparmaq imkanları yetərli deyil, Makron Rusiyaya qarşı sərt bəyanat verərkən ABŞ-ın, Avropa Birliyinin dəstəyinə arxalanır”

Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxışında Cənubi Qafqazdakı vəziyyətə də toxunub. Ermənistan baş naziri Nikol Paşinyanı “dostum” adlandıran Makron Ermənistanı Rusiyaya qarşı qoymaq istəyini açıq büruzə verib. Fransa Prezidenti çıxışının əsas hissəsini Rusiyaya düşmənçilik və Ermənistana dostluq mesajları üzərində qurub. Makron çıxışında Rusiyanı qeyri-sabitliyin və xaosun mənbəyi kimi təqdim edib. Həmçinin Fransanın Ermənistanın yanında olmağa davam edəcəyini vurğulayıb. Sitat: “Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiya həll edəcəyinə kimsə necə inansın? Mən dostum baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik, heç kimdən çəkinməyə ehtiyac yoxdur”. Makronun bu çıxışından bir daha aydın olur ki, Fransa bölgədə Rusiyaya qarşı ittifaq formalaşdırır və bu prosesdə Ermənistan aparıcı rol oynayır. Avropa Birliyinin müşahidə missiyası adı altında Fransa jandarmasının üzvlərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməyə başlanması da bunun göstəricisidir.

Yaranmış yeni vəziyyəti “Yeni Müsavat”a şərh edən politoloq Oqtay Qasımov bildirdi ki, Fransa Prezidenti Makronun Münhen Təhlükəsizlik Konfransında çıxışında Rusiyaya qarşı sərt açıqlamaları müəyyən qədər təəccüblə də qarşılana bilər. Çünki Makronun Rusiya siyasətində hər zaman ikili yanaşma müşahidə olunub. Ukrayna müharibəsi ərəfəsi və müharibə başlayandan sonra Fransanın mövqeyi belə olmuşdu ki, Rusiyanın xətrinə dəyilməsin, Putinin siması qorunmaq şərtilə sülhə gedilsin: “Yəni Makron əslində Ukraynaya öz ərazilərini Rusiyaya güzəştə getməyi təklif edirdi. Bu təklif də Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəzəblə qarşılanmışdı. İndi Cənubi Qafqaz, o cümlədən Ermənistan məsələsində Makron Rusiyaya qarşı sərt mövqe ortaya qoydu. Rusiyanın imperialist siyasəti və öz nüfuz dairələrində törətdiyi qəliamlar, soyqırımlar Fransa ilə eyni olar. Çünki Fransa da bu məsələlərdə Rusiyadan geri qalmayıb. Fransanın özünün müstəmləkəçilik tarixi soyqırımlarla, kütləvi qətliamlarla zəngindir. Hətta uzaq olmayan tarixdə - 1990-cı illərdə Ruandada 800 mindən artıq ruandalının qətlində Fransa məsuliyyət daşıyır. Rusiya 200 ildən artıqdır Cənubi Qafqazda yerləşib və dominant rol oynayıb. Rusiya bu bölgəni indi də birbaşa özünün təsir zonası sayır. Fransanın Cənubi Qafqazda təkbaşına Rusiya ilə rəqabət aparmaq imkanları yetərli deyil. Makron, sadəcə olaraq, Rusiyaya qarşı sərt bəyanatı verərkən ABŞ-ın, Avropa Birliyinin dəstəyinə arxalanır”.

İranda iğtişaşlar bitmir - molla rejimi 2023-dən salamat çıxa biləcəkmi -  rəy

Oqtay Qasımov

Politoloq hesab edir ki, Amerikanın və Avropa Birliyinin potensialı, əlbəttə, Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa və hətta çıxarmağa yetərli sayıla bilər. Amma Rusiya da bu məsələlərə, gözlənildiyi kimi, sərt münasibət ortaya qoyur: “Rusiya rəsmiləri tərəfindən verilən açıqlamalar onu göstərir ki, Moskva Avropa Birliyinin, Fransanın Ermənistan nümunəsində Cənubi Qafqazda yerləşməsinə dözümlü yanaşası deyil və Cənubi Qafqaz uğrunda mübarizədə sona qədər dirənəcək, heç bir güzəştə getməyəcək. Ona görə də artıq bu bölgədə geosiyasi rəqabət, gərgin fazaya daxil olub. Ukrayna savaşı fonunda bu gərginlik daha da artmaqdadır”.

Bu gərginliyin Ermənistanın taleyinin Ukraynaya çevrilməsi ehtimalına gəlincə, ekspertin sözlərinə görə, Ermənistan nə ərazisi, nə hərbi, nə iqtisadi gücünə, nə əhali sayına görə Ukrayna ilə müqayisə edilə bilməz: "Ukrayna özü birbaşa Rusiyanın hərbi hücumuna məruz qaldığı halda Ermənistan ərazisi onsuz da illərdir Rusiya hərbi qüvvələrinin yerləşdiyi bir ərazidir. Rusiyanın Ermənistanı Ukraynanın ərazilərini etdiyi kimi hərbi hücumla işğal etməsinə ehtiyac yoxdur. Ona görə ki, Ermənistanda Rusiyanın hərbi bazası və sərhəd qoşunları yerləşir. Onlar istədiyi vaxt Ermənistanın daxilində istədikləri planı reallaşdıra bilərlər. Amma Ermənistan ərazisinin hələlik Ukrayna müharibəsi modelində bir savaş meydanına çevrilməsi ehtimalı yoxdur. Müəyyən gərginliklər yüksələ bilər, lakin Ukraynada olduğu kimi böyük müharibə meydanına çevrilməsi ehtimalı kifayət qədər aşağıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR