İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın postunda hərəkət nə vaxt bərpa olunacaq? - xain hücumdan 5 gün keçir...

566 20.06.2023 12:58 Gündəm A A

İrəvan yolun bağlanmasını beynəlxalq müstəviyə çıxarmağa cəhd edir, Bakı isə ermənilərin ərzaq və dərman tədarükünü özü göndərə bilər; gediş-gəliş açılmasa, zərərimizə olarmı?

Ermənistanın təxribatçı hücumundan sonra (əksər analitiklər əmindir ki, olayın arxasında Rusiya dayanır) Azərbaycan 5 gündür Laçın postunu bağlayıb. “Yeni Müsavat” bildirir ki, İrəvan buna görə məsuliyyəti öz üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər post istifadəyə açılmayacaq. Demək, Qarabağdan erməni əhalisinin Ermənistana gedişi və geri qayıtması mümkün olmayacaq, yalnız ərzaq və digər humanitar yüklər daşınır. Bakının şərti məlum, hərçənd İrəvanın bunu edəcəyi, yaxud qısa zamanda edəcəyi inandırıcı görünmür. Əksinə, Ermənistan rəhbərliyinin postun bağlanmasını beynəlxalq müstəviyə çıxarmağa, Azərbaycana təzyiq etməyə çalışacağı istisna deyil. Artıq buna cəhdlər də var. Məsələn, AŞ PA-nın iclasında müzakirəyə çıxarılmasına çağırışlar olub.

Postun bağlanması sözsüz ki, Qarabağdakı erməni əhalisinin təminatı məsələsini aktuallaşdırır. Bəzi ehtimallara görə, yaranmış situasiyada Azərbaycan iki cür qərar verə bilər: birincisi, erməni əhalisinin bütün ehtiyaclarını özü təmin edəcək, bundan öncə də rəsmi Bakı ermənilərin ehtiyacını təmin etməyə hazır olduğunu bəyan etmişdi, yeni vəziyyətdə isə bu artıq zərurətə çevrilə bilər. Ərzaq və digər lazımi ləvazimatlar Ermənistandan yox, Bakıdan göndərilə bilər ki, əslində belə də olmalıdır, o cümlədən sağlamlıq problemləri olan ermənilər müalicə üçün İrəvana yox, Bakıya, yaxud regionlarda müasir səhiyyə ocaqlarına, misal üçün, Gəncəyə gətirilə bilər.

İkincisi, erməni əhalisinin təminatını üzərinə götürən rəsmi Bakı indiyə qədər “humanitar yük” adı altında Qarabağa de-fakto kənar müdaxilələrin qarşısını alacaq. Bəs post daha nə qədər bağlı qalacaq? Bu, bizim strateji hədəflərimizin əleyhinə işləməz ki? “Qızıl orta” hansı tarixə düşür? Hər halda, postun fəaliyyəti Qarabağdakı erməni əhalinin Bakıya etimadı məsələsində mühüm və pozitiv amilə çevrilməkdə idi. Başqa yandan, artıq qeyd edildiyi kimi, Ermənistan “blokada”nı bəhanə edib əleyhimizə növbəti böhtan kampaniyası aparmağa çalışır. Fransa XİN-in son açıqlaması da buna sübutdur. Qısası, zaman kimin xeyrinə işləyir? Nəzarət-buraxılış məntəqəsi bu həftə fəaliyyətini bərpa edə bilərmi?

Bakıya meydan oxuyan Vardanyan bu tarixdə qandallanacaq - » Yenixeber.org -  Oxu, xəbərin olsun

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a qeyd etdi ki, gələcək addımları müzakirə ediriksə, yolun bağlanması səbəbinə baxmalıyıq: “Bu postdan gediş-gəlişin dayanmasına əsas olan erməni snayperlərin hərbçilərimizə atəş açmasıdır. Azərbaycan Ermənistandan fərqli olaraq, məsuliyyətli dövlətdir və öz ərazisində təhlükəsizlik tədbirləri görməkdədir. Ona görə hazırda lazımi səviyyədə təhlükəsizliyi təmin etmək çətindir. Eyni zamanda biz nəzarət-buraxılış məntəqəsindən keçən mülki ermənilərin, rus hərbçilərin təhlükəsizliyini təminat veririk. O baxımdan yolun bağlanması konkret səbəb var”. Ekspertin sözlərinə görə, Azərbaycan atəş nöqtələrini, bütün istiqamətləri nəzarətə götürdükdən sonra postun açılması mümkündür: “Ermənilər bu vəziyyətdə öz təbliğatını apara bilər. Onsuz da koridor açılır danışırlar, bağlanır yenə ittiham edirlər. Biz öz işimizə fikir verməliyik. Faktiki olaraq, yoldan istifadə real təhlükə deməkdir və Azərbaycan bu səbəbi göstərməklə ermənilərin hiyləgər yalanlarını ifşa edə bilər”. Analitikin fikrincə, bu hadisələr Qarabağ ermənilərinə bir daha dərs olacaq ki, inteqrasiya proseslərinə dəstək versinlər: “Onların Ermənistanla getdikcə zəifləyən əlaqələrinə də təsir göstərəcək. Azərbaycan erməni icmasına iki dəfə Bakıda görüş təklif edib və sonra bəyan edib ki, daha çağırışlar olmayacaq. Artıq ermənilər şərtləri qəbul etməlidirlər, əks halda beynəlxalq qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə suverenliyimizi təmin edəcəyik”.

Ramiyə Məmmədova: “Jrinovski, Zatulin kimilərinin Azərbaycanla bağlı  düşündükləri xülyadır” - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovaya görə, kiminsə nazı ilə oynamırıq: “Postumuza atəş aç, sonra yolu bağlı saxlamağa görə ittiham elə. Özünə hörmət edən heç bir dövlət nəzarət məntəqəsini açıq buraxmaz. Ermənilər hər fürsətdən yararlanmağa adət ediblər. İndi də lap BMT Təhlükəsizlik Şurasına çağırış etsinlər, nə dəyişəcək? Nəzarət postuna terror olub, BMT TŞ-nin daimi üzvləri olan ölkələr fərqli davranmazdılar. Biz hərəkəti səbəbsiz dayandırmamışıq. Ermənistan da, Xankəndidəki təlxək yığını da ağlını başına toplasın. Məncə, yolun bağlı qalması bir müddət lazımdır. Onlar bu dildən anlayırlar. Həyasızlığa baxın ki, yeni açılan nəzarət məntəqəsi atəşə tutulur, sonra ittihamlar yağır. Şuşadakı blok-postumuza da Mirzoyan adlı terrorçu qumbara atmışdı. Yəni bizim ərazimizdir, hər hansı təhdid olacaqsa, ona adekvat addım atılacaq. Qoy Qarabağ erməniləri anlasınlar ki, yol kimin ucbatından bağlanıb. Onlar Ermənistan hakimiyyətinə səslənməlidirlər ki, adam balası kimi sərhəd-buraxılış məntəqəsində yoxlanışdan keçib gediş-gəlirdik, sizin uğursuz təxribata görə yol işləmir. Bu məsələdə bizə beynəlxalq təzyiqlər üçün əsas da yoxdur”. Ekspert, bununla belə, təhlükəsizlik tədbirləri gücləndikdən sonra nəzarət mexanizminin işə düşəcəyini güman edir: “Hər halda, yol həmişəlik bağlanmayacaq. Biz üçtərəfli sənədə əsasən yoldan humanitar məqsədlər üçün istifadəni təmin etməliyik. Amma terrorçular buradan silah, mina daşıya bilməyəcəklər, atəş açacaqlarsa, beş qat artıq bədəlini ödəyəcəklər. Hazırda avtomobillərin hərəkəti dayandırılıb, Rusiya və Ermənistan məsələdən agahdırlar. Onların bizə deməli sözü yoxdur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR