İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov 10 noyabrın “iki bənd”ini niyə “unutdu?”-Laçın yolu “karvansara qapısı” olmayacaq!

2826 01.03.2023 13:34 Yazarlar A A

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıdan İrəvana yox, Dehliyə getməsi əsas götürüb Rusiyanın Ermənistanı “dəftərindən sildiyi” qənaətinə gəlməyə tələsməyək.

 Ona qalsa, ötən illərdə Lavrovun İrəvan səfərindən sonra “beş addım yolla” Bakıya gəlmədiyi də az olmayıb. Hələ 2017-ci ilin 17 yanvarında dediyi “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”-sözləri...

Xatırladaq ki, Rusiyanın baş diplomatının ermənistanlı həmkarı Ararat Mirzoyanla sonuncu telefon danışığı Bakıya gəlişindən iki həftə öncə olmuşdu. Rəsmi məlumatda deyilirdi ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli sazişlərin icrasının vacibliyini vurğulayıblar, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin parametrlərini müzakirə ediblər. Söhbət zamanı həmçinin nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyi ifadə olunub.

Heç şübhəsiz Rusiya Mirzoyana Münhen Konfransı öncəsi “ev tapşırıqları” verirdi. Həm də Avropa İttifaqı patrullarının və Fransa jandarmalarının Ermənistanda yerləşdirilməsindən dolayı narahatlığı var Kremlin. Düzdür, Lavrov nəhayət, 30 ildən sonra Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini və

Azərbaycan ərazilərini geri qaytardığını söylədi. Amma bu həqiqəti Azərbaycan öz torpaqlarını oğullarının canı-qanı bahasına azad edəndən sonra dilə gətirdi, “damarlarımda erməni qanı axır”-deyib, illər boyunca işğal faktının üstündən keçən Kələntaryan! Yaxşı, Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi, Azərbaycan azad etdi, bəs, 2 il yarımdır Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazilər, o cümlədən 1991-ci ilin dekabrında birdəfəlik zəbt edilən, 10 mindən artıq azərbaycanlının öz ev-eşiyindən qovulduğu Xankəndi, 1992-ci ilin 25-26 fevralında 366-cı alayın iştirakı ilə soyqırıma məruz qalan Xocalı, 1992-ci ilin yayında işğaldan azad edilsə də, 1993-cü ildə elə rus ordusunun və Rusiyanın dəstəyi ilə yenidən ilhaq edilən Ağdərə, həmçinin 1992-ci ildə işğal edilən Xocavənd, Əsgəran?! Lavrov niyə bu faktların üstündən keçir? Yoxsa 2017-ci ilin yanvarında dediklərinin üstündədir? Bəs o halda prezident Putinin 17 dekabr 2020-ci ildə dedikləri? Lavrov prezidentinin prinsipial mövqeyini unudubmu?

Xatırladaq: “Biz həmişə, uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması nöqteyi-nəzərindən çıxış etmişik...Beynəlxalq və hüquqi nöqteyi-nəzərdən bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu mənada bu vəziyyəti də nəzərə alaraq, Dağlıq Qarabağın özü də beynəlxalq hüquq baxımından Azərbaycandır”. Bu fikirlər Rusiya prezidentində məxsusdur və hələ ki, Rusiyada söz sahibi Putindir. Elə isə Lavrov nə söz oyunu oynayır belə? Yoxsa gözləyir Azərbaycan ordusu bayrağımızı Xankəndi və digər ərazilərimizdə sancandan sonra “Ermənistan Xankəndi, Xocalını...işğal etmişdi”-desin?..

Rusiyan XİN-in başçısı Xocalı soyqırımının 31-ci ildönümündə gəldi Bakıya. İki günlük səfər çərçivəsində əsrin ən dəhşətli soyqırım aktlarından biri barədə heç olmasa başsağlığı verə bilərdi, əgər azca da olsa, ədaləti var idisə...Hələ Xocalı soyqırmı abidəsini, yaxud Xocalıda qətlə yetirilən günahsız insanların məzarlarını ziyarət etməsini demirəm.

Sergey Lavrov Azərbaycanın 7 kəşfiyyatçısının şəhid olmasının 6-cı ildönümündə gəldi Bakıya. Həmin kəşfiyyatçılar bu gün Rusiya hərbçilərinin müvəqqəti yerləşdiyi istiqamətdə, Xocavənd ərazisində qətlə yetirilmişdilər, Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” söyləməsindən təxminən 40 gün sonra...O zaman Lavrov qandaşlarının başına ağıl qoysa, yaxud Rusiya rəsmisi kimi üstlərinə çımxırsa, bu qədər fəlakətlər baş verməzdi bölgədə...

Çox təəssüf ki, yenə də eyni mövqeni müşahidə etməkdəyik, ermənilərin nazı ilə oynamaq siyasətinin. Bu gün Azərbaycanın gündəmində duran əsas mövzu Laçın yolunun girişində gömrük və sərhəd xidmətinin fəaliyyətə başlamasıdır. Bu, beynəlxalq hüquqa istinad olunan tələb və təklifdir, UNO-ların yolladığı “mənbəyi və ya mənşəyi bəlli olmayan” məsələ deyil. Lakin Sergey Lavrov Bakıdakı brifinqdə dedi ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.

Sitat: “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.

Əvvəla, 10 noyabr bəyanatının iki bəndi bu günədək icra olunmayıb. Xatırladaq:

Maddə 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

Yaxud maddə 9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Bu günədək Qarabağda, Rusiya hərbçilərinin gözü qarşısında 10 mindən çox silahlı, hərbi texnikalı erməni terrorçu, separatçı qalıbsa, Lavrov niyə vurğunu bəyanatın Laçın yolu ilə bağlı tərəfinə yönəldir?

Yaxud Azərbaycan Laçın yolunu bağlamağa qadir olduğu halda, bunu etməyibsə, üstəlik, alternativ yol çəkib ermənilərin ixtiyarına verdiyi halda, onda Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizini niyə açır Ermənistan?

Deməli, Ermənistan üçtərəfli bəyanatın azı iki bəndini icra etməyib, icraya qarant duran Rusiyanın da iştirakı ilə. O halda Azərbaycanın tam ixtiyarı var:

1.10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndini təkbaşına icra etmək üçün antiterror əməliyyatlarına başlasın.

2.Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməsini əsas gətirib güc yoluna əl atsın, çünki yarım milyona yaxın naxçıvanlı vətəndaşımız artıq 32 ildir blokada şəraitindədirlər, onları xilas etmək lazımdır.

3.Azərbaycan dövləti dərhal Laçın yolunun girişində, dəqiqləşdirilməyən sərhəd istiqamətində sərhəd və gömrük postlarını qurmaq hüququna malikdir, çünki beynəlxalq təcrübədə hələ ki, sərhəd qapısı karvansara qapısı kimi açıq olan dövlət yoxdur!

Ən əsası: Zəngəzur dəhlizi ilə Laçın yolu arasında bərabərlik işarəsi qoyulması isə qəti şəkildə doğru yanaşma deyil. Yəni Azərbaycan Laçın yolunu Zəngəzur dəhlizinin açılması halında açıq saxlaya bilməz. Dövlətimizin başçısı Münhendə növbəti dəfə humanist mövqedən çıxış edərək bildirdi ki, “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”. Ermənistan bu cür humanist təklifi də qəbul etmirlərsə, deməli, o halda “Dəmir Yumruq” axtarışındadırlar.

Laçın yolu heç bir halda açıq saxlanıla bilməz. Bu, ölkəmizin suverenliyinə təhdid  olar, Lavrov sıradan diplomat deyil, illərin təcrübəsini qazanmış şəxsdir, bunu yaxşı bilir. Əgər bir ovuc erməninin Ermənistana sərbəst getməsini istəyirsə, o halda Rusiya Azərbaycanla sərhəd qaçısını açsın və Dərbənddəki soydaşlarımızın Bakıya maneəsiz gəlib-getməsinə şərait yaratsın...

Sergey Lavrov deyir ki, “dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var”. Bundan əvvəl general Volkov da texniki təchizatdan danışmışdı, yeni söhbət deyil. Amma deyək ki, texniki avadanlıq quraşdırıldı, amma onu kim yoxlayacaq, ruslarmı? Rusların necə “yoxladığını” iki il yarımda gördük, Xankəndiyə gələn iranlı terrorçudan tutmuş, Ağdərə qızılının daşınmasına, Qarabağda 2021-ci il istehsalı olan minaların gətirilməsinə qədər...

Digər tərəfdən, kənardan müşahidə ilə bağlı deyilənlər Ağdamdakı Türkiyə-Rusiya müşahidə Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan  Türkiyə-Rusiya birgə monitorinq mərkəzini xatırlatdı.

2021-ci il yanvar ayının 30-da atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlayıb. Elə o gün Ağdərə, Şuşa, Xocavənd istiqamətində erməni terrorçular atəşkəsi pozdular, Mərkəzin səsini eşidən oldumu?

Lavrov yenə də həmin Lavrovdur, aldanmayaq. Şairin diliylə desək, “səsin həmin səsdir, baxışın ögey”. Ermənistana Avropadan gələn patrullara görə bir az qəzəblidir, amma bu, ciddi siyasi dəyişikliyə gətirib çıxarmayacaq. Nə Rusiya Ermənistandan əl çəkəndir, nə də Azərbaycanın dövlət maraqlarını qurban verən. Əks təqdirdə, fevralın sonlarında Rusiyanın Qarabağdakı hərbi birləşmələri postlarını irəli çəkməzdilər, ən azı Rusiya MN-nin xəritəsi buna sübutdur. Lavrovdan olsa, 7 rayonun bircəciyinin də geri qaytarılmasına imkan verməzdi, indi də Laçın yoluna nəzarət etməyimizə qarşıdır.

Prezident İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşdə Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Erməni tərəf üçün gerisayım başlayıb demək...

Dövlətimizə, əsgərimizə inanır və güvənirik!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR