İnsanlara hürriyət, millətlərə istiqlal!

Luys Fondunun qərəzli hesabatı: “Avropa Bakı qazına görə ermənidən üz çevirir” iddiası

658 23.12.2022 09:13 Gündəm A A

Ekspertə görə, “arqumentlərin” heç bir əsası yoxdur və bazarı itirən oyunçuların qısqanc reaksiyasıdır

Luys Fondu “Avropa İttifaqında enerji böhranı və Azərbaycanın qaz faktoru” adlı araşdırmasını təqdim edib. Araşdırmada bir sıra məsələlər ümumiləşdirilib. Əsas mahiyyət ondan ibarətdir ki, bəs Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqlar prosesində vasitəçilik səyləri enerji sektorunda Azərbaycanla əməkdaşlığa görə tam obyektiv ola bilməz. Digər bir arqument ondan ibarətdir ki, Azərbaycan təkcə bu ilin birinci yarısında Aİ-yə qaz ixracından 5 milyard avroya yaxın vəsait əldə edib. Qeyd olunur ki, neft-qaz gəlirləri hərbi xərclərin daha da artırılmasına yönəldiləcək, danışıqlarda aqressiv mövqe sərgilənəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2021-ci ilin aprelindən Azərbaycanın Avropaya nə qədər qaz verməsi ilə bağlı ilkin  məlumatlar yayılmağa başladı: “Bundan sonra erməni lobbisi Avstraliyadan tutmuş ABŞ, Latın Amerikası və digər ölkələrdə fikir formalaşdırmağa çalışdı ki, Azərbaycanın qazı yoxdur. Guya Azərbaycan Rusiya qazını alır, Avropaya verir. Bununla həm də demək istəyirdilər ki, Azərbaycan 44 günlük müharibəni udmayıb, arxasında Rusiya dayanır. Yəni Rusiyanın da məqsədi o idi ki, bu əraziləri götürsün, Zəngəzur dəhlizini açsın və Türkiyədən mal alsın. Bax, ermənilər bu cür bəsit yanaşmanı il yarımdır ki, bütün sosial şəbəkələrdə, informasiya mənbələrində eyni sözləri təkrar edirdilər.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

İlham Şaban 

Makron bu il TV2-yə müsahibəsində çağırış elədi ki, biz Azərbaycandan neft və qaz almırıq, almaq fikrimiz də yoxdur, digər Avropa ölkələrinə də neft qaza görə satılmamağı məsləhət görüb. Ermənilərin 2021-ci ildə inkişaf etdirdikləri o fikri artıq erməni lobbisi güclü olan ölkələrdə ən yüksək səviyyəyə qədər qaldıra bildilər. Hesab edirəm ki, burada Azərbaycan tərəfinin ermənilərin dediklərinin küçə söhbəti hesab edib əhəmiyyət verməmələrindən də sui-istifadə edirlər. Nə qədər çox yalan danışsalar da, buna inananlar da olur. Hesab edirəm ki, belə bir fikirlər ortaya atılandan Azərbaycan tərəfi bunun mif olduğunu göstərməli idi. Bunun üçün bir neçə arqument var. Azərbaycan qazı iki yolla daşıyır. Birincisi, gəmi yolu ilə həyata keçirilir ki, bu da Xəzərdə yoxdur, ümumiyyətlə, tarix boyu olmayıb. İkincisi də boru kəməridir ki, Rusiya ilə Azərbaycanı 1981-ci ildə tikilib istifadəyə verilmiş  Mozdok-Hacıqabul qaz kəməri birləşdirir. Həmin boru kəməri 1991-ci ilə qədər işləyib. 1991-ci ildən 2000-ci ilin oktyabrına qədər boş qalıb. Azərbaycanla Rusiya arasında heç bir qaz əməliyyatları olmayıb. Bunun nəticəsində vaxtilə 10 milyard kub/metr ötürücülük qabiliyyəti kimi layihələşdirilən, sovetin vaxtında işləyən qaz kəməri ölkədə nasos stansiyasının yükü iki dəfə azalıb, yəni 5 milyard kub/metr olub. Bu boru kəməri ilə biz 2007-ci ildə “Şahdəniz” qazı çıxana qədər  buradan ildə maksimum 4.5 milyard kub/metr qaz almışıq. Öz ehtiyaclarımız üçün.  “Şahdəniz” qazı çıxandan sonra biz o boru kəmərindən iki il müddətində 2010-2012 Rusiyanın cənub bölgəsinə, əsasən Dağıstana qaz ixrac etmişik. Ötən dövrdə ara-sıra Azərbaycanın qışda qaza olan ehtiyaclarının pik gərginliyi zamanı biz bu kəmər vasitəsilə  Rusiyadan qaz almışıq. Misal üçün, noyabr ayının 15-dən martın 31-nə qədər hazırda Azərbaycanla Rusiya arasında müqavilə var. 1 milyard kub/metrə qədər. Nəyə görə bu qədər, çünki əvvəldən bilinmir ki, qışda hansı günlərdə qaza daha çox ehtiyac olacaq. Necə ki, Azərbaycan pik istehlak zamanı Ermənistan istisna olmaqla qonşu ölkələrdən elektrik enerjisini alır, ya satır, bunun nəticəsində biz 1.5 milyard kilovat/saatdan artıq ixraca malikik. Eynilə bunu qazla da edirik.  Baxmayaraq ki, qazın Rusiyadan gələn hissəsi 5 milyard kub/metrdir. İndi Azərbaycan hissəsinin ehtiyac duyulmadığından artıq oradakı qurğular 4 milyard kub/metr qaz qəbul edə bilər".

Ekspert əlavə edib ki, ermənilər Azərbaycanla bağlı iddialarını nəinki Qərb oxucusuna, hətta Qərb ekspertlərinə, siyasətçilərinə belə çatdırırlar: “Deyirlər, görürsünüz, Azərbaycanla Rusiya arasında qazın alqı-satqısına dair müqavilə var. Azərbaycan Rusiyadan qaz alır. Alırıq, amma bunun həcminə baxsınlar da. Tutaq ki, keçən il 700 milyon kub/metr, bu il də 1 milyard kub/metr. Bu qədər qazla nə baş verir ki?! Rusiya Federasiyası müstəqillik illərində Asiya ölkələrindən- Türkmənistan, Qazaxıstan, Özbəkistandan elə illər olub bir ildə 55-60 milyard kub/metr qaz alıb. Rusiya dünyanın bir nömrəli qaz ölkəsi idi axı. Rusiya Mərkəzi Asiyadan qazı alır, Avropaya satır. Bunun məntiqi budur. İkinci bir tərəfdən, ABŞ dünyanın ən çox neft istehsal edən ölkəsidir. Bununla belə, ABŞ milyonlarla ton neft idxal edən ölkədir. Bütün bunları mən deməməliyəm. Enerji sahəsinə aid mütəxəssislər də yüksək tribunalardan, konfranslarda fikirlərini deməlidirlər. Burada ədəbi-bədii cümlələr deyilməməlidir. Burada dəyərdən, texniki imkanlardan tutmuş hər bir məqama toxunulmalıdır. Bu, təkcə Rusiya amilinə aid deyil. Bizdə İranla bağlı məsələdə də susurlar. Hamıya bəllidir ki, Hacıqabul-Astara kəməri yenilənəndə bununla bağlı 2005-ci ilin noyabrında istifadəyə verilmişdi ki, İranla qazı dəyiş-düyüş edək, Naxçıvanın qaz təminatını həyata keçirmək üçün. O zaman kompressor stansiyası da Astarada tikildi. Bu, qazı İran tərəfə ötürmək üçündür. Mətbuata da açıqlandı ki, 1 milyard kub/metr buraxıcılıq qabiliyyəti var. Ondan sonra modernizə edildi. Eləcə də, biz Türkmənistanla 1.5 kub metr qazın alqı-satqısı ilə bağlı 2021-ci ilin dekabrında müqavilə imzaladıq. Bu, maksimum halda 1.5 kub metr ola bilər. Ancaq ehtiyac olarsa, biz bunu 4.5 milyarda qədər artıra bilərik. Biz özümüz də bu cür fikrilərin yaranmasına rəvac veririk. Deyirlər, Azərbaycanın qazı yoxdur. Prezident İlham Əliyev bütün xarici səfərlərində, bura gələn qonaqların qarşısında da təbii qazla bağlı məsələlərdə qeyd edir ki, bizim 2.6 trilyon kub/metr qazımız var, bundan sonra yataqların adını çəkir. Ancaq İlham Əliyev siyasi fiqurdur. Bunu sırf enerji sektoruna dair mütəxəssislər sırf enerji məcmuələrində çıxışlar etməli, məqalələr dərc etməlidirlər. Aİ ilə imzaladığımız müqavilə ki var, qaz həcmlərini 10 milyon kub/metr artırmaq üçün bizim real olaraq hansı resursumuz var. "Abşeron 1" gələcək bizim daxili bazara, "Abşeron 2" var. Abşeronun təsdiq edilmiş qaz ehtiyatları var, bunu biz təsdiq etməmişik. Bu 2011-ci ildə "Total" şirkətinin açdığı yataq üçün 2012-ci ildə Avropadakı qurumlarda təsdiq edilmiş həcmlərdir ki, 350 milyard kub/metrdir və bunu alıb. Bu, səhmdar şirkətdir.  Əgər o yalan olsaydı, vaxtında nəzərdə tutulan ehtiyatların  ona aid olmadığı üzə çıxardı. 2019-cu ildə "Total" şirkəti orada qiymətləndirmə quyusu da qazdı və nəticəni bir də təsdiqlədi. Hamıya da bəllidir ki, 30 il müddətində təməl yataqdan 1.5 milyard kub/metr olmaqla, Azərbaycanın daxili bazarına qaz alınacaq. Bunun da müqaviləsi var. Avropa 2050-ci ildə, ümumiyyətlə, qaz idxal etməyəcək. Abşeron qaz layihəsinin işlənməsi 2027-ci ilə təsadüf edir. Bu müddətdə sırf Abşeron yatağının hesabına Azərbaycan o boru kəmərini yüz faiz doldura bilir. Bununla qarşı tərəfi sırf rəqəmlərlə inandırmaq üçün riyaziyyatda olduğu kimi isbat edirəm. Bu məsələ yalnız Ermənistan amili ilə məhdudlaşmır. Bu bazarı itirən oyunçular buna qısqanc yanaşırlar. Bu bazarda marağı olan ölkələrdən də bu cür əməllər gözlənə bilər. Çünki rəqabətin bir qolu da qara piardır.  Bunu yalnız Rusiya-İran faktoru ilə əlaqələndirmək lazım deyil”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR