İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov ermənilərin Şuşa yarasına “duz basdı” - niyə indi?

2313 06.03.2024 13:22 Ölkə A A

Rusiyanın baş diplomatı yada saldı ki, “Şuşanı Dağlıq Qarabağın tərkibində saxlamaqla azərbaycanlı qaçqınların bu şəhərə qaytarılması mümkün variant idi”, amma Paşinyan istəmədi - ekspertlərin bu mesajlara izahı var...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında Şuşa haqda danışıb. “Yeni Müsavat”ın bildirdiyinə görə, əvvəlcə XİN rəhbəri deyib ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri korlamaq siyasətini davam etdirir və şüurlu şəkildə Dağlıq Qarabağla bağlı baş verənlərə görə Rusiyanı günahlandırmaq siyasətindən əl çəkmir: 

“Bu, əlbəttə ki, müttəfiq deyil. Ermənistan rəsmiləri 2020-ci ilin sentyabrında guya Azərbaycanı müharibəyə sövq edənin məhz Rusiya olduğunu uydururlar. Bunlar yanlış qiymətləndirmələrdir, çünki bu müharibəni dayandıran Rusiya idi. Müharibəni xeyli əvvəl, azərbaycanlılar Şuşanı almamışkən dayandıra bilərdi, amma Nikol Vovayeviç Paşinyan Vladimir Putinin çağırışlarına cavab olaraq, "sona qədər mübarizə aparacağıq" dedi". Ardınca Rusiyanın baş diplomatı bir daha Şuşanın adını çəkib: “Yenə deyirəm, xeyli əvvəl dayanmaq mümkün idi və Şuşanı Qarabağın tərkibində saxlamaqla azərbaycanlı qaçqınların Şuşaya qaytarılmasını mümkün edən variantlar var idi”. 

Yada salaq ki, Prezident İlham Əliyev müharibə davam edərkən "bizim işimiz Şuşasız yarımçıq qalar", -  deyə bəyanat vermişdi. Qələbədən sonra isə “müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim tacımız olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq” deyib. Paşinyan da bu mövzuda danışarkən bildirib ki, Putin İlham Əliyevin adından “erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması üçün öhdəlik götürməlidir” şərtini bəyan edib. “Şuşanı təhvil verməyə razı olsaydım, Azərbaycan yeni bir şərt qoyacaqdı. Beləliklə, atəşkəs mümkünsüz oldu, çünki dedim ki, Hadrutla razılaşsam da, Şuşanın Azərbaycana verilməsini təsəvvür edə bilmirəm. Beləliklə, heç bir razılıq əldə edilmədi. O zaman Cəbrayıl, Hadrut və yaxınlıqdakı bir neçə kənd, Füzuli və Talış Azərbaycan Ordusunun nəzarətinə keçmişdi”. Paşinyan deyib ki, bundan sonra da müharibə davam edib. 

Paşinyan qeyd edib ki, Şuşa məsələsi 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilmişdi. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalı idi: “Bütün bunlarla 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra tanış oldum. Nə edə bilərdim? Xalqa müraciət edib, "dostlar, vəziyyət belədir - ya Qarabağın statusu olmadan yeddi rayondan imtina edirik, ya da müharibə olacaq" deyə bilərdim. Onda insanlar nə deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı və elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. “Əraziləri qaytarırıq” desəydim, bu dəfə insanlar “Nikol xaindir” deyəcəkdi və yenə müharibə başlayacaqdı". Keçmiş vitse-spiker Edudar Şarmazanov isə Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib: “Hələ 12 oktyabrda, təkrar edirəm, 12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”. 

Lavrovun Paşinyana və Ermənistan hakimiyyətinə Şuşa məğlubiyyətini xatırlatması təsadüfi deyil. Çünki bu şəhər azad edildikdən sonra Ermənistan üçtərəfli sənədi imzalamağa məcbur oldu. Amma Lavrovun dediyindən o qənaət hasil olur ki, Paşinyan müharibənin dayandırılmasına razılaşsaydı, Şuşa yenə də müzakirə mövzusu olmaqda davam edəcəkdi. “Azərbaycanlı qaçqınların Şuşaya qaytarılması və Şuşanı Qarabağın tərkibində saxlamaq variantı” nə deməkdir? Lavrov ermənilərin “Şuşa yarasına duz basmaqla” nə demək istədi? Ən mühüm şəhərin itirilməsində Paşinyanın günahkar olduğunu niyə erməni ictimaiyyətinin yadına saldı? 

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a dediyinə görə, Rusiya siyasi elitasının dönə-dönə Şuşa mövzusuna qayıdışı müəyyən planın tərkib hissəsidir: “Bunu elə-belə deməyiblər. Çünki regionda yeni reallıq yaranıb. Dünənə qədər Ermənistan Rusiyanın maşası rolunu oynamaqdaydı. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın Rusiyadan uzaqlaşması sürətlənib. Bu proses 90-cı illərdən başlanmışdı. Ter-Petrosyanın vaxtından Ermənistanın strateji hədəfi Rusiyanın təsirindən çıxmaq idi. Ümumiyyətlə, onun xətti SSRİ-dən uzaqlaşmaq idi. 1998-ci ildə bu xətt yenə götürüldü, o zaman da Karen Dəmirçiyan və digərləri parlamentdə gülləbaran edildi. Yəni Rusiya hər dəfə buna imkan verməyib. İndi də Paşinyan eyni strateji kursu davam etdirir. Ancaq Nikol günahkar çıxarır ki, bizim ucbatımızdan olmadı, Rusiya Ermənistanı müdafiə etmədi”. A.Nağıya görə, Kreml bu prosesi müşahidə edir, görür ki, İrəvan əldən gedir: “Düzdür, orada rusların hərbi bazası var, iqtisadi faktorlar, qaz nəqli amili mövcuddur. Amma Qərb Ermənistana qaz verilməsində yardım vəd edə bilər. Azərbaycan isə real şəraiti nəzərə alaraq bu şəraitdən istifadə edə bilər. Biz nə Rusiyanın sifarişini yerinə yetirməliyik, nə Avropanın hədəfinə gəlməliyik. Qərbdə belə rəy var ki, Azərbaycan özünün hesab etdiyi qədim torpaqları götürə bilər. Ancaq biz regiondakı şəraitə uyğun hərəkət etməliyik”.

Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

Fuad Əliyev

Prezidentliyə keçmiş namizəd, siyasi ekspert Fuad Əliyevin fikrincə, Lavrov o zaman üçün “Dağlıq Qarabağ”a status verilməsini nəzərdə tutaraq azərbaycanlı qaçqınların Şuşaya qaytarılması təklifini xatırladıb: “Azərbaycan birmənalı şəkildə status tələblərini rədd edirdi. Prezident dəfələrlə bəyan etmişdi ki, Qarabağ ermənilərinə də, Dağlıq Qarabağa da heç bir muxtariyyət, imtiyaz olmayacaq. Onlar üçün ən yaxşı status hamı kimi Azərbaycan vətəndaşlığını qəbul edərək eyni hüquqlara malik olmaq idi. Amma həmin dönəmdə hadisələrin inkişafı başqa məcrada getdi və nəinki Şuşanın saxlanması, bu gün Xankəndi belə separatçılardan təmizlənib. Ola bilsin ki, Rusiya mənzərəni belə görmək istəyib, Paşinyan isə razı olmayıb. Çünki o status-kvo hər iki tərəfi qeyri-müəyyənlikdə saxlayır, sülhməramlıların Qarabağda qalmasını təmin edirdi. Təsəvvür edin - Şuşada həm azərbaycanlılar, həm ermənilər yaşayır, patrul xidməti təşkil olunur, sülhməramlılar bölgəyə nəzarət edir, nəticədə 5 ilin tamamında Bakı və İrəvandan rus hərbçilərin qalma müddətinin uzadılması təklif olunur, arqument də belədir ki, hər iki xalq birgəyaşayışa hazır deyil. Bu ssenari ən çox bir tərəfi və separatçıları qane edirdi”. F.Əliyevin sözlərinə görə, indi sülhməramlıların regionda qalmasına heç bir ehtiyac yoxdur və Lavrovun Şuşa xatırlatması erməni cəmiyyətini Paşinyana qarşı qaldırmaq, hər şeyin onun günahı ucbatından belə yekunlaşdığını bildirmək məqsədi güdür: “Şübhəsiz ki, Paşinyan da Qarabağda separatizmin və erməni silahlı qüvvələrinin qalmasında maraqlıydı. Ancaq saxlamağa gücü çatmazdı. Son 3 ildə onun Qarabağla əlaqəsi sıfıra enmişdi. Nəticədə antiterror əməliyyatı ilə Ermənistanın götürdüyü və yerinə yetirmədiyi öhdəlik ordumuz tərəfindən icra olundu, "boz zona" təmizləndi". 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR