Musavat.com 08.12.2025-ci il tarixdə Lerik rayonu, Cəngəmiran kənd orta məktəbinin istilik problemini işıqlandırmışdı.
Kənd sakinləri bildirmişdilər ki, cari ilin sentyabrında yeni istifadəyə verilmiş 132 yerlik Cəngəmiran ümumtəhsil tam orta məktəbi bu günədək istiliklə təchiz olunmayıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və digər əlaqədar qurumlara müraciət edilmişdi.
Bu gün problemin operativ şəkildə həll olunduğu barədə xoş xəbər aldıq. Bildirildi ki, problem işıqlandırılandan dərhal sonra əlaqədar qurumların əməkdaşları məktəbə gəliblər və istilik təchizatının həll olunması istiqamətində işlərə start verilib.
Cəngəmiran kənd sakini, Qarabağ müharibəsi veteranı Müşfiq Məmmədov Musavat.com-a təşəkkür müraciəti göndərib.
Musavat.com-a daxil olan müraciəti təqdim edirik:
“Hörmətli redaksiya!
Məlum olduğu kimi, bu gün dövlət rəhbərimiz tərəfindən regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilir. Ucqar dağ rayonlarında müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir.
2025-ci ilin sentyabr ayında Lerik rayonunun Cəngəmiran kəndində yeni məktəb binası tikildi. Sevincimizin həddi-hüdudu olmadı. 15 sentyabrda kəndimizdə möhtəşəm bir bayram oldu... Amma bəzi əlaqədar qurumların biganəliyi səbəbindən məktəb istilik sistemi ilə təchiz olunmamışdı. Buna görə də müəllimlər, məktəblilər, valideynlər ciddi çətinliklə üz-üzə qalmışdılar.
Vətəndaşların əlaqədar təşkilatlara müraciətləri nəticəsiz qalırdı. 8 dekabr tarixində Musavat com-a müraciət etdik. Sağ olsunlar ki, operativ reaksiya göstərildi və problem həllini tapdı.
Valideynlərimiz, ziyalılarımız və məktəblilərimiz adından bizə mənəvi dəstək olan redaksiya heyətinə minnətdarlığımızı bildiririk”.
Musavat.com






