İnsanlara hürriyət, millətlərə istiqlal!

Maaşlarını artırdılar...

2135 03.08.2022 09:10 Yazarlar A A

(sosial-mediativ donquldanma)

Xəstəliyin müalicəsində birinci olaraq, ilk növbədə düzgün diaqnoz qoyulmalıdır. Diaqnoz düz qoyulmasa, müalicənin heç bir mənası yoxdur, hətta xəstəni daha sürətlə öldürmək olar.

Bizim müxalif ictimai fikir adətən mənasız mövzulara, diskurslara yüklənir, axırda da heç bir fayda əldə edə bilmir. Məsələn, uzun illər mübarizə mifik “uşaq pulu” temasında getdi. Hiss olunurdu ki, iqtidar da söhbətin bu temada getməsindən, necə deyərlər, qafiyədən razıdır. Uşağa ayda beş-on manat müavinət almaqla nə düzəlir? Əgər o uşağın başqa uşaqlarla, yaşıdları ilə bərabər inkişaf imkanları yoxdursa. Bir kənddən bir idarədə 1400 nəfər aşkar edilirsə, başqa kəndlərin sakinləri acından ölməyə məhkumdur. Özü də bu, təkcə korrupsioner imicli idarələrə, şəxslərə aid deyil, deyəsən, hərtərəfli pis gündəyik. Mənim heç yadımdan çıxmır, iqtisadi inkişaf naziri Fərhad Əliyevi və “Azpetrol”un müdiri olan qardaşı Rafiq müəllimi şərləyib türməyə basandan bir neçə gün sonra “zapravkaların” təzə müdiri bilirsinizmi nə etmişdi? Adamın ilk “islahat” tədbiri bu olmuşdu: “Azpetrol”dan 200 nəfər Alar kənd sakini işdən qovulmuşdu. Yenə mövzudan agah olmayan varsa, izah edirəm: Fərhad və Rafiq Əliyev qardaşları Cəlilabadın bu kəndində doğulmuşdur. Bu da bizim islahatçı nazirimiz. Lətifənin bir az da davam etməsini istəyirsinizsə, yazıram: Fərhad Əliyevin müdafiə komitəsinin sədri də kəndçisi olmuşdu. İsa Qəmbərin Füzulinin müdafiəsinə qaçması kimi bir şey.

Neçə vaxtdır daha bir arxaik mövzu açılmışdı, deputatların, nazirlərin, hakimlərin və sairə hökumət adamlarının maaşının artırılması üzərində didişmə gedirdi, nəhayət maaş artımı qüvvəyə mindi. Təbii ki, azı bir ay uca millət bu maaş mövzusunda donquldanacaqdır. “Özlərinə maaş yazırlar, biz pulsuz qaldıq”, “Uşaq pulu vermir, deputata 5 min verir”, “Heç xeyir işlərə xərcləməsinlər” və sairə. Guya hökumət adamları maaşla yaşayırmış.

Birdən görürsən hansısa müharibə veteranının toyu olur, rayon icra hakimiyyəti başçısı toya gəlir, ora 500 manat nəmər yazdırır. Hələ qol qaldırıb oynayır, kameralara poza verir. Xalq, veteran, mətbuat icra hakimini alqışlayır. Ancaq bu adam ayda 2 dəfə veteran toyuna getsə, acından ölməlidir axı. Çünki bizim qanunlara görə və son artımlaracan əhali sayı 50 minəcən olan rayonların icra başçıları 880 manat (başa düşürəm, gülməlidir, siz də gülün), 50-100 min əhalisi olan rayonların başçıları 990 manat, 100 mindən çox adam yaşayan rayonlarda isə 1045 manat maaş alırdı.

Dramatik vəziyyət budur ki, adam guya öz cibindən yardım edir, nəmər yazdırır, lakin bir nəfərin də ağlına gəlmir soruşsun: “Əziz yoldaş, sən bu pulu axı haradan almısan, hansı anbardan götürüb, kimin hesabına paylaşdırırsan?” Soruşan yoxdur. Deklarasiya yoxdur. Vergi, şəffaflıq, aşkarlıq yoxdur. Nəticədə bizim pulumuzla bizə yardım edirlər. Bizim qanımızı sorub, hansısa xəstə uşağa arada qan verirlər. Korrupsiyadan yaza bilməyən jurnalistə korrupsiya hesabına ev tikirlər. Özləri də olurlar seyid nəvəsi, peyğəmbər övladı. Nə deyə bilərsən, heç zad. Hamı günaha bulaşıb, cinayətə ortaq olub. Az, ya çox miqdarda. Sadəcə, burada həmişə qoyunu qoyun ayağından asırlar, keçilərə hələ dəyib-toxunan olmamışdır.

Yeganə sosial lift korrupsiya, qohumbazlıq və tayfabazlıq olarsa, orada inkişaf mümkün deyil. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR