İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva Azərbaycanda hansı layihələrə cəlb oluna bilər - yeni sazişlərin önəmi

393 25.05.2023 13:27 Siyasət A A

Prezident İlham Əliyev mayın 22-də Litvada rəsmi səfərdə olarkən çox mühüm sənədlər imzalandı və dövlət başçısı informativ planda maraqlı açıqlamalar verdi. Ölkə rəhbəri nəzərə çatdırıb ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. “Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir...

Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək... Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir”...

Perspektivli əməkdaşlıq istiqamətindən danışan dövlət başçısı deyib ki, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.

Prezident İlham Əliyev Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda qeyd edib ki, bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir: “... Birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir; İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var... Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir... Biz ötən mayda Bakıda, daha sonra bu ilin yanvar ayında Davosda, indi isə Vilnüsdə görüşdük. Bu bizim əməkdaşlığımızın dinamikasını göstərir. İndi biznes ictimaiyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda inkişaf etməsinin vaxtıdır. İki həftə öncə burada, Vilnüsdə iqtisadi gündəliyimizin vacib məsələlərinin müzakirəsi üçün Azərbaycan və Litvanın hökumətlərarası komissiyasının görüşü olub. Düşünürəm ki, birgə iqtisadi komissiyanın rolu önəmli potensial əməkdaşlıq naminə biznes dairələri üçün səyləri koordinasiya etmək, həmçinin tərəfdaşlıq üçün çərçivə təmin etməkdir. Bu mənada, planlarımızla bağlı informasiya mübadiləsi çox vacibdir. Əminəm ki, bugünkü biznes forum zamanı ölkəmizdə nə kimi layihələrin həyata keçirilməsinin planlaşdırılmasına və hər iki ölkənin biznes icmasının necə iştirak edə biləcəyinə dair bir çox müzakirələr aparılacaq”.

Son razılaşmalar və imzalanan sənədlər çərçivəsində Litvanın Azərbaycanda hansı iqtisadi layihələrə cəlb olunması ehtimalı var? Nələr nəzərdə tutulur? Litva şirkətləri Qarabağın bərpasında, burada biznes məqsədli layihələrdə iştirak edə bilərmi?

Bu məsələlərlə bağlı ciddi təhlillər aparılsın" - AYDIN HÜSEYNOV

Aydın Hüseynov: “Azərbaycan və Litva arasında iqtisadi əlaqələri gücləndirmək üçün güclü potensial var”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanla Litva arasında sıx siyasi, iqtisadi, mədəni-humanitar münasibətlər mövcuddur: "Bir çox siyasi məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin genişlənməsinə təkan verir. İlk növbədə, Litvanın xarici siyasətində Avropa ölkələri ilə iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, region dövlətlərinin Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi xüsusi yer tutur. Qərbə inteqrasiya siyasəti həyata keçirən Azərbaycan bu istiqamətdə Avropa ailəsinin tamhüquqlu üzvü Litva ilə əməkdaşlığa xüsusi önəm verir. Avropa İttifaqı, Avropa Şurası, AŞ PA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirən Azərbaycan bu strukturlar çərçivəsində də Litva ilə dialoqu gücləndirir".  

Millət vəkili əlavə edib ki, Azərbaycanla Litva arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir: “Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin 2007-ci ildə bu ölkəyə səfəri və imzalanmış strateji tərəfdaşlığa dair bəyannamə və digər sənədlər siyasi münasibətlərdə keyfiyyətcə yeni səciyyə qazanıb. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü regional layihələrlə bağlı təşəbbüsləri nəticəsində Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Ötən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfər edib. Bu il isə Prezident İlham Əliyev Litvada rəsmi səfərdə oldu. Qarşılıqlı səfərlər isə əməkdaşlıq baxımından uzunmüddətli və strateji hədəfləri özündə ehtiva edir. Bu ilin əvvəlində Davosdakı görüş də eyni zamanda ona işarədir ki, hər iki ölkənin prezidentləri beynəlxalq platformalarda da bir-birilərini dəstəklədiklərini nümayiş etdirirlər. Litva ilə əlaqələri, eyni zamanda bu ölkəni Avropa İttifaqının və NATO-nun üzvü olması kontekstindən də nəzərə almaq vacibdir. Bütün bunlar siyasi əlaqələrin və beynəlxalq arenada tərəfdaşlığın uzunmüddətli olması üçün dövlətlərin bir-biri ilə müxtəlif sahədə əməkdaşlığı əsas amildir. Cənab Prezidentin mayın 23-də Litvaya səfəri olmaqla iki ölkə arasında möhkəm əlaqələrin göstəricisi kimi qiymətləndirilə bilər”.

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov: “Litvalı sahibkarlar burada öz investisiyalarını yatıraraq fəaliyyətlərini qurmaqda maraqlıdırlar”

Aydın Hüseynov qeyd edib ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: “2022-ci ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu enerji sahəsində, xüsusilə də alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində geniş imkanlar yaradır və yaşıl enerji sahəsi də Azərbaycan və Litva arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələrdən biri sayıla bilər. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi də artır. İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasları çərçivəsində aparılan müzakirələr iki ölkə arasında iqtisadi, ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və s. sahələr üzrə mövcud münasibətlərin inkişafına töhfə verir. Litva ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2021-ci ildə 75 faiz artaraq 42 milyon dollara çatıb. Bununla belə, tərəflər arasında potensial daha böyükdür. Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumu iqtisadi əlaqələr üçün yeni imlkanlar açır”.

Millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Prezident İlham Əliyevin Litvaya səfəri Azərbaycanla Litva arasında əməkdaşlığın genişlənməsinə və dostluq bağlarının möhkləmlənməsinə xidmət edir: “Litva Avropa İttifaqına üzv olduğundan ölkələrimiz arasında münasibətlərin inkişafı Avropa ilə əməkdaşlığımızın genişlənməsinə yol açır. Ölkə başçımızın səfəri çərçivəsində hökumətlərarası münasibətlərin inkişaf etdirilməsinə dair bir sıra sənədlər imzalanıb. O cümlədən dövlət başçılarının iştirakı ilə biznes forumu da keçirildi. Forumda ölkələrarası əməkdaşlığın genişləndirilmnəsi üçün mövcud potensial təqdim olundu və sahibkarlar qarşılıqlı investisiyaların yatırılması ətrafında müzakirələr apardı. Litva Azərbaycandan neft və neft-kimyası məhsullarını idxal edir. O cümlədən Litvada istehsal olunmuş bir çox mallar Azərbaycana idxal olunur”.

Deputat əlavə edib ki, Azərbaycan və Litva beynəlxalq tranzit marşrutların keçdiyi ərazilərdə yerləşir: “Bu gün dünya nizamında baş verən dalğalanmalar beynəlxalq tranzit marşrutların əhəmiyyətini daha da artırıb. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin Litvaya səfəri çərçivəsində Xəzər və Baltik dənizləri arasında marşrutların əlaqələndirilməsi və inkişaf etdirilməsi ətrafında müzakirələr aparıldı. Azərbaycanda Ələt Azad İqtisadi Zonası yaradılıb ki, litvalı sahibkarlar burada öz investisiyalarını yatıraraq fəaliyyətlərini qurmaqda maraqlıdırlar. Azərbaycan həm də bərpa olunan enerjinin istehsalına investisiyalar cəlb edir. Litva şirkətləri üçün ölkəmizin bərpa olunan enerji sektoru da maraqlıdır. Bərpa olunan enerji istehsalının artması qaza qənaət olunmasına yol açacaq. Bu da Avropa İttifaqına ixrac etdiyimiz qazın həcmini razılaşmaya uyğun olaraq 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmağımıza imkan verəcək. Azərbaycan Avropa ittifaqına bərpa olunan enerji və yaşıl hidrogenin ixracı layihələri üzərində işləyir. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində həlledici rol oynayır. Gələcəkdə Azərbaycanda istehsal olunan enerjini Litvaya qədər ixrac etmək mümkündür. Ümumiyyətlə, Azərbaycanla Litva arasında əməkdaşlığın genişləndirilməsi üçün istifadə olunmamış potensial kifayət qədər çoxdur. Prezidentlərimizin qarşılıqlı səfərləri və hökumətlərarası komissiyaların effektiv fəaliyyəti əməkdaşlığımızda yeni səhifə açır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR