İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun bir gündə üç ölkəyə zəngi - Moskva Qafqazda nəyə hazırlaşır?  

1960 27.12.2023 10:13 Siyasət A A

Ekspertə görə, bölgədə çox ciddi hadisələr baş verəcək

Ötən həftəsonu Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov ilə Ceyhun Bayramov arasında telefon danışığı olub. Onlar “ikitərəfli münasibətlərə dair bəzi aktual məsələləri və Cənubi Qafqaz problemi üzrə qarşılıqlı əlaqələri müzakirə ediblər”. 

Maraqlıdır ki, Rusiya xarici işlər naziri Türkiyə və İranın xarici işlər nazirləri ilə telefon danışıqları zamanı da “Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb”. 

Qeyd edək ki, regionda vəziyyətlə bağlı danışıqlarda Ermənistanın xarici işlər naziri iştirak etməyib. Məhz İrəvan Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasında Qərbin fəal vasitəçiliyinə tərəfdardır.  

“Cənubi Qafqazda gedən geosiyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu regionun Rusiya ilə iqtisadi əlaqələrinin necə dəyişməsidir. Ermənistan və Gürcüstanda Qərbə inteqrasiyası ilə bağlı fikirlər səsləndirilsə də, iqtisadi göstəricilər bunun əksini göstərir. Ukrayna müharibəsi başladıqdan sonra onların Rusiyadan iqtisadi asılılığı daha da artıb. Azərbaycan-Rusiya iqtisadi əlaqələrində isə kəskin dəyişiklik baş verməyib”. 

Laçın və Zəngəzur koridorları: “Azərbaycan qlobal layihənin mərkəzindədir”  - Fərhad Məmmədov

Bunu isə bakupost.az-a politoloq Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələrində artım dinamikası göstərir ki, 2022-ci ildə Ermənistanın Rusiyaya ixrac, Gürcüstanın isə Rusiyadan idxal tempi əsaslı şəkildə artıb. 

“2022-2023-cü illərdə istər ixrac, istərsə də idxal üzrə Azərbaycanın Rusiya ilə ticarət əlaqələri kəskin dəyişməyib. Ümumilikdə, görünən mənzərə odur ki, Cənubi Qafqaz ölkələri arasında ticarət əlaqələrində Rusiyaya ən çox yaxınlaşan ölkə Ermənistan, daha sonra Gürcüstan olub. Azərbaycanın Rusiya ilə ticarətində isə sabit artım tempi müşahidə edilib” deyə, o bildirib. 

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov  

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov  bildirdi ki, Rusiya Cənubi Qafqazdakı maraqlarını Qərblə bölüşmək istəmir və regionda əvvəlki mövqeyini saxlamaq üçün mümkün olan və bəzən də mümkün olmayan bütün vasitələrdən istifadə etməyə cəhd göstərir: “Bu gün geosiyasi  və təbii ki, bu müstəvidə maraqlarını Yaxın Şərqdə, Afrikada və dünyanın digər bölgələrində axtaran Rusiya, yüz illərdir ”özününkü" hesab etdiyi Cənubi Qafqazda mövqelərinin itirilməsi təhlükəsindən ciddi əndişələnir. Qərbin Cənubi Qafqazda sülh yaratmaq istiqamətində atdığı istənilən addımdan sonra Rusiyanın regionda mövqelərini möhkəmləndirmək istiqamətində hərəkətə keçməsi özünü çox gözlətmir. Rusiyanın xarici işlər nazirinin eyni gündə regionun üç dövlətinin xarici siyasət qurumlarının rəhbərləri ilə telefon danışıqları etməsi əyani sübutudur. Lavrov Türkiyə, İran və Azərbaycanın xarici işlər nazirləri ilə eyni gündə bölgədə sülh məsələləri ətrafında müzakirələr aparsa da, Ermənistan xarici işlər nazirinə zəng etməyib. Rusiya regionda sülh yaratmaqla bağlı Ermənistanın tutduğu qərbyönlü mövqeyə cavab olaraq belə bir addım atıb. Şimal qonşumuz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Qərbin vasitəçiliyi ilə bağlanmasını qətiyyən istəmir. O, hesab edir ki, belə bir akt Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə ciddi zərbə vura bilər. Bu səbəbdən indi Rusiya diplomatiyası region dövlətlərinin bölgədə sülh yaratmaqla bağlı dəstəyini almağa çalışır. 

Ən böyük həqiqət budur ki, Rusiya Cənubi Qafqaza öz evi kimi baxmaqdan əl çəkə bilmir. Lakin bu sırada Rusiya üçün bir istisna var, o da Azərbaycandır. Azərbaycan Qarabağ problemini çözməklə özünü Rusiyanın bu baxışlarından təcrid edə bildi. Bundan başqa Rusiya yaxşı bilir ki, Azərbaycan nə Gürcüstan nə də Ermənistan deyil, Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 2/3-nə sahib və heç kimdən iqtisadi asılılığı olmayan, güclü ordusu olan, tam müstəqil bir dövlətdir. Və nəhayət, Azərbaycan regionda söz və güc sahibi olan Türkiyənin hərbi müttəfiqidir. 

Cənubi Qafqaz respublikalarını öz təsirində saxlamaq üçün Rusiyanın istifadə etdiyi ən mühüm vasitələrdən biri də bu ölkələrlə olan iqtisadi əlaqələrdir. Bu gün Ermənistan iqtisadiyyatının 80%-ə qədəri birbaşa və dolayı Rusiyanın nəzarətindədir. Ermənistanın xarici ticarət əlaqələrində Rusiya aparıcı ölkədir. Bu əlaqələr günü-gündən genişlənir və deməli, Ermənistanın Rusiyadan iqtisadi asılılığı da getdikcə artır. Bu dediklərimizi rəqəmlərin dili ilə təqdim etsək daha yaxşı olar".

Sabiq nazirin sözlərinə görə, bu gün Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qalmaqda davam edir və Ermənistanın xarici ticarət dövriyyəsinin 35%-i (4,7 milyard dollar) məhz Rusiyanın payına düşür: “Ən təsirlisi isə odur ki, Ermənistandan Rusiyaya son doqquz ayda ixracın həcmi 85% artaraq 2,6 milyard dollara çatıb ki, bu da ümumi ixracın 51%-ni təşkil edir, halbuki ötən ilin eyni dövründə Ermənistandan Rusiyaya 1,4 milyard dollar dəyərində mallar ixrac olunmuşdu və bu, Ermənistanın ümumi ixracının 40%-ni təşkil edirdi. Artma diqqət yetirək - bir ildə Ermənistandan Rusiyaya ixracın strukturunda Rusiyanın xeyrinə 11% artım baş verir!

2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistandan Rusiyaya ixracda 85% artımın 80%-i təkrar ixrac (reeksport) hesabına əldə edilib. Ermənistanın rəsmi dairələri etiraf edirlər ki, Rusiyaya Ermənistan mənşəli malların ixracının bu artımdakı payı cəmisi 4 faizdən bir qədər artıq olub. 

Bu gün Rusiyadan Ermənistana insan və kapital axını davam edir. Cari ilin 9 ayı ərzində Rusiyadan Ermənistana turist axını keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 50% artıb. Rusiyadan Ermənistana insan və kapital axını da bu ölkənin Rusiyadan iqtisadi asılılığını gücləndirən amillərdən biridir. Bir sözlə, bu gün Ermənistan iqtisadiyyatı, onun xarici ticarət əlaqələri bilavasitə Rusiya ilə bağlıdır. Bu gün tam məsuliyyətlə demək olar ki, əgər Rusiya istəsə, iqtisadi  sanksiyalarla Ermənistanı bir neçə ay ərzində diz çökdürə bilər. Bu səbəbdən də Rusiya Ermənistan üzərində öz ağalığını davam etdirmək istəyindən vaz keçmir. Ermənistan bu durumda nə edəcək? Onun xilas yolu Qərbdə deyil, regiondadır. Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlayıb, Azərbaycan və Türkiyənin ona verə biləcəyi nəfəslikdən yararlanmaqla bir dövlət kimi ayaqda qala bilər. Əks halda ermənilərin siyasi ambisiyası Qarabağdakı olayların Ermənistanda da yaşanması ilə nəticələnəcəkdir. Yəni bir gün ermənilər asanlıqla bu gün sərgilədikləri siyasi məkrin qurbanına çevrilə bilərlər. Bu halda onlara nə Qərb, nə də Şərq kömək edə bilək. 

Cənubi Qafqazda Gürcüstanın da ən böyük ticarət tərəfdaşlarından biri Rusiyadır. Rusiya bu sırada Türkiyədən sonra ikinci yerdədir. 2023-cü ilin 11 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 11,2% təşkil edib. Yanvar-noyabr aylarında Gürcüstandan Rusiya Federasiyasına mal ixracı təqribən 605 milyon dollar, idxal isə təxminən 1,6 milyard dollar təşkil edib. Görünən budur ki, Gürcüstandan Rusiyaya ixrac və bu ölkədən idxal da davamlı şəkildə artmaqdadır. Eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə fonunda Rusiyadan Gürcüstana çoxsaylı mühacirlər və böyük kapital axını baş verib ki, bu da öz növbəsində Gürcüstan iqtisadiyyatına müsbət təsir edən amillər sırasında olan bir haldır. Bir sözlə, Rusiya regiondan getmək istəmir. Bu səbəbdən qarşıda hələ çox ciddi hadisələrin baş verəcəyi qaçılmaz olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR