İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko KTMT-ni bizə qarşı birləşməyə çağırır?

2060 15.02.2023 08:12 Siyasət A A

Belarus Prezidentinin “Putin NATO”sunun baş katibi ilə görüşdə dediklərinə Bakıdan ilginc reaksiyalar

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr birləşməli, birgə hərəkət etməlidir və “sakit oturmağa” ümid etməməlidir. APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşündə bildirib.

“Kimsə düşünürsə ki, Ukrayna və Rusiya arasındakı münaqişə bizim münaqişəmiz deyil, biz haradasa sakit oturacağıq, belə bir şey olmayacaq. Vaxt gələcək, həmin vaxt uzaqda deyil, elə sabah, bizdən qərarlı olmaq, müəyyən mövqe tutmaq tələb olunacaq. Mən bunu milli maraqların ziyanına və s. demirəm. Amma bütün müttəfiq qüsurlarımızla birlikdə hərəkət etmək üçün öz siyasətimizi, xəttimizi dəqiq müəyyən etməli olacağıq. Birlikdə, həmişə daha sadə və daha asandır”, - deyə Lukaşenko vurğulayıb.

Belarus Prezidenti KTMT-nin bütün üzvlərinin birləşməli və birgə hərəkət etməli olduğunu söyləyib. “Çətinliklər kifayət qədərdir. Sədrliyimiz dövründə bizdə olan mövcud problemləri həll etməyə çalışmağı proqrama yazmağı risk etmişik. Xüsusilə KTMT-yə üzv dövlətlərin sərhədlərində... Siz həm Qafqazı, həm də Mərkəzi Asiyanı yaxşı tanıyırsınız. Bizdə orada problemlər var. Gəlin onları həll etməyə çalışaq və imkan daxilində bu çətin vaxtlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını toplayaq. Siz perimetr ətrafında nə baş verdiyini görürsünüz”, - deyə Belarus liderinin mətbuat xidməti onun çıxışından sitatlar gətirib.

Belarus liderinin narahatlığına səbəb nədir? KTMT-də Azərbaycanın haqlı mövqeyini müdafiə edən Lukaşenkonun çağırışında Azərbaycana qarşı mesaj varmı?

Azərbaycan Ermənistanın qarşısında daha qəti şəkildə tələblər qoyacaq”— Oqtay  Qasımov

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Belarus Prezidentinin açıqlamasında narahatlıqlar var. Xüsusilə də son bir ildə Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış beynəlxalq vəziyyət, həm Rusiya, həm də Belarusa qarşı beynəlxalq miqyasda təzyiqlər, o cümlədən tətbiq edilən sanksiyalar onların vəziyyətini ciddiləşdirir: “Eyni zamanda bu vəziyyət, KTMT daxilində münasibətlərlə bağlı məsələlər Lukaşenkonu narahat edir. Ermənistanın son dövrlər KTMT ilə bağlı davranışları, KTMT-nin İrəvanda keçirilən toplantısında yekun bəyannaməyə Paşinyanın imza atmaqdan imtina etməsi, 2023-cü ildə KTMT-nin Ermənistan ərazisində keçirilməsi nəzərdə tutulan təlimlərinin təxirə salınması kimi məsələlər, o cümlədən Ermənistanın KTMT-yə qarşı olan iddiaları, tənqidləri təşkilat daxilində narahatlığa səbəb olub. Bundan başqa, müəyyən fikir ayrılıqları da var. Xüsusilə də Azərbaycanla Ermənistan arasındakı münasibətlərlə bağlı məsələlərdə KTMT-nin bir çox üzvləri Ermənistandan fərqli düşünür və fərqli mövqe sərgiləyirlər. O baxımdan Belarus Prezidentində bu narahatlıqların olması qeyd olunan məsələlərdən qaynaqlana bilər. O ki qaldı Mərkəzi Asiya və Qafqazla bağlı fikirlərinə, əlbəttə, Lukaşenko həm Qazaxıstanda baş verən hadisələr zamanı KTMT-nin reaksiyası və Qazaxıstanda sülhməramlı missiyanın həyata keçirilməsini, eyni zamanda son zamanlar Mərkəzi Asiyada digər beynəlxalq qlobal güclərin fəallaşmasını nəzərdə tutur. Lukaşenko narahatlığını buna görə də dilə gətirir. Qafqaza gəldikdə, təbii ki, bu bölgədə ciddi bir qlobal rəqabət hökm sürür, Qərb-Rusiya qarşıdurması var. Bu qarşıdurma Ermənistan üzərindən həyata keçirilir ki, bu da həm Moskvanı, həm də onun ən yaxın müttəfiqi Belarusu narahat eləyir. Çünki görünən budur ki, bu rəqabət nəticəsində Rusiyanın bölgədə təsir imkanlarının zəiflədilməsi prosesi baş verməkdədir. Əlbəttə ki, bunun qarşısını almaq müxtəlif manevrlər edilir. Rusiya son dövrlər bölgədə fəaliyyətini gücləndirməyə çalışır. O ki qaldı Lukaşenkonun fikirlərindəki məqamların Azərbaycana hansısa şəkildə təsirinə, KTMT bir neçə dəfə Ermənistanın Azərbaycanla bağlı çağırışlarına münasibət bildirib. Bu münasibətlər obyektiv olaraq doğru münasibətlər olub. 44 günlük müharibə zamanı və sonrakı dövrlərdə erməni təxribatlarının qarşısının alınması zamanı KTMT obyektiv mövqe sərgiləyiblər. Birinci halda bəyan edilib ki, müharibə Azərbaycanın ərazisində gedir, ikinci halda isə bildirilib ki, sərhədlər hələ delimitasiya olunmayıb, ona görə də KTMT Ermənistan tərəfindən döyüşə bilməz. Son zamanlar isə sərhədlərə KTMT-nin müşahidə missiyasının göndərilməsini gündəmə gətirirlər. Lakin bu missiyanın göndərilməsinə Azərbaycanın da razılığı olmalıdır. Bu missiyanın Qafqaza gəlməsinin müəyyən narahatlıqlar yaratması ola bilər, amma ciddi problem olmasını gözləmirəm”.

Əxlaqımızda dövlətdən küsmək yoxdur” — Azər Həsrət

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət isə bildirdi ki, KTMT ölü doğulmuş bir qurumdur və bu da Rusiyanı, həmçinin Belarusu çox narahat edir. Bu dövlətlər əslində guya NATO-ya qarşı hərbi-siyasi blok formalaşdırdıqlarını düşünürdülər. Ancaq bu blok faktiki olaraq baş tutmur: “Hətta zamanında Varşava Müqaviləsi çərçivəsində bənzər bir blok var idi, həmin blok belə, NATO-ya qarşı qoyulacaq gücdə deyil. Hərçənd KTMT-dən fərqli olaraq yetərincə güclü sayıla bilərdi və üstəlik də təkcə SSRİ deyil, kənardakı dövlətləri də öz içinə almışdı. Amma bu da onun NATO-nun qarşısında maneə olmasını şərtləndirə bilmədi. KTMT isə əvvəldən ölü doğulmuş bir qurumdur, fəaliyyət qabiliyyəti yoxdur, təsir imkanları yoxdur. Bunun səbəbləri az deyil. Birinci səbəb ondan ibarətdir ki, bu qurumda birləşən dövlətlər başlarını gərək olmadığı yerlərdə lazımsız işlərə soxmaq istəmirlər. Məsələn, Qazaxıstan və Qırğızıstan kimi Azərbaycana qardaş olan dövlətlər təbii ki, KTMT çərçivəsində Ermənistanla bir sırada dayanıb bizə qarşı addımlar atmazlar. İndi Aleksandr Lukaşenkonun narahatlığı təsadüfi deyil. Faktiki olaraq son günlərin müşahidələri göstərir ki, Qərb dövlətləri Belarusla bağlı hansısa planlar cızırlar və bu planlar da səbəbsiz deyil. Belə anlaşılır ki, Vladimir Putin bu və ya digər şəkildə Belarusu Ukraynada aktiv hərbi əməliyyatlara qoşmaq üçün hərəkətə keçib. Onun üçün də Belarusa təzyiqlər edilir. Lukaşenkonun sözlərindən belə nəticəyə gəlmək olar ki, bu təzyiqlər nəticə verə bilər. Belarus Prezidenti bu perspektivi gördüyündən KTMT-nin digər dövlətlərini də arxasınca sürükləmək istəyir. Yəni sabah desin ki, görürsünüz, tək biz deyilik, KTMT-nin bütün üzv dövlətləri bu hərəkatda iştirak edirlər”.

Siyasi analitikin sözlərinə görə, indiki şəraitdə Lukaşenko tərəfindən o cür fikirlərin səsləndirilməsi Azərbaycan üçün də müəyyən narahatlıqlar doğurur: “Azərbaycan gərəkli tədbirlərini görməlidir, ehtiyatımızı əldən verməməliyik. Amma ümumilikdə, belə fikirlərin səsləndirilməsi Belarusun özünün üzləşdiyi vəziyyətlə bağlıdır. Onu da əlavə edək ki, Qərb dövlətləri artıq Rusiya ilə bərabər Belarusdakı vətəndaşlarına da bu ölkənin ərazisini tərk etmək çağırışları edirlər. Bu, artıq ondan xəbər verir ki, Belarusla bağlı hansısa proses gedir. Belarus Ukraynaya açıq şəkildə qoşulacağı halda Belarus həm də içdən çox ciddi şəkildə qarışacaq. Belarus Rusiya deyil. Belarus vətəndaşları könüllü şəkildə Ukraynada Rusiyaya qarşı vuruşurlar. Belarusun daxilində də Ukrayna müharibəsinə çox ciddi etirazlar var, Rusiyanın qınayırlar. Belarus hakimiyyəti indi çırpınır ki, Ukrayna müharibəsi fonunda hansısa şəkildə ayaqda dura bilsin”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR