İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürd muxtariyyətinin lideri Bakıya gələcək - Bərzaninin ilk səfəri nə vəd edir?

1475 21.02.2023 09:39 Siyasət A A

Xəbər verildiyi kimi, fevralın 18-də Prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlk Konfransı çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə də görüşüb.

Görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, Azərbaycan rəhbərinin uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb.

İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Bərzani diqqətə çatdırıb ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən İlham Əliyev bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.

Neçirvan Bərzani İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd edib. Azərbaycan Prezidenti öz növbəsində bildirib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.

İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Qeyd edək ki, bu ilk belə səfər olacaq.

Bərzaninin Münhen konfransına ayrıca qatılması da diqqət çəkir. Söhbət həmçinin kürd faktorundan gedir.

Gözlənilən səfərin əhəmiyyəti nədir?

Elxan Şahinoğlu: “Kreml Türkiyə prezidentinin nəbzini yoxlamaq istəyirdi”

Elxan Şahinoğlu: “İraq Kürdüstanı bu prosesdə əhəmiyyətli rol oynayacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın da qardaş Türkiyə kimi İraq Kürdüstanı ilə əlaqələri genişləndirməsinin vacibliyini vurğuladı: “Prezident İlham Əliyevin Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşünün bir neçə baxımdan əhəmiyyəti var. Birincisi, Azərbaycanın strateji müttəfiqi Türkiyənin İraq Kürdüstanı ilə sıx əlaqələri var. Türkiyənin bu bölgədə böyük yatırımları mövcuddur. İraq Kürdüstanı Azərbaycana çox da uzaq olmayan məsafədədir. Türkiyənin maraqlarının mövcud olduğu yerlər isə Azərbaycanın da diqqət mərkəzindədir. Təsadüfi deyil ki, İlham Əliyevin Bərzani ilə görüşündə üçlü əməkdaşlıq formatından danışılıb. Türkiyə kimi Azərbaycanın da İraq Kürdüstanına yatırımlarının həyata keçirilməsi mümkündür. İkincisi, Azərbaycana turist kimi səfər edənlər içərisində İraq vətəndaşları da var və onların bir hissəsi İraq Kürdüstanında yaşayanlardır. Turizm sahəsində də tərəfdaşlığı gücləndirməyə ehtiyac var. Üçüncüsü, İraq Kürdüstanı İranla həmsərhəddir. Biz İrandakı prosesləri diqqətlə izləyir və qonşu ölkədə yaşayan azərbaycanlıların haqları uğrundakı mübarizələrini dəstəkləyirik. İranda azərbaycanlılarla yanaşı digər etnik qrupların nümayəndələri, o cümlədən kürdlər yaşayır. İranda nə zamansa mərkəzdənqaçma meylləri güclənərsə, azərbaycanlılar kimi kürdlər də haqlarını tələb edəcəklər və İraq Kürdüstanı bu prosesdə əhəmiyyətli rol oynayacaq. Ona görə də İrandakı gələcək proseslər baxımından da Azərbaycanın İraq Kürdüstanı ilə təmasları indidən genişləndirməyə ehtiyac var. Türkiyə zamanında məhz ona görə İraq Kürdüstanı ilə sıx əlaqələr qurub ki, həmin bölgədə yaşayan kürdlər PKK və PJAK kimi terrorçu qrupların əlində alət olmasınlar”.

Professor Qabil Hüseynli mərhum qazimizdən danışanda göz yaşlarını saxlaya  bilmədi! "Canlı debat" - YouTube

Qabil Hüseynli: “Həmin qurumun Münhen Təhlükəsizlik Konfransına dəvət edilməsi...”

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu məsələdə kifayət qədər ehtiyatlı olmağın tərəfdarıdır: “İraqın şimalındakı Kürd muxtariyyəti İraqdakı mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək xarici siyasət təşəbbüsləri həyata keçirir. Bununla muxtar status səlahiyyətlərini az qala müstəqil dövlət səviyyəsinə qaldırmaq istəyir. Zənnimcə, bu, İraq mərkəzi hakimiyyət orqanlarının İraq Konstitusiyasının onlara verdiyi hüquqlar deyil. Üstəlik də, həmin qurumun Münhen Təhlükəsizlik Konfransına dəvət edilməsi də, zənnimcə, beynəlxalq hüquq normalarına uyğun gəlmir. Amma hər halda, görünür ki, Azərbaycan Prezidenti həm də Türkiyənin də tövsiyəsi ilə həmin qurumu Türkiyə və Azərbaycan olaraq nəzarətdə saxlamaq üçün onlarla görüşüb. Eyni zamanda Bərzani Azərbaycana səfərə dəvət edilib. Burada da mənfi heç nə yoxdur. Amma onu deyə bilərəm ki, İraqın şimalındakı Kürd muxtariyyəti ilə münasibətlərdə ehtiyatlı olmaq lazımdır. Çünki bu ölkə bölgədə bir sıra hallarda separatçılıq hallarının nümunəsi, daşıyıcısı kimi qəbul olunur. Üstəlik də, onların təkcə Türkiyə ilə bağlı deyil, Azərbaycanla bağlı da müəyyən ərazi iddiaları var. Əlbəttə, ikitərəfli münasibətlər xalqlararası bir sıra mübahisəli məsələləri tam aradan qaldırmasa da, onu müəyyən qədər mülayimləşdirə bilər. Ona görə də ölkə rəhbərinin Bərzani ilə görüşü və danışıqlarının, eyni zamanda ölkəmizə səfərə dəvət edilməsinin, hər halda, müsbət niyyətlərə xidmət edəcəyini düşünürəm. Amma bir daha təkrar etməliyəm ki, bu məsələnin İraq və Türkiyə ilə problem yaradıb-yaratmayacağı barədə ciddi düşünmək lazımdır”.

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı: “Kürd muxtariyyətinin müstəqil olma perspektivi də var”

Siyasi analitik Asif Nərimanlı isə bir çox vacib məqamlara aydınlıq gətirdi. Onun fikrincə, Azərbaycan tərəfi öz maraqlarına uyğun şəkildə addımlar atır: “Bakı ilə Ərbil arasındakı münasibətlərin perspektivi əsasən iqtisadi məsələlərdən ibarətdir, xüsusilə enerji resurslarından söhbət gedir. Vaxtilə Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrinin də enerji resurslarının Avropa bazarına çıxışı eyni layihənin - Nabukkonun tərkib hissəsi idi və burada əsas tranzit Türkiyə olacaqdı. Lakin geosiyasi situasiya buna imkan vermədi, əvəzində Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsini önə sürdülər. Yaxın Şərq coğrafiyasının enerji resurslarının Avropa bazarına çıxarılması yenidən aktuallaşır. Əvvəl mövcud olan marşrutlardan biri Şimali İraqdan başlayaraq, Suriyanın şimalından - Türkiyənin cənubundan keçməklə Aralıq dənizinə çıxış idi. Bu coğrafiyada yaradılması planlaşdırılan "kürd dəhlizi"nin hədəflərindən biri bu idi, lakin Türkiyə Suriyada keçirdiyi əməliyyatlarla “terror dəhlizi” olan marşrutun önünü kəsdi. İndi geosiyasi şərtlər dəyişir və Prezident İlham Əliyev Bərzaniyə Ankara-Bakı-Ərbil müzakirələrinin təşkili ilə bağlı təklifi, Bərzaninin Azərbaycana səfərə dəvəti dəyişən geosiyasi proseslərdə əvvəlki təhlükələrin yaranmasının önünü kəsmək, enerji resurslarının Avropa bazarına çıxışında Bakı-Ankara faktorunun üstün rolunu qorumaq məqsədi daşıyır. Bununla yanaşı, İran ətrafında baş verən proseslər fonunda da bu məqam diqqət çəkir. İranda rejimin dəyişməsi və hərbi müdaxilə ehtimalı gündəmdədir. Belə bir perspektivdə İrandakı kürdlər üzərində Ərbilin rolu artacaq, hətta regionun siyasi xəritəsi dəyişərsə, Kürd Muxtariyyətinin müstəqil olma perspektivi də var. Fikrimcə, rəsmi Bakı gələcək proseslərin mümkün inkişafını öz maraqlarına uyğunlaşdırmaq məqsədilə öncədən addımlar atır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR