İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviyada ana dilini bilməyənlərə qarşı sərt cəza - bəs bizdə...

685 23.01.2024 08:38 Gündəm A A

Qulu Məhərrəmli: “Ölkəmizdə yaşayan ruslar, qeyri-türklər dövlət dilini bilməlidirlər, ona görə...” 

Hazırda Baltikyanı ölkələrdə dövlət dili ilə bağlı qaydalar sərtləşdirilir, tələblər daha da ciddiləşir. Belə ki, Latviya hakimiyyəti rusdilliləri ölkədən çıxarmağa başlayıb. Bildirilir ki, 1167 nəfər deportasiya təhlükəsi altındadır. Çünki yaşlı ruslar yaşayış icazəsini yeniləmək üçün lazım olan latış dili imtahanından kütləvi şəkildə keçə bilmirlər. 

Litva hakimiyyəti də məktəblərdə tədris dili kimi rus dilindən imtina etmək imkanını nəzərdən keçirir, eyni zamanda Ukrayna dilində tədrisin tətbiqi də istisna edilmir. Bir müddət öncə bunu təhsil, elm və idman naziri Qintautas Yakştas “Jinu radijas” radiostansiyasının efirində deyib. Nazir hesab edir ki, təhsil sistemi Aİ-nin rəsmi dillərinə diqqət yetirməlidir. Əlbəttə, Baltikyanı ölkələrdə dillə bağlı bu cür sərt qaydalar Rusiyanın növbəti narazılıq və təhdidlərinə səbəb olub. 

Qeyd edək ki, zaman-zaman Azərbaycanda da bir çox iaşə obyektlərində, restoranlarda müştərilərlə rus dilində danışmağı tələb edən satıcı, restoran işçilərinə rast gəlmişik, bununla bağlı narazılıqlar uzun müddət sosial şəbəkələrdə, ictimaiyyətin müzakirəsinə çıxarılıb. Ümumiyyətlə, uzun illərdir ki, narazılıq doğuran mövzulardan biri də dövlət müəssisələrində xarici dilə, xüsusilə də rus dilinə üstünlük verilməsi ilə bağlıdır. Hətta bu səbəbdən övladı gələcəkdə rus dilini bilməməsinə görə problem yaşamasın deyə rus bölməsində oxutduran valideynlər də az deyil, əksəriyyəti də bunu gənclikdə üzləşdikləri bu “travma”larla əlaqələnidirirlər. 

Digər bir məsələ, burada dünyaya gəlib, boya-başa çatan rus əsilli bakılılarla bağlıdır. Əksəriyyəti uzun illər ölkəmizdə yaşamalarına baxmayaraq Azərbaycan dilində bir cümlə belə qura bilmirlər. Amma Azərbaycan dilində doğru-dürüst danışa bilməyənlərin müxtəlif idarələrdə işə qəbul olunduğunu da, vəzifədə olduqlarını da görmək olur. Düzdür, bu, kütləvi deyil, amma hələ də var. 

Bu baxımdan, ölkəmizdə də Azərbaycan dilini bilməyənlərlə bağlı qaydalar dəyişməlidirmi? İmtahanlar tətbiq etməliyikmi? Yoxsa cərimələr tətbiq olunmalıdır? 

Qulu Məhərrəmli yazır...

Qulu Məhərrəmli

Bakı Dövlət Universitetinin professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqaldı: “Əlbəttə, Latviyada etnik rusların ölkədən çıxarılması həddən artıq sərt tədbirdir. Təbii ki, insan haqları baxımından normal qarşılanmır. Amma bunu heç bir halda Azərbaycanla müqayisə etmək olmaz. Ona görə ki, Baltikyanı ölkələrdəki ictimai-siyasi vəziyyətlə Rusiyaya, ruslara olan münasibətlə Azərbaycandakı münasibət eyni deyil. İctimai-siyasi münasibət də fərqlidir. Rusiya ilə əlaqələr də fərqlidir, ölkə ərazisində yaşayan ruslara münasibət də fərqlidir. Burada paralellərin aparılması doğru deyil. Azərbaycanda hər zaman yüksək tolerantlıq olub. Təkcə ruslara qarşı yox, digər millətlərin, etnik azlıqların nümayəndələrinə qarşı həmişə tolerant münasibət olub. Bu danılmaz bir faktdır. Bizdə dini, milli azlıqlara qarşı heç bir basqı olmayıb. Tək 90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazananda Azərbaycan dilinin öyrənilməsi ilə bağlı müəyyən tələblər qoyulmuşdu. Onda Bakıdakı ruslar Azərbaycan dilini öyrənməyə keçmişdilər, bu dildə danışırdılar. Sonradan vəziyyət dəyişdi. Mən Azərbaycanda belə basqıların olacağını düşünmürəm, bunu iddia etmək də doğru deyil”. 

Professorun sözlərinə görə, burada əsas məsələ ondan ibarətdir ki, ölkəmizdə yaşayan ruslar, qeyri-türklər dövlət dilini bilməlidirlər, o dildə danışmalıdırlar: “Ölkənin qaydalarına, xalqın ənənələrinə hörmətlə yanaşmalıdırlar. Bu, istər Baltikyanı ölkə olsun, istərsə də Gürcüstan, Azərbaycan olsun, bu qayda bu şəkildə qoyulur. Ölkənin ərazisində yaşayırsınızsa, ölkə dilini bilməlisiniz. "Dövlət dili haqqında" Qanuna riayət etməlisiniz. O dildə öyrənmək və danışmaq çox vacib şərtlərdən biridir. Başqa ölkələrdə - Ukraynada, Gürcüstanda, Şərqi Avropa ölkələrində ana dilini bilmə səviyyəsini müəyyənləşdirmək üçün tez-tez attestasiyalar keçirilir. Onun nəticəsinə uyğun olaraq işə götürmə qaydaları və qərarları verilir. Hesab edirəm, bu, bizdə də tətbiq olunmalıdır. Başqa variant yoxdur”.   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR